27 illik “İnternet Explorer”in mövcudluğu bitir…
“Microsoft” 15 iyundan etibarən “Explorer” üçün dəstəyi dayandırıb.
“Microsoft” şirkəti bir zamanlar dünyanın populyar “Internet Explorer” brauzeri üçün dəstəyini dayandırıb. Bundan sonra brauzerin ən son versiyası olan “Internet Explorer 11” “Windows”un bir sıra versiyalarında dəstəklənməyəcək.
“Microsoft” tərəfindən hazırlanmış “Microsoft Edge” brauzeri 2029-cu ilə qədər “Internet Explorer” rejimini dəstəkləyəcək.
Proqram şirkəti hələ də miqrasiya planı hazırlamaq üçün brauzerdən istifadə edənlərə xəbərdarlıq yazır.
Qeyd edək ki, “Internet Explorer” istifadəçilərə ilk dəfə 1995-ci ildə təqdim edilib. Bir çox insanın internetlə ilk tanışlığı “Explorer” sayəsində olub.
İllər boyunca ən çox istifadə edilən “Explorer” brauzeri 2003-cü ildə dünya üzrə təxminən 95 faiz istifadəçi payı ilə zirvəyə çatmışdı və “Windows” əməliyyat sistemində qurulan bu brauzer bazarın böyük hissəsini tuturdu. Lakin zaman keçdikcə digər brauzerlər populyarlaşdıqca “Internet Explorer” rəqabətdən geri qaldı.
Xatırladaq ki, “Internet Explorer”dən imtina edilməsi barədə rəsmi bəyanat hələ illər öncəsi “Microsoft”un Atlantada keçirilən illik konfransı zamanı korporasiyanın marketinq bölməsinin başçısı Kris Kaposella tərəfindən səsləndirilib.
O zaman Kaposella bildirilmişdi ki, hazırda yeni brend və yeni brauzerin adı üzərində işləyirlər və müştərilər üçün “Explorer”in də saxlanacağını qeyd etmişdi.
Kris Kaposella vurğulamışdı ki, “Microsoft”un yeni brauzeri internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanan “Google” şirkətinin “Chrome” brauzerini xatırladacaq.
Ötən il isə Microsoft şirkəti öz rəsmi bloqunda Internet Explorer brauzerinin dəstəyinin 15 iyun 2022-ci ildə dayandıracağını açıqlamışdı. Bununla belə şirkət onun yüklənməsini qeyri mümkün etməklə yanaşı, həmçinin brauzeri Windows 10-nun bəzi versiyalarının tərkiblərindən də çıxardacağını bildirmişdi.
…Və budur, “Microsoft” şirkəti “Internet Explorer” barədə son hökmünü verdi. Və o tarixin yaddaşında qaldı.
JASMİN