“BMT-nin ötən il açıqladığı reytinqdə isə  Azərbaycanın kibertəhlükəsizlik vəziyyəti yaxşılığa doğru dəyişmişdi və 190 ölkə arasında 40-cı yeri qazanmışdı.”

 Azərbaycan kibertəhlükəsizlik üzrə reytinqdə geriləyərək 85-ci yerdə qərarlaşıb.

 Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex ) növbəti hesabatını açıqlayıb. Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı bu Milli İndeks hər il yenilənir.

 Məsələ ilə bağlı "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də öz fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il Azərbaycanın vəziyyəti pisliyə doğru dəyişib.

“Belə ki, ölkəmiz 37.66 bal toplayaraq 85-ci pillədə qərarlaşıb.

Reytinqi formalaşdırmaq üçün adı çəkilən qurum 150 ölkədə kibertəhlükəsizliklə bağlı aşağıdakı istiqamətlər üzrə araşdırmalar aparıblar :

- Kibertəhlükəszilik sahəsində qanunvericilik;

- Kiberinsidentlər;

- Kiber sahədə təhsil;

- Xidmətlərin dayanıqlığı;

- İdentifikasiya ;

- Fərdi məlumatların qorunması:

- Kiber hücumlara və təhdidlərə qarşı mübarizə;

- Kibercinayətkarlığa qarşı mübarizə və s.”,- deyə Osman Gündüz bildirib.

 Qeyd edək ki, adı çəkilən qurumun açıqladığı reytinqdə ilk yerləri Yunanıstan, Litva, Belçika, Çexiya, Estoniya qazanıb - Ukrayna 24-cü, Rusiya 28-ci, Türkiyə 57-ci, Belarus 61-ci, Gürcüstan 62-ci, Kazaxıstan 70-ci və Ermənistan 90-cı yerlərdə qərarlaşıblar.

 Osman Gündüz  qurumun hazırladığı hesabatdan sitat gətirərək qeyd edib ki,  Azərbaycanda rəqəmsal inkişaf səviyyəsi kibertəhlükəsizlik mühitini xeyli qabaqlayır.

“Xatırladıram ki, digər oxşar bir qlobal reytində - BMT-nin ötən il açıqladığı reytinqdə Azərbaycanın kibertəhlükəsizlik vəziyyəti yaxşılığa doğru dəyişmişdi və 190 ölkə arasında 40-cı yeri qazanmışdı. BMT hələlik cari il üçün kibertəhlükəsizlik reytinqini açıqlamayıb”,- deyib.

O, vurğulayıb ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-nin Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, DİN cavabdehdir.

Həmçinin sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.

“Komissiyaya, hələlik Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis əvəzi vəzifəsini icra edən general Mürsəl Vəliyev rəhbərlik edir.

Xatırladıram ki, Prezidentin müvafiq fərmanı ilə 4 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək qəbul edilməyib”, - deyə bildirib.

***

Qeyd edək ki, bir neçə ay öncə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində çıxış edərkən bildirib ki,  Azərbaycan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının uzun müddət üzərində çalışdığı 2022-2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya artıq hazırdır və yaxın zamanda onun qəbulu gözlənilir.

Və o vurğulayıb ki,  bu strategiya çərçivəsində Azərbaycan informasiya təhlükəsizliyi sahəsində də regionun və dünyanın aparıcı dövlətlərindən biri olacaq.

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN