Regionlarda sürətli qatarlar yoxdur, hava limanlarının hamısı işləmir, yaxud az sayda reys qəbul edir…
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycanda turizmçiliyin inkişafına əngəl olan səbəblərdən danışıb.
Sədrin sözlərinə görə, turistlər istirahət zonalarına getmək üçün avtomobillə 3 saatdan çox yol getmək istəmirlər, lakin sürətli qatarların olmaması və hava limanlarının çoxunun çalışmaması səbəbindən onlara daha komfortlu səyahət təşkil edə bilmirlər.
“Apardığımız sorğular göstərir ki, turistlər avtomobillə, avtobusla 3 saatdan çox yol getmək istəmirlər. Ucqar rayonlarımız turizm baxımından cəlbedici olsa da, turistlər yolun uzaqlığına görə həmin yerlərə səfərdən imtina edirlər. Sürətli qatarların olması regionlara turistlərin cəlbinə böyük təkan verər. Digər tərəfdən, regionlardakı hava limanlarının hamısı işləmir. Məsələn, Zaqatalada hava limanı olsa da, illərdir ki, fəaliyyət göstərmir. Qəbələ hava limanı isə çox az sayda reys qəbul edir”, - deyə bildirib.
Göydəniz Qəhrəmanov vurğulayıb ki, ölkəmizdə turist sayının daha çox olmasını istəyiriksə, sürətli qatarların, hava limanlarının fəaliyyətinə yenidən baxılmalıdır.
Xatırladaq ki, ölkəmiz xarici ölkələrdən gələn turist sayına görə yaxın qonşumuz olan Gürcüstandan dəfələrlə geri qalır.
Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 4 ayında xaricdən Azərbaycana cəmi 220 min turist gəlib.
Turistlərin 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalıb, 32,5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil edir.
Narazı qaldıqları sahələr isə nəqliyyat (sərnişin daşıma: metro, taksi, avtobus), yerləşmə, restoranlardakı xidmət və bələdçi xidməti olub.
Qeyd edək ki, iyul ayında Gürcüstan beynəlxalq turizmdən 476,1 milyon dollar qazanıb ki, bu da yeni rekorddur.
2017-ci ildə isə Gürcüstan 3,5 milyon turist qəbul edib və ölkə turizmdən 2,8 milyard gəlir əldə etmişdi.
JASMİN