Bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin ən parlaq ulduzlarından birinin, teatr və kino sahəsinin böyük bir epoxasının sonuncu magikanlarından sayılan Xalq artisti Ramiz Məlikin bu dünya ilə vidalaşmasından düz bir il ötür.
O Ramiz Məlik ki, onun potensialından kino sahəsində nədənsə o qədər də istifadə olunmadı. Bundan həm rejissorlar, ssenaristlər, həm də kinomuz çox şey itirdi... Onu filmlərində görməyi arzulayan bir çox rejissor isə gecikdi... Özünün söylədiyi kimi “qayınana, qayın, baldız mövzulu” bayağı seriallara çəkilməkdənsə həmişə imtina etdi.
Bənzərsiz səs tembrinə, fitri istedada, aktyorluq sənəti üçün əsas şərtlərdən biri olan görünüşə sahib olan aktyor, teatr və kino sahəsində yaratdığı obrazlara canı ilə qanı ilə həyat bəxş edirdi. Eyni zamanda, qüsursuz nitqə, diksiyaya malik olan böyük sənətkar, dublyaj sahəsində də əvəzolunmaz və peşəkar aktyorlardan idi. Onun səsləndirdiyi personajların diksiyası da sanki səsinə, özünə biçilmişdi - fərqləndirmək mümkünsüz idi: saxta və quru deyildi, tamaşaçını aldatmırdı, bəlkə də daha yaxşı idi.
***
4 avqust 1943-cü ildə Bakı şəhərində anadan olan Ramiz Ağarza oğlu Məlikov (Məlik) 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Böyük sənətkarlardan: Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. Ali məktəbi bitirdiyi ildən – 24 yaşından etibarən Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb və ömrünün sonunadək həmin teatrda çalışıb.
Ramiz Məlik aktyorluqla yanaşı, rejissor Tofiq Kazımovun quruluş verdiyi "Yastı təpə", Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi də çalışıb. O, Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında da rol alıb. Teatr səhnəsində çoxlu sayda obrazları canlandırıb:
«Hamlet»də Marsel, «Od gəlini»ndə Aqşin, «Almaz»da Barat, «Mahnı dağlarda qaldı»da Leytenanat, «Sevgililərin cəhənnəmdə vüsalı»nda Mayis, «Yastı təpə»də Teymur, «Yad adam»da Valter, «İblis»də Arif, «Dəfn edilməmiş ölülər»də Jan, «Atabəylər»də Toğrul, «Kölgələrin oyunu»nda Antoni, «Gecə döyülən qapılar»da Katib, «Özümüzü kəsən qılınc»da Dulu Xaqan, «Kəllə»də Vilyams, «Ölüləri qəbiristanlıqda basdırın»da Qaçaq Süleyman, “Tələ”də Mayor Metkaf və s.
Ramiz Məlik kino sahəsində də 40-dan çox rol oynayıb. Onun həm teatr, həm də kino sahəsində həyat verdiyi obrazlar isə bir-birindən fərqli, müxtəlif dövrlərin qəhrəmanları, müxtəlif xarakterlər olub. Böyük sənətkar isə, hətta epizodik rolları da elə canlandırıb ki, həmin səhnələr yaddaşlarda silinməz iz buraxıb.
Teatr və kino sahəsindəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilən aktyor, 1984-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1998-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub. Həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunan Ramiz Məlik, Prezident təqaüdçüsü olmuşdur.
Ötən il - 2023-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Böyük sənətkar, gözəl ailə başçısı, ata və baba olan Ramiz Məlik ötən il dekabrın 14-də soyuq və yağışlı payız günündə gözlərini əbədi olaraq yumdu.
Kimsədən şikayət etmədən, kimsədən ummadan – küsmədən, ağrılarını, xəstəliyinin şiddətini büruzə vermədən... sevənlərinin yaddaşına elə əzəmətli, vüqarlı görünüşü, ağayana duruşu ilə həkk olunaraq getdi... Gedişi ilə teatr və kino sahəsinə ən ağır itkilərdən birini yaşatdı.
Yasəmən Məmmədli
P.S. Ramiz Məlik “Təzadlar” qəzeti redaksiyasının vaxtaşırı qonağı olardı. Dəfələrlə ağır əməliyyatlar keçirən Xalq artisti heç zaman səhhətindən şikayət etməzdi. Onun dünyanın ən ağır bəlasına çevrilmiş xəstəliyə mübtəla olmasını da mətbuata sızmış xəbərdən öyrəndik. Həyat yoldaşı Tamilla xanım sənətkarla son dəfə telefonla əlaqə saxlamağımıza şərait yaratdı. Çünki Ramiz Məlik heç zaman bizə müsahibə verməkdən imtina etməzdi. Bu dəfə də qulaqları cingildədən səsi ilə hal-əhval tutdu, nikbin və ümidli danışdı, yeni yaradılmış internet TV-mizə yaxın günlərdə müsahibə verəcəyini də bildirdi... O isə son saatlarını, anlarını yaşayırmış və yəqin ki, bunu, iliklərinədək işləyən ağrılarlarla mübarizə apardığından çox yaxşı bilirdi, amma yenə də bizi düşündü: halından şikayət etmədən, heç kəsdən gileylənmədən, xəstəliyi səbəbindən çarəsiz durumda qaldığını söyləmədən bizə böyük bir ümid verdi - xəstəliyi ümidsiz olan Sənətkar!
Ruhuna böyük hörtmət və sayqılarla!