Böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir,
bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, özlərinin nəzarətində olan media qurumları vasitəsilə hədəfdə olan ölkəyə qarşı yalan və iftira dolu, birtərəfli mövqeyi əks etdirən yazılar hazırlayıb, proksi medialarda, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində dünya üzrə kütləvi şəkildə yayırlar.
Qeyd olunub ki, COP29-a ev sahibliyi yekdilliklə Azərbaycana verildikdən dərhal sonra beynəlxalq mediada ardıcıllıqla bir neçə irad üzrə kampaniya başladıldı. Hesabat müəllifləri vurğulayıblar ki, ortaya atılan birinci irad BMT-nin iqlim konfransına nə üçün neft ölkəsi ev sahibliyi etməlidir oldu. Dünyanın aparıcı media qurumları bu mövzunu manşetlərinə çıxarıblar, mövzu ətrafında güclü ajiotaj yaradıblar:
“Sanki Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü deyil, başqa bir planetdə yerləşir və bu tədbiri keçirməyə haqqı çatmır. Məlumat üçün deməliyik ki, 1995-ci ildə keçirilən ilk COP-dan bəri ev sahibliyi edən ölkələrdən bir-ikisini çıxmaq şərti ilə, qalanları qalıq yanacaq istehsalçılarıdır. Yəni bununla bağlı Azərbaycanı ittiham etmək ən azı riyakarlıq hesab oluna bilər”.
Hesabatda qeyd olunub ki, növbəti irad isə vaxtilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifə tutmuş şəxsin COP29-a rəhbər gətirilməsi məsələsi idi:
“Halbuki, Muxtar Babayev 5 ildən çox idi ekologiya və təbii sərvətlər naziri vəzifəsində işləyirdi, SOCAR-da isə ekologiya məsələləri üzrə məsul vəzifələrdə çalışmışdı. Bu arqument də əsassız olduğu üçün heç bir nəticə vermədi”.
Hesabatda vurğulanıb ki, COP29-a hüququnu Azərbaycana verən 197 ölkə və Avropa İttifaqı əleyhinə heç bir fikir səsləndirilməyib:
“Bəzi qüvvələr tərəfindən COP29-la bağlı yaradılan Təşkilat Komitəsində qadınların olmaması məsələsi ortaya atıldı, lakin bu məsələ də öz həllini tapandan sonra yeni bəhanə tapa bilmədikləri üçün köhnə, lakin “işlək” mövzu olan, iqlim konfransı ilə heç bir əlaqəsi olmayan insan hüquqları məsələsini, xüsusən də Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin mühakiməsiz azad edilməsi və Ermənistanla sülh məsələlərini gündəmə gətirdilər. Bu günədək də əsasən sonuncu qeyd olunan mövzularda geniş kampaniya aparılır”.
Milli Məclisinin hazırladığı hesabat zamanı müəyyən edilib ki, ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb.