2026-cı ilə qədər Azərbaycan sərhədində hava da daxil olmaqla əlavə 8 buraxılış məntəqəsinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Valentin İvanov 1-ci Qafqaz İnvestisiya Sərgisi-2023 çərçivəsində Dağıstandan keçən “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı da daxil olmaqla, nəqliyyat-logistika kompleksinin və transsərhəd əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edildiyi dəyirmi masada çıxış edərkən deyib.
Nazir müavininin sözlərinə görə, kompleksin inkişafı üçün ümumilikdə 100 milyard rubldan (1,254 milyard dollar – red.) çox vəsait nəzərdə tutulub.
“Nəqliyyat infrastrukturu məsələlərinin ayrıca bloku qonşularımızla, ilk növbədə Gürcüstan və Azərbaycanla keçid məntəqələrinin inkişafıdır. Ümumiyyətlə, federal dairədə 14 nəzarət-buraxılış məntəqəmiz var. Onlardan 11-nin modernləşdirilməsi proqramlarımızda nəzərdə tutulub. Sərhədin Rusiya-Azərbaycan hissəsində biz “Yaraq-Qazmalar”ın birinci mərhələsinin yenidən qurulmasını başa çatdırdıq. Ötən il “Novo-Filya” keçid məntəqələri gecə-gündüz fəaliyyətə başlayıb. “Tagirkent-Qazmalar” keçid məntəqəsində nəqliyyatın hərəkəti açılıb. Ümumilikdə, 2021-ci ildən Azərbaycanla sərhədimizin keçirmə qabiliyyəti 4 dəfədən çox artaraq gündəlik 400 yük avtomobilindən bu gün 1700-ə yüksəlib”, - İvanov bildirib.
Nazir müavini Azərbaycanla sərhəddə yeni “Samur” dəmir yolu stansiyasının tikintisi və eyni zamanda, yeni “Dərbənd” dəmir yolu keçid məntəqəsinin tikintisi planlarını da xatırladıb.
“Burada maliyyələşdirmənin ümumi məbləği təxminən 10 milyard rubl (125,4 milyon dollar – red.) təşkil edir. Bu, dəmir yolu şəbəkəsinin ötürmə qabiliyyətini 1,5-2 dəfə artırmağa imkan verəcək”, - deyə V.İvanov bildirib.
TEZADLAR.AZ