Artıq Özbəkistan və Azərbaycan vətəndaşları 15 günə qədər müvəqqəti qeydiyyat olmadan bir-birlərinin ölkələrinə gedə bilərlər.
TEZADLAR.AZ Özbəkistan KİV-nə istinadən xəbər verir ki, Özbəkistan və Azərbaycan vətəndaşlarının ölkədə qeydiyyatsız qalma müddəti 15 günə qədər artırılıb.
Bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında” 1997-ci il 18 iyun tarixli hökumətlərarası sazişlə iki ölkə vətəndaşlarının ölkəyə gəlməsi, qalma və ölkədən getməsi qaydasına dəyişikliklər edilib.
“Bu sənəd Özbəkistan və Azərbaycan ərazilərinə icazə almadan və müvafiq dövlət orqanlarında müvəqqəti qeydiyyatdan keçmədən 15 gün müddətində giriş-çıxış, tranzit keçmə və qalmanın yeni qaydasını müəyyən edir”, - deyə məlumatda bildirilir.
Əvvəllər Özbəkistanda bu müddət 5 günü keçmirdi , Azərbaycanda isə bu müddət 10 gün idi.
Özbəkistanla Azərbaycan arasında vizasız rejim yaradılıb: Özbəkistan vətəndaşları üçün Azərbaycanda - ölkəyə gələrkən 90 gündən, Özbəkistandakı azərbaycanlılar üçün - 30 gündən çox olmayaraq.
JASMİN