Prokuror Misir Qasımlını Qarabağda ermənilərə qarşı döyüşdüyü üçün “təhlükəli” adlandırıb...
***
Misir Qasımlı: "Prokuror deyir ki, Misir Qasımlı Qarabağda döyüşüb, o təhlükəlidir. Mən öz vətənim üçün döyüşmüşəm, Vətən üçün döyüşənlər təhlükəli olur, yoxsa qəhrəman? Onda belə çıxır ki, indi öz vətəni üçün döyüşən ukraynalılar da təhlükəlidirlər? Hakimlər də gəlib məhkəmədə susub otururlar. Heç nə deyə bilmirlər. Çünki onlar da bilirlər ki, mən haqlıyam".
Həmyerlimiz Misir Qasımlının Ukraynada başına gətirilənlər barədə millət vəkili Razi Nurullayev fikirlərini bildirib.
O, qeyd edib ki, Parlamentdə gündəlik məsələdə Ukraynada həbsdə olan Misir Qasımlı haqqında danışmaq istəyirdim, amma çıxışa yazıla bilmədim (Deputat həmkarım Məlahət İbrahimqızı bu barədə çıxış etdi və elə mən deyəcəyim məsələləri dedi).
Razi Nurullayev “Ümid etmək istəyirəm ki, Misir Qasımlı tezliklə azadlığına qovuşacaq" sözlərini əlavə edərək çıxışını paylaşıb:
“...Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı haqqında danışmaq istəyirəm. Bir ildən çoxdur ki, onu həbsdə saxlayırlar. Əllərində ciddi bir sübut da yoxdur. Misir Qasımlı erməni əsilli İspaniya vətəndaşı tərəfindən şərlənib. Misir Rusiyada yaşayıb, İkinci Qarabağ müharibəsi başlayanda o, Bakıya gələrək, könüllü olaraq döyüşlərə qatılıb.
Müharibədən sonra Ukraynaya gedib. 2021-ci ilin iyunun 8-i axşam saatlarında restoranda ad günü qeyd ediblər. Erməni əsilli şəxslə də burada tanış olub. Səhəri gün, yəni iyunun 9-da həmin adamın bıçaqlanma şikayəti əsasında Misir və dostu Sübhan da polis tərəfindən saxlanılıb. Sonradan məlum olub ki, şikayətçi milliyətcə erməni imiş. Şikayət edən şəxs M.Qasımlı bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıdıb və heç bir məhkəmə prosesində iştirak etməyib. Qarşı tərəfin vəkilinin də erməni olmasını demək yerinə düşər.
Misir Qasımlı Kiyev Apelyasiya Məhkəməsində çıxış edərkən deyib ki, “2-3 nəfəri öldürən adamı azadlığa buraxırlar, amma mənim heç bir günahım olmadığı halda məni buraxmırlar. İkinci Qarabağ müharibəsində döyüşdüyümə görə ermənilər mənim başıma pul qoyublar. Bu erməni "Telegram" kanallarında da var. Mən beynəlxaq insan haqları təşkilatlarına, eyni zamanda Azərbaycanda, Ukraynada fəaliyyət göstərən təşkilatlara müraciət edirəm ki, bu işə diqqətlə yanaşsınlar. Çünki mənim həbsim sifarişlidir, siyasi məsələdir”.
O, ittiham tərəfinin qərəzli olduğunu, məhkəmənin isə haqsızlığa göz yumduğunu deyib: "Prokuror deyir ki, Misir Qasımlı Qarabağda döyüşüb, o təhlükəlidir. Mən öz vətənim üçün döyüşmüşəm, Vətən üçün döyüşənlər təhlükəli olur, yoxsa qəhrəman? Onda belə çıxır ki, indi öz vətəni üçün döyüşən ukraynalılar da təhlükəlidirlər? Hakimlər də gəlib məhkəmədə susub otururlar. Heç nə deyə bilmirlər. Çünki onlar da bilirlər ki, mən haqlıyam"”, -deyə millət vəkili bildirib.
Daha sonra, millət vəkili vurğulayıb ki, deputat həmkarı Rüfət Quliyev də həmin məsələdən xəbərdardır və müəyyən işlər görür.
O, həmçinin bu məsələdə Misir Qasımlıya bütün mümkün köməkliklərin göstərilməsi üçün də çağırış edib.
Elə biz də ümid edirik ki, dost ölkə hesab etidyimiz və ağır günlərində dövlətimizin humanitar dəstəyini əsirgəmədiyi Ukrayna dövlətinin məhkəməsində də həmyerlimizə qarşı ədalətli mövqe sərgilənəcək və onun əleyhinə səsləndirilən ermənipərəst iddiadan əl çəkiləcək.
JASMİN