"Müsəlman qardaşından din öyrənən və ya xaricdə təhsil alanlar xain və ajan olur?"

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Xəzər Tv-nin Gürcüstanda dini vəziyyətlə bağlı hazırladığı veriliş haqda etiraz bəyanatı yayıb.

TEZADLAR.AZ xəbər verir ki, bəyanatda Xəzər televiziyasının hazırladığı reportajın Gürcüstanda yaşayan azərbaycanlıların incikliyinə səbəb olduğu bildirilir. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər, bu kimi addımlarla bağlı Azərbaycan tərəfinə müraciət edərək ölçü götürülməsinin intizarında olduqlarını qeyd ediblər.

 Bəyanatda deyilir:

“Son zamanlar Azərbaycanın bəzi kanallarında Cəfəri məzhəbinə, Əhlibeyt inancına və İslamın öndər şəxsiyyətlərinə qarşı təhqirlərin, fitnələrin və məsuliyyətsiz sözlərin şahidi oluruq. Televiziya aparıcıları və müxbirləri ilə yanaşı bəzən özlərini dini biləndər hesab edən milli məclis nümayəndələri də belə yanlışlıqlara, səhvlərə yol verir. Azərbaycan Dövlətinin mövqeyini əks etdirməsə də, lakin belə hallar inanclı soydaşlar arasında incikliyə və küskünlüyə səbəb olur. Ona görə də belə halların təkrarlanmaması üçün, Azərbaycan dövlətindən bununla bağlı müəyyən ölçü götürülməsi intizar olunur. Təəssüflə qeyd edim ki, bir neçə gün öncə sifarişli Gürcüstana gələn Xəzər TV-nin müxbiri çirkin məqsədini həyata keçirmək üçün müsahibə götürdüyü şəxsləri mövzu haqda aldatmışdır. Müsahibə alarkən də qeyri peşəkar müdaxilələr etməklə çirkin niyyətini ortaya qoymuşdur. Verliş hazırlananda da sanki Gürcüstan Azərbaycanlılarının inanclı insanlarına və onların böyük hissəsinin məzhəbinə qarşı nifrətdolu düşmən mövqeyi sərgiləmişdir. Verliş bəsit və birtərəfli yanaşması ilə də TV-nin hansı bacarığa, səviyyəyə malik və çirkin məqsədə sahib olduğunu da açıq şəkildə ortaya qoymuşdur. Onlar dini bilgisi olmayan və ictimaiyyətin dini durumundan məlumatsız olan seçib bəzi şəxsləri danışdırmaqla tez-tez təkrar etdikləri Şiə məzhəbinə qarşı olan nifrətlərini gizlədə bilməmişlər. Azərbaycan xalqına qarşı bölücü, fitnəkar və sərsəm fikir səsləndirən bu keçmişi məlum olan kanal bir dəfə də olsun Qarabağ müharibəsi zamanı aşağılayaraq yad hesab etdiyi buradakı həmin ruhani və inanclı insanların haqqında verliş çəkməyibdir. Onların tərəfindən təşkil edilən Azərbaycanın haqlı davasına dəstək aksiyaları, xətm məclisləri, cümə xütbələri, mərasimlərdə etdiyi duaları, çıxışları, statusları və ehsanları kanallarında işıqlandırmamışdır. Buradakı həmin inanclı azərbaycanlıların da Azərbaycanın uğurlu şad günündə sevinib, kədərli günündə qəmləndiyini görsəydilər bəlkə də bu gün utanc hissi keçirərdilər. Onlara və bəzi quru millətçilik şousu göstərənlərə demək istəyirik ki, sovetlər dağıldıqdan sonra Azərbaycanda olduğu kimi buradakı müsəlmanların da dini sahədə ehtiyacını nəzərə alaraq onlara təbliğ və təlim vermək üçün İran İslam Respublikasından və Türkiyə Cümhuriyyətindən din xadimləri gəlib. Öz dini inancından uzaq düşən, heç bir dini kadrı və materialı olmayan müsəlmanlara dinlərini öyrənmələrinə yardımçı olublar. Bu gün Gürcüstanda olduğu kimi elə Azərbaycanda da dini təhsil alan ruhanilərin böyük əksəriyyətinin də maariflənməsi elə o iki dövlətdən birindən və ya onların dəstəyi ilə təşkil olunan dini təhsil ocaqlarından olub. Bu inkar olunmaz faktdır. Onlar kimilərinin sözündən belə çıxır ki, müsəlman qardaşından din öyrənən və ya xaricdə təhsil alanlar xain və ajan olur? O zaman qərb ölkələrinə təhsil alanlar nədən dövlət sturukturalarında vəzifəyə təyin olunurlar? Nə üçün onlara güvənilir? Onu da bilmək lazımdır ki, bir ölkəyə simpatiya olarsa da bu onların adamı olmaq anlamına gəlmir. Bir müsəlman Qurani-Kərimin tapşırığı ilə ümmətsevər olursa, ərəbçi, irançı, türkçü və s. çi olmuş olmur. Nədən siyasətə qarışmasını iyrənc hesab etdiyiniz ruhanilərdən bəzən siyasətə müdaxilə etmələri istənilir? Nədən Aşura mərasimi keçirmək, hicablı olmaq qəbahətli bir iş kimi göstərilir və həm də İrana aid edilir? Kanal bu kimi məsuliyyətsiz verlişlərlə nə qazanıb, nə itirdiyinin fərqinə varırmı? Sonda demək istəyirik ki, biz bütün müsəlmanların qardaş olmasını, gərginliyin aradan qalxmasını, sülh və barış ortamında yaşamasını istəyirik. Biz din adamı olaraq radikal dini cərəyanların, ekstremizmin əleyhinəyik. Biz məzhəblərin birgə vəhdət şəkilində olması üçün çalışırıq”, - deyə bəyanatda qeyd edilib.

24News.ge

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN