Mətbəximiz dünyanın ən yaxşı mətbəxlərinin reytinq siyahısında 77-ci yer tutub.
TasteAtlas xidməti dünyanın 100 ən yaxşı mətbəxinin növbəti reytinqini dərc edib.
Siyahı xidmət istifadəçilərinin 395 mindən çox yemək qiymətləndirməsi və 115 mindən çox qida məhsullarının reytinqi əsasında tərtib edilib.
Birinci yerdə pizzanın vətəni olan İtaliya qərarlaşıb. Yaponiya ikinci, Yunanıstan isə üçüncü olub. İlk onluğa Portuqaliya, Çin, İndoneziya, Meksika, Fransa, İspaniya və Peru daxil olub.
Qardaş Türkiyə reytinqin 15-si (qaymaq, Antep fıstığı, Afyon kolbasası, Aydın ənciri, motal pendiri ilə), İran isə 23-cü olub.
Keçmiş sovet respublikalarından - Gürcüstan 26-cı, Rusiya 41-ci, Ukrayna 53-cü, Ermənistan 69-cu (qeyd edək ki, Ermənistan bu siyahıda nar, ərik, çeçil, lori və matsoni ilə yer qazanıb...), Belarus 71-ci, Moldova 72-ci, Özbəkistan 76-cı, Azərbaycan 77-ci, Qazaxıstan 90-cı, Qırğızıstan isə 92-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan siyahıdakı yerini Abşeron zəfəranı, qutabı, Şah plovu, narşərabı və buğlaması ilə qazanıb.
Onu da əlavə edək ki, (hazırda qanlı müharibənin getdiyi) İsrail və Fələstin mətbəxləri ardıcıl yerlərdə qərarlaşıblar – İsrail 62-ci, Fələstin isə 63-ci...
P.S. Arzu edərdik ki, mətbəximiz dünya mətbəxlərinin reytinq siyahısında ilk üçlüyə düşsün. Çünki o buna layiqdir və dünya mətbəxləri sırasında öndə getdiyini dəfələrlə beynəlxalq mətbəx müsabiqələrindən, yarışmalarından almış olduğu mükafatlarla, medallarla sübut edib.
Xatırladaq ki, Azərbaycanın UNESCO-nun Ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilən 23 elementdən 2-si yeməklə bağlıdır: lavaş (2016) və dolma (2017).
Y.MƏMMƏDLİ