"Məsələ ondadır ki, Ucar rayon rəhbərliyi də bu problemin həll edilməsində acizdir"

Ucar rayonunun Alpout kənd sakinləri Abdullayev Tofiq Səftər oğlu, Cəlilov Sabir Abıl oğlu və Məmmədov Məhəmməd İdris oğlu redaksiyamıza şikayət məktubu göndəriblər.

Sakinlər rayonun bələdiyyə sədri Maarif İsmayılovun qanunsuz əməllərindən əziyyət çəkdiklərini bildirirlər. Şikayətçilər yazır ki, bələdiyyə sədri Maarif İsmayılov ümumi istifadədə olan su kanallarının ətrafını vətəndaşlara qanunsuz satdığı üçün kənd sakinləri sudan istifadə edə bilmir: "Çünki bələdiyyə sədrindən su kanalının mühafizə zolağını pul verib alan həmin şəxslər oranın ətrafını bağlayıblar. Hətta ərazidə su üstündə tez-tez mübahisələr, dava-dalaş baş verir. Əslində, bələdiyyə sədrinin bu qanunsuz hərəkətləri cinayət əməlidir. Məsələ ondadır ki, Ucar rayon rəhbərliyi də bu problemin həll edilməsində acizdir.

Su kanalının mühafizə zolağını ayrı-ayrı adamlara qanunsuz satdığı üçün onların yanında gözükölgəli olan bələdiyyə sədri hadisə yerində çərçivənin sökülməsini tələb edən vətəndaşların üstünə qışqırıb, onları təhqir edir.

Bələdiyyə sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti bununla bitmir. O, kəndi orta əsrlərdən qalma feodal idarəetmə üsulu ilə idarə edib, heç bir sənədləşmə aparmadan hektarlarla torpaqları rüşvət hesabına ayrı-ayrı şəxslərin istifadəsinə verib.

Buna görə Alpout kəndində torpaqdan qanunsuz istifadə halları çoxdur. Hətta bələdiyyə sədri Maarif İsmayılov özünə məxsus 5000 baş qoyun fermasına görə 1000 hektardan çox torpaq sahəsini qanunsuz istifadə edir.

Aidiyyəti qurumlardan xahiş edirik ki, Ucar rayon Alpout bələdiyyəsinin sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti təftiş edilsin və onun barəsində müvafiq tədbirlər görülsün".

Şikayətlə bağlı münasibət öyrənmək üçün Alpout bələdiyyəsinin sədri Maarif İsmayılovla əlaqə yaratmaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəf kimi adı çəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN