Xəbər verdiyimiz kimi, hal-hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.

İstintaq materiallarından əldə edilən məlumata görə, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu bildiri: “2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.

Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospketi 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.

V.Səfərli onu da bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi “Azərmətbuatyayımı” ASC ilə bağlayıb: “Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

Xatırladaq ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi avqustun 5-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılıb. Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov '"Altun" restoranın direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub. Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Məlumata görə, restoran icarədarlarının və vəzifəli şəxslərin istintaqa cəlb edilməsinin səbəbi onların KİVDF rəhbərliyi ilə əlbir olaraq tədbirlərin orada keçirilməsində, büdcədən ayrılan vəsaitlərin ələ keçirilməsində ittiham olunurlar.

Məhkəmədə zərərçəkmiş tərəf olan Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edib. Təqsirləndirilən Şahin İbrahimovun vəkili prosesdə iştirak ümrədiyi üçün məhkəmənin hazırlıq iclası təxirə salınıb.

İttihama görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN