“Paşa Holdinq”ə daxil olan firmalardan birinin İran vətəndaşı olan Cavid adlı rəhbəri çox hörmətli Arif Paşayevin adından məhkəmələrə təzyiq göstərərək qanunlarımızın pozulmasına bais olur...

Azərbaycan  Ali Məhkəməsinin hakimi Gündüz Quliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova, Səbail Rayon Məhkəməsinin hakimləri Şahin Abdullayev və Rəna Qafarova niyə qanunları yox, ərinə xəyanət edən qadının tələb və arzularını qoruyur???

 Azərbaycanda ailəyə həmişə çox yüksək dəyər verilir. Ailə müqəddəsliyinin qorunub saxlanılması hər bir ailə üçün böyük önəm daşıyır. Ancaq bununla belə, rəsmi statistik rəqəmlər də göstərir ki, boşanmaların sayı getdikcə artır. Məsələn, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 30289 nikaha daxilolma və 9692 boşanma halları qeydə alınıb. Bu rəqəmlərdən görünür ki, hər üç evlənən ailədən biri boşanma ilə nəticələnir və bu proses  getdikcə artmaqdadır. Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata görə, Azərbaycanda əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5 faizdən 5,2-yə, boşanmaların sayı isə 1,4-dən, 1,7 faizə qədər artıb...  Boşanan zaman isə ailələrdə çox zaman ciddi problemlər yaşanır. Düzdür, Azərbaycanda xarici ölkələrdə olduğu kimi, nikaha daxil olanda rəsmi müqavilə bağlanmır. Bir tərəfdən müqavilə bağlanması çox yaxşı haldır. Hətta o müqavilələrdə  görürük ki, xəyanət haqqında xüsusi bənd var. Ər və ya arvaddan hər hansı birinin xəyanəti sübut olunarsa, onda boşanan zaman həmin adama heç bir mal, mülk, təzminat düşmür.

***

Ancaq bizdə belə bir müqavilə olmadığından boşanmalar bəzən səs-küylü, qalmaqallı, dava-dalaşla başa çatır. Boşanma zamanı belə qalmaqala rast gələn cütlüklərdən biri də Bayıl qəsəbəsi, İsrail Məmmədov küçəsi, ev 24-də  yaşayan Hicran Quliyevdir. Əgər sözü gedən müqavilə olsaydı, bu gün etdiyi xəyanətə görə sabiq həyat yoldaşı Aynur Quliyevanın heç bir təzminat istəməyə hüquqi haqqı olmazdı. 

 Məhkəmə hakimləri tərəfindən başına açılan müsibətlərə yardımçı olmağımız məqsədi ilə redaksiyamıza müraciət edən Hicran Quliyevi dinlədikcə, xeyli təəssüflənirik ki, bizim belə xanımlarımız da var. Yox elə düşünməyin ki, qadınların xəyanəti birinci dəfədir. Söhbət bunda deyil. Söhbət hətta Aynur xanımın ərinə etdiyi xəyanəti məhkəmədə açıq etiraf etməsində də deyil. Məsələ, boşanandan sonra Aynur xanımın  şər atıb, Hicranı böyük ziyana salmaq istəyinə düşməsindədir. Xəyanətə görə ayrılmaq adi haldır. Amma bu zaman mənəviyyatını və insanlığını qorumaq böyük hünər tələb edir.

 Oğru elə qışqırdı doğru bucağa qısıldı...

 Yaxşı olar ki, indi Hicran Quliyevin özünü dinləyək: “...Mən yoldaşımın xəyanətindən şübhələnmişdim və nəhayət, bunu sübut etdim. Təbii ki, bundan sonra bir yerdə yaşamağımız mümkün deyildi. Baxmayaraq ata-anası təkid edirdi ki, boşansaq da, uşaqlara görə bir evdə yaşayaq. Əlbəttə, mən bu ləkəni üstümə götürüb, bir evdə belə bir xanımla yaşaya bilməzdim. Çox təəssüf ki, boşanma zamanı ilkin məhkəmə iclasında hakim Rəna Qafarovaya keçmiş olacaq həyat yoldaşım açıq şəkildə etiraf etdi ki, öz həyatında qeyri-qanuni də olsa, sevdiyi və görüşdüyü şəxs olub. Mən isə məhkəmədən bizim nikahın məhz xəyanətə görə ləğv olunmasını xahiş etdim. Lakin qərarda xarakterin uyğun gəlmədiyi yazıldı. Boşandıqdan bir il sonra, 2020-ci il sentyabrın 24-də mənim iştirakım olmadan Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev, heç bir əsas olmadan keçmiş həyat yoldaşıma 15 min manat verməyim haqqında qərar çıxarmışdır. 2020-ci il dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova keçmiş həyat yoldaşımı yalnız Allaha and içməsinə görə, Səbail Rayon Məhkəməsinin çıxardığı hökmü heç bir əsas olmadan qüvvədə saxladı. Onu da diqqətə çatdırım ki, mən ticarət adamıyam. Özümə görə dolanışığım pis deyil. Ona görə də hər birimizin adına ayrılıqda “Ata Bank”a 15 min manat pul qoymuşdum. Boşanmadan 3 ay əvvəl ikimiz də birlikdə gedib bankdan pulu çıxarmışıq. Həmin anda yoldaşımın şəxsiyyət vəsiqəsi üstündə olmadığından etibarnamə ilə pulu mən alıb, elə oradaca özünə vermişəm. Qolu da özü çəkib. Ancaq boşanandan sonra Aynur məhkəməyə müraciət edib ki, yaşadığımız dövrdə birgə qazandığımız 15 min manat pulu guya o mənə verib və həmin pulu tələb edir. Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə 24 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında mənim əleyhimə qərar çıxarılıb ki, mən 15 min manatı Aynur Quliyevaya verməliyəm. Bu, çox böyük bir haqsızlıq idi. Təbii ki, mən Apellyasiya Məhkəməsinə şikayət verdim. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Xumar Mərdanovanın sədrliyi, hakimlər E.M.Həsənov və F.F.Babayevin iştirakı ilə 01 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında qəbul edilən qətnamə ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mən son ümid yeri kimi Ali Məhkəməyə güvənirdim. Çox təəssüf ki, Ali Məhkəmə də bu ədalətsizliyi davam etdirmişdir. Ali Məhkəmənin 17 may 2021-ci il tarixində hakim Gündüz Quliyevin sədrliyi ilə keçən iclasında Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır... Hakimlərin bu ədalətsizliyi heç bir çərçivəyə sığmır. Bir məsəl var, “Oğru elə qışqırdı ki, doğru bucağa qısıldı”. Mən bu gün hakimlərin ədalətsizliyindən, haqsızlığından  məhz həmin gündəyəm”.

Biz Hicran Quliyevlə söhbətimiz zamanı nəyə görə məhkəmələrin belə ədalətsiz qətnamələr çıxarmasının səbəbi ilə maraqlandıq. Məlum oldu ki, məhkəməyə çox möhtəbər yerlərdən zənglər daxil olurb... Bəs kimdir bu zəngi edən?

 İran vətəndaşı olan Cavad adlı şəxs məhkəmlərə necə təzyiq göstərib?

 Məlum olur ki, Aynur Quliyeva Hicran Quliyevdən boşanandan sonra İran vətəndaşı olan Cavad adlı bir iş adamının evində qulluqçu kimi işə düzəlib... Bu Cavad isə “Paşa Holdinq”in müəssisələrinə daxil olan bir firmanın rəhbəridir. Bu insan məhz hörmətli Arif Paşayevin adından istifadə edərək, məhkəmələrə təzyiq göstərib və qulluqçusunun mənafeyini müdafiə edib. Ona görə də həm Səbail Rayon Məhkəməsinə, həm Bakı Apellyasiya Məhkəməsinə, həm də Ali Məhkəməyə Arif Paşayevin adından təsir edərək, istənilən qətnamənin çıxarılmasına nail olub. Bu təzyiq, hətta sübut da olunub. Belə ki, Ali Məhkəmənin iclasından bir gün əvvəl Hicran Quliyevə bir nəfər zəng edərək bildirib ki, sabah olacaq Ali Məhkəmənin iclasına gəlməsə də olar. Səbəbi soruşulanda özünü təqdim etməyən, amma Aynur Quliyevanın sifarişini yerinə yetirən həmin adam bildirib ki, məhkəməni onsuz da udacaqlar. "Yaxşı olar ki, sən Aynur xanıma 15 min manatı verəsən". Bu fakt bir daha onu göstərir ki, hər üç məhkəmə instansiyasına xahişlər olunub və nəticədə Aynur Quliyevanın xeyrinə qətnamələr qəbul edilib. Maraqlı fakt odur ki, Ali Məhkəmənin qətnaməsindən üç gün sonra Aynur Quliyeva yalanının ifşa olunacağını bildiyindən Cavadin evindəki işindən çıxıb. Sonradan Cavidə də məlum olub ki, bu xanım başdan-ayağa yalan danışırmış. Amma sonrakı peşmançılıq təbii ki, fayda verməz. Necə deyərlər, Mavr öz işini gördü.

***

Biz çox çalışdıq ki, bir qadın yalanına inanıb məhkəmələrə çox hörmətli akademik Arif Paşayevin adından sui-istifadə edərək, təzyiq edən Cavad bəyin özü ilə əlaqə saxlayaq. Ancaq onu bir  hərbi obyektin rəhbəri  kimi çox ciddi şəkildə qoruyurlar və heç cürə onunla əlaqə yaratmaq cəhdimiz alınmadı. Hansı ki, "KİV haqqında" Qanunun tələblərindən biri qarşı tərəfin KİV sorğusunu cavablandırmaq və onu dinləmək idi. Cavad bəyə onu demək istəyirdik ki, hər şeydən ötrü hörmətli akademik Arif Paşayevin adından sui-istifadə etmək yol verilməzdir. 

Ali Məhkəmədə Banklarda video kamera olduğunu bilmirlər?

 Ali Məhkəmənin qətnaməsində bir məqam bizim diqqətimizi çəkdi. Həmin qərardan sitat: “Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilir ki, həmin qətnamədən cavabdeh (Hicran Quliyev) Apellyasiya şikayəti verərək qətnamənin ondan 15 min manat vəsaitin tutulması hissəsində ləğv olunmasını və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ildə iddiaçı (Aynur Quliyeva) ilə birgə banka gedib əmanəti çıxarmışlar. Məhkəmə işə baxan zaman müəyyən etməmişdir ki, bankda olan əmanət nikah pozulmadan öncə bankdan çıxarılmış və həmin əmanət müqaviləsinə xitam verilmişdir. Yəni nikah dövründə banka qoyulan pul, nikah dövründə də bankdan çıxarılmış, əmanət çıxarıldıqdan sonra iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır”.

 İndi sual olunur. Hörmətli Ali Məhkəmənin hakimi Gündüz müəllim, Biz hansı zamanədə yaşayırıq? Axı bütün banklar hər tərəfdən videokamera ilə təmin olunub. Yəni o qədər çətindirmi həmin video görüntüləri əldə etmək ki, oradan Aynur Quliyevanın həmin 15 min manatı alıb, aldığı məlum olsun? Bu qədər sadə bir işi mürəkkəbləşdirməyin adı nədir? Nəyə görə Hicran Quliyev heç nədən ərinə xəyanət edən və bunu məhkəmədə açıq etiraf edən Aynur Quliyevaya yenidən 15 min manat verməlidir? Belə çıxır ki, Ali Məhkəmənin hakimi Gündüz Quliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova, Səbail Rayon Məhkəməsinin   hakimləri Şahin Abdullayev və Rəna Qafarova  qanunları yox, ərə xəyanət edən qadını qoruyurlar? Hanı bəs bizim milli mentalitet? Hanı bizim yazılmamış ailə qanunlarımız? Hansı ki, çox vaxt yazılmış qanunlardan üstün olur. Axı bu hakimlər özləri də çox gözəl biliblər ki, Aynur Quliyeva yalan danışır, amma “yuxarıdan”, “Paşa Holdinq”ə daxil olan firmalardan birinin rəhbəri kimi Cavad bəyin onlardan xahiş etməsi, bütün qanunlara, mentalitetə arxa çevirməyə əsas verib. Budurmu sizin ədalətli Femidanız?

  Allaha and içməklə qəbul edilən və Allaha ağır gedən qətnamə...

 Bir maraqlı məqam da odur ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova sən demə, yaman Allah adamı imiş. Konstitusiyamıza görə isə, din dövlətdən ayrıdır. Belə olan surətdə necə ola bilər ki,  Xumar Mərdanova Aynur Quliyevanın Allaha and içməsini əlinin altındakı qanunlardan üstün tutur? Məgər Allaha and içməklə Allahsız qətnamə qəbul etmək olarmı? Görəsən, Xumar Mərdanova yol verdiyi qanunsuzluğun fərqindədirmi? Dinimizlə məhkəmə qanunlarını necə qarışdırmaq olar? Yəqin ki, bunu Xumar Mərdanovadan mütləq soruşan tapılacaq. 

***

 Artıq Hicran Quliyev Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. İstəyir sübut etsin ki, adı çəkilən 15 min manatı sabiq həyat yoldaşı Aynur Quliyeva özü əldə edib. İndi Aynur xanım Allahından dönüb üzə dirənir ki, o pulu almayıb. Düşdüyü mühitdən də çox məharətlə istifadə edərək məhkəmələrə də təsir etmək imkanı qazanıb. Ataların bir sözü var, “haqq nazilər, amma üzülməz”. İnanırıq ki, gec-tez haqq öz yerini tapacaq və günahkarlar da lazımı cəzasını alacaq. Amma ən böyük cəzanı “Paşa Holdinq”ə daxil olan firmalardan birinin rəhbəri kimi fəaliyyət göstərən Cavad bəyə vermək lazımdır ki, hörmətli adamların adından su- istifadə etməyin acı nəticəsini görsün. İnanırıq ki, bu, belə də olacaq. Hicran bəyə də tövsiyyə edirik ki, ruhdan düşməsin. Konstitusiya Məhkəməsinə müraciət etsin və nəticədə ədalətin qələbə çalacağını mütləq görəcək. Bu yolda ona uğurlar diləyirik.

Mözunu diqqətdə saxlayacağıq.      

Hazırlad:

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN