Yanvarın 18-də "İşərişəhər" metrostansiyasının qarşısındakı meydanda böyük şəxsiyyət, ictimai xadim, milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı oldu.
Hansı ki, bu abidənin ucaldılmasını Tağıyevi hörmət və ehtiramla yad edən hər bir Azərbaycan vətəndaşı arzulayırdı. Və abidənin açılışında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi.
Lakin artıq axşam saatlarında sosial şəbəkələrdə böyük xeyriyyəçinin zədələnmiş - təsbehi qırılaraq yerə atılmış fotoları paylaşılmağa başlandı. İnsanlar təbii ki, tez bir zamanda vandalların tapılmasını və cəzalandırılımasını istəyirdilər. Və çox keçmədən öz peşəsinin öhdəsindən layiqincə gələn fədakar polis əməkdaşları bu vandalları aşkara çıxardılar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O, bildirib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
İnanırıq ki, nadir şəxsiyyət, maarifpərvər mesenat, Azərbaycan xalqı üçün böyük əməyi keçmiş Hacı Zeynalabdin Tağıyevin heykəlini korlayanlar, layiqli cəzalarını alacaqlar.
Xatırladaq ki, heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovdur.
JASMİN