Oktyabrın 14-də, 2 il bundan öncə, öz ad günündə şəhid olan Yusif Nəcəfovun anım və ad günü çox yüksək səviyyədə keçdi

“Ata, 1 il 3 ay bir yerdə xidmət etdiyimiz əsgər Yusif Nəcəfov, 10 gün bundan əvvəl, yəni oktyabrın 4-də mərmi qəlpəsindən yaralanmışdı. 10 gün hospitalda yatandan sonra oktyabrın 14-də yenidən döyüş mövqeyimizə qayıtdı. Elə həmin gün onun 19 yaşı tamam olurdu. Zabitin telefonu ilə atası ilə danışırdı və ad günü münasibətilə onu təbrik edirdi. Elə bu zaman düşən mərmi nəticəsində şəhid oldu. Hamımız buna çox üzüldük. Düzdür, hər birimiz şəhid ola bilərik, amma Yusifin öz ad günündə şəhid olması hamıya çox pis təsir etdi”.

Bu sözlər, 44 günlük savaşda Yusiflə bir yerdə döyüşən və o zaman ara-sıra mənimlə telefonla danışan oğlum Tural Məmmədliyə məxsusdur. Oktyabrın 14-də, YAP-ın Yasamal Rayon Təşkilatının konfrans zalında, 2 il bundan öncə, öz ad günündə şəhid olan Yasamal rayon sakini Yusif Nəcəfovun anım və ad günü çox yüksək səviyyədə keçdi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və müavinləri, YAP-ın Yasamal Rayon Təşkilatının rəhbəri Bəxtiyar Hacıyev,  Yusifin oxuduğu 52-saylı orta məktəbin müəllimləri, Mədəniyyət Nazirliyinin nümayəndəsi, şəhid anaları, şəhidin döyüş dostları, məktəblilər, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Şəhid Yusif Nəcəfovun məktəb illəri, ona fizika fənnindən dərs demiş Aydan Məmmədova tərəfindən bir daha xatırlandı. Yusif Nəcəfovla bir yerdə, Kəlbəcər-Murov istiqamətində gedən döyüşlərdə iştirak edən Tural Məmmədli, Baloğlan İsgəndərov, Ayaz Mənsurlu Yusif haqqında xatirələrini bölüşdülər. Məlum oldu ki, 2020-ci il oktyabrın 4-də yanlarına mərmi düşməsi nəticəsində əsgər yoldaşlarından 5 nəfər şəhid olub, 10 nəfər yaralanıb. Yaralı döyüşçülərdən biri də Yusif Nəcəfov olub. Döyüş dostlarının sayəsində atəş altından çıxarılan Y.Nəcəfov müalicə üçün hospitala göndərilib. Yarası o qədər də ağır olmadığından müalicə olunaraq, 10 gündən sonra, oktyabrın 14-də, yəni 19 yaşı tamam olan gün döyüş meydanına qayıdır. Elə həmin gün zabitin telefonu ilə döyüş dostlarından təxminən bir 40-50 metr aralanıb, atası Nadir kişi ilə danışırmış.  Atası onu ad günü münasibətilə təbrik edərkən, düşən mərminin düz yanında partlaması nəticəsində Yusif, döyüş dostlarının gözü önündəcə əbədiyyətə qovuşub.

Yusif haqqında danışan müəllimləri, ictimaiyyət nümayəndələri onun necə vətənpərvər bir insan olduğundan söhbət açdılar. Yusif haqqında hazırlanan “Şəhid  balam” musiqi və videoçarx tədbir iştirakçılarının hər birində böyük bir üzüntü yaşatdı. Daha bir üzüntümüz odur ki, Yusifin itkisinə dözməyən atası Nadir kişi də qazanılan Qələbədən təxminən 1 il sonra dünyasını dəyişib. Allah ona qəni-qəni rəhmət eləsin.  Respublika İncəsənət Gimnaziyası şagirdlərinin hazırladıqları və  şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiya olduqca maraqla qarşılandı. Onu da diqqətə çatdırım ki, Yusifin döyüş xidmətləri ölümündən sonra yüksək qiymətləndirilib. Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə Yusif Nəcəfov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Bu, bir daha göstərir ki, Yusif kimi qəhrəmanlarımız Azərbaycan durduqca yaşayacaq. Nahaq yerə demirlər ki, şəhidlər heç vaxt ölmürlər...

Keçmiş döyüşçü və döyüşçü atası kimi bu sətirlərin müəllifi olaraq mənə də söz verildi: “Şəhid haqqında söz danışmaq çətindir. Baxmayaraq ki, jurnalist olaraq söz adamıyıq və həmişə də sözün içindəyik. Bununla belə, cavan igidlərdən keçmiş zamanda danışmaq olduqca ağrılıdır. İtalyan yazıçı və rəssamı Covanni Bakkaçonun belə bir kəlamı var: “Dərdli adama acımaq, təsəlli vermək insana aid xüsusiyyətdir, lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa, təsəlliyə ehtiyacı olmuş olsun”. Ona görə də şəhid analarını başa düşmək və onlara təsəlli vermək çox çətindir. Baxmayaraq ki, mən özüm birinci Qarabağ döyüşlərində könüllü olaraq topçu batareyasının komandiri kimi iştirak etmişəm. Haramı düzündən başlayan döyüş yolumuz sonradan Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçib. Biz o vaxt könüllü olaraq ona görə döyüşə gedirdik ki, gələcək nəsillər Qarabağ problemi ilə üzləşməsinlər. O dövrdə nə mənim oğlum, nə şəhid balamız Yusif, nə də minlərlə 19-20 yaşlı gənclər dünyada yox idilər. Amma tale elə gətirdi ki, bizim o vaxt yarımçıq qalmış işlərimizi, həmin 19-20 yaşlı gənclər 44 günlük döyüşlə tamamladılar. Biz bu qələbə üçün Yusif kimi şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq. Bu zalda indi Yusifin döyüş yoldaşları olan oğlum Tural, Baloğlan və Ayaz iştirak edirlər. Döyüşlərin ən qızğın vaxtında 3-4 gündən bir oğlum zabitlərin telefonu ilə mənimlə danışırdı. Bu danışıqların birində, yəni 2020-ci il oktyabrın 14-də bildirdi ki, ata, həm əsgər, həm də döyüş yoldaşı kimi 1 il 3 ay bir yerdə olduğum, həmişə dərdimi bölüşdüyüm Yusif Nəcəfov öz ad günündə şəhid oldu. Bu xəbərdən sonra özümü saxlaya bilmədim və xeyli kövrəldim. Çünki Yusif və onun kimi yüzlərlə gənclər elə sanki mənim oğullarım idilər. Ona görə də bu itki mənə çox pis təsir etməyə bilməzdi. Bu gün bura cəmiyyətin müxtəlif təbəqəsindən olan bu qədər insanın yığışması onu göstərir ki, Yusif kimi igidlərimiz heç vaxt unudulmayacaq. Ona görə də sözlərimi tədbir iştirakçılarına, o cümlədən, əsgər və qazilərə, mərhum Xalq şairi Söhrab Tahirin “Çağırış” şeirini söyləməklə tamamlayıram:

Oğlum, Ana Vətən alovda yanır,

Harayı, fəryadı ərşə dayanır.

Yandır yandıranı, cəzası budur,

Öldür öldürəni, qisası budur.

Qana-qan, gücə-güc, zora-zor elə,

Vətəni düşmənə qanlı gor elə.

 

Qardaş, doğram-doğram oldu uşaqlar,

Qan gölü üstündə üzür qundaqlar.

Tək sənə güvənir didərgin ellər,

Topa-top, oda-od, gülləyə-güllə,

Qana-qan, gücə-güc, zora-zor elə,

Vətəni düşmənə qanlı gor elə.

 

Atam, döyüşə çağırıram səni,

Mən sənin ananam, Ana Vətənin.

Gülləni azğının tuşla gözünə,

Səpələ qanını dünya üzünə.

Qana-qan, gücə-güc, zora-zor elə,

Vətəni düşmənə qanlı gor elə.

 

Bayrağım, dalğalan başımın üstə,

Kölgə sal alovlu sinəmin üstə.

Qeyrət babalardan sənsən yadigar,

Qansan, məhəbbətsən, bir də iftixar,

Qana-qan, gücə-güc, zora-zor elə,

Vətəni düşmənə qanlı gor elə.

 

Əziz tədbir iştirakçıları, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin bacarıqlı sərkərdəliyi, Ordumuzun rəşadəti, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində 44 günlük döyüşdə Vətənimiz düşmənə qanlı gor oldu və olmaqda da davam edəcək. Hər birinizə təşəkkür edirəm”.  

Sonda şəhid Yusifin qardaşı Emin Nəcəfov gələn qonaqların hər birinə ailəsi adından təşəkkürünü bildirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN