Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında xüsusi münasibət var.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Türkiyənin Biləcik şəhərində çıxışı zamanı Vladimir Putinlə münasibətlərini "dürüst və hörmətli" adlandırmışdı.
Peskov jurnalistlərə deyib: "Prezident Putin və prezident Ərdoğan arasında xüsusi münasibət var. Onlar həqiqətən də qarşılıqlı etimada, qarşılıqlı hörmətə və götürdükləri öhdəliklərə sadiqliyə əsaslanırlar".
Kreml sözçüsü fikrini belə yekunlaşdırıb ki, prezidentlər "sözlərini və öhdəliklərini" yerinə yetirmək bacarığını xüsusilə yüksək qiymətləndirirlər.
Yanvarın 16-da prezidentlər arasında telefon danışığı olub. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ölkələr arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini müəyyən edib, həmçinin Rusiya-Türkiyə əməkdaşlığının daha da hərtərəfli inkişafına sadiq olduqlarını təsdiqləyiblər.
Yanvarın 6-da məlum olub ki, Türkiyə Qara dənizin Sinop vilayətində AES tikintisi ilə bağlı Rusiya ilə danışıqlar aparır. Yanvarın 5-də isə Moskva və Ankara Türkiyədə qaz qovşağının yaradılması və Türkiyə ərazisində Akkuyu AES-in tikintisini müzakirə ediblər.
K.ŞİRİNOV