2008-ci ildə Rusiyanın işğalına məruz qalan Gürcüstan indi də başqa problemlərlə üz-üzədir...
Ümidlər Ukraynanın qələbəsinədir və Gürcüstan siyasilari, hətta prezident xanım Salome bunu açıq bəyanatında bildirib.
Bu gün isə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun separatçı Abxaziya rejiminin nümayəndələri ilə görüşünü pisləyib. Tezadlar.az Gürcüstan XİN-nin rəsmi saytına istinadla bildirir ki, Belarusun bu addımı Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərini kobud surətdə pozur. Bəyanatda qeyd olunur ki, bu görüş separatçı rejimin legitimləşdirilməsi cəhdidir: “Biz Belarusu Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olan fəaliyyətlərinə son verməyə çağırırıq”.
Tezadlar xatırladır ki, Gürcüstanın işğal altındakı Abxaziya regionunun separatçı lideri Aslan Bjaniya əvvəlcə Moskvaya “səfər” edib, sonra isə Belarusa gedib, orada Aleksandr Lukaşenko ilə görüşüb. Görüşün məqsədi açıqlanmasa da, hər halda, bu siyasi qalmaqala və narazılığa yol açıb.
A.Məmmədli