Çukotka Muxtar Dairəsi hökuməti tam tərkibdə istefa verib. Bu barədə regional hökumətin saytı xəbər verib.
"Çukotka Muxtar Dairəsi hökuməti tam tərkibdə vilayətin nizamnaməsinə uyğun olaraq istefa verib. Müvafiq qərarı vilayət qubernatoru səlahiyyətlərini icra edən Vladislav Kuznetsov verib", - məlumatda deyilir.
Yeni tərkib formalaşana qədər dövlət qulluqçuları və qubernator müavinlərinin öz vəzifələrini icra edəcəkləri müəyyən edilib.
"Çukotka Muxtar Dairəsi gözəl və təbii sərvətlərlə zəngindir, lakin onun əsas sərvəti əhalisidir. Mənim vəzifəm hər bir rayon sakininin özünü təhlükəsiz hiss etməsinə, gələcəyini inkişaf edən doğma diyarda görməsinə şərait yaratmaqdır. Mən, həqiqətən, sakinlərlə işləməyi səbirsizliklə gözləyirəm - həmişə təklif və ideyalara açığam", - məlumatda Kuznetsovun sözləri sitat gətirilib.
Martın 15-də Rusiya prezidenti Vladimir Putin Çukotka Muxtar Dairəsi 2008-ci il iyulun 3-dən bu dairəyə rəhbərlik edən qubernator Roman Kopinin vaxtından əvvəl istefasını qəbul edib. İşlədiyi müddətə (14 il 7 ay) görə Roman Kopin Rusiya Federasiyasının təsis qurumlarının rəhbərləri arasında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan sonra 2-ci yeri tutub.
E.ŞİRİNOV