...Həmişə aforizmlərimizin və çəkdiyimiz söz nümunələrimizin mənfi qəhrəmanı olan qoyun-quzu hörmətə minməkdədir...
Təəssüf ki, bu "hörmət" neçə gündür Bakıda qoyun ətinin 19-20 manata (mal əti isə 15-16 manata) satılması ilə gündəmə gəlməkdədir... Təsəvvür edin, bir həftə əvvəl 14-15 manata satılan qoyun əti indi 20-25 faiz baha qiymətə satılır...
XXX
"Təzadlar" bölgələrə ezam olunan əməkdaşımıza bu və ya digər suallara cavab tapmasını tövsiyyə etmişdir... Axı nə baş verib ki, qoyun əti birdən-birə belə bahalaşıb?
Əməkdaşımızın verdiyi məlumata görə, həmişə adət etdiyimizin əksinə olaraq, nə Bərdədə, nə də Ağdam, Ağcabədi və Beyləqan, İmişli, Zərdab... rayonlarında yol kənarlarında ət satan qəssablara rast gəlinməyib. Axı nə baş verir? Fermerlər adətən bəslədikləri heyvanları kəsərək istədikləri yerlərdə sərbəst sata bilirlər. Amma indi bu sərbəst kəsim yoxa çıxıb. Belə sərbəst satış qadağan olunursa, deməli, ortada nəsə süni problem və bu problemi yaradan məmur var...
XXX
Əməkdaşımız öz şəxsi təsərrüfatında bəslədiyi heyvanları kəsib vətəndaşlara sərfəli qiymətə satan, amma indi bu sərbəstlikdən məhrum olan fermerlərlə söhbət edib. Ağcabədidən erkək qoyun heyvanları almağa gələn Həsən adlı fermerin danışdıqları problemin nə qədər dərin və dövlətin iqtisadi siyasətinə qarşı təxribat xarakterli olduğunun təsdiqidir: "...Mənim Sumqayıtda ət satışı yerim var idi... Bir gün gəldilər ki, burada ət satmaq qadağandır, dükan almalısınız... Dedim, tələb olunan dükanı tikin verin, sataq... Dedilər, get filan-filan... sənədləri topla gəl. Baxdım ki, bu mənim işim deyil... Dedim, yaxşı, indiki yerimdə satış etsəm, necə? Dedilər, 50 min gətir... AQTA və ərazi polis, sanitar, bələdiyyə, baytar... İlə özün dil tap... Beləliklə, ölkənin hər yerində yol kənarlarında, yəni dükan-bazara daxil olmadan ət satışının qadağan olunmasını təşkil edən gizli əl bununla da Azərbaycanda süni bahalıq yaratmaqla vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Keçəl başda dəlləklik edən bu gizli əlin sahibi dövləti təxribatla məşğul olmasının fərqində olmalıdır. Necə ola bilər ki, Gürcüstanda 1kq qoyun əti 8-10 manatadır, Azərbaycanda isə az qala adambaşına 2-3 qoyun düşdüyü halda, ət 20 manata satılır?! Xahiş edirik, bu məsələni cənab Prezidentin diqqətinə çatdırın, bilinsin ki, bu dövləti təxribatla məşğul olan kimdir?".
Beləliklə, ölkədə hansısa gizli əl dövləti təxribatla məşğuldur və ölkədə ciddi sosial narazılıq yaratdığının fərqindı deyil... Belə çıxır ki, 15 kq-lıq toğlu indi 300 manata, restoranlarda isə bir şiş kabab 10-12 manata satılmalıdır??? Bu açıq təxribatdır...
Mövzuya daha ətraflı reportajlarla qayıdacağıq...
A.Məmmədli