Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub. Bu barədə Turana vəkilin özü məlumat verib.
O, qeyd edib ki, bu barədə qərar sentyabrın 1-də Vəkillər Kollegiyanın Reyəsət Heyətinin iclasında qəbul olunub: "Mən Vəkillər Kollegiyasından çıxarılma barədə qərarından şikayət vermişdim. Şikayətdə bildirmişdim ki, iclasda iştirak eyməmişdim deyə, barəmdə qərar verilməsi doğru deyildi. Bu gün şikayətimə baxıldı və o təmin olundu. Əvvəlki qərar ləğv olundu və barəmdə olan rəy yenidən İntizam Komissiyası tərəfindən baxılacaq. Beləliklə vəkil fəaliyyətim bərpa olunub".
Vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti iyulun 6-da dayandırılıb. Onun özü öz vəkillik fəaliyyətinin dayandırılmasını əsassız və siyasi qərar adlandırıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında bu qərarı çıxarıb. Fətullayevin şikayəti isə “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alınıb, “Xural.com” saytının təsisçisi Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlıdır. Fətullayev iş adamının vəkili olmuş Sadıqovun bu işdə vasitəçilik etdiyini vurğulayıb və məsələnin araşdırılmasını tələb edib.
Fətullayevin şikayəti Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabrında daxil olub.