Baş Prokurorluq həyəcan təbili çaldı:

“ 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.”

Baş Prokurorluq tərəfindən ictimaiyyətə intiharlarla bağlı videomüraciət təqdim olunub.
Videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada 1 milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib. Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!
Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!"

***

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə intihar hadisələri artan xətt üzrə yüksəlir. Belə ki, 2019-cu ildə Azərbaycanda 565, ötən il - 2020-ci  ildə isə 597 intihar hadisəsi qeydə alınıb. Bu ilin 6 ayı ərzində isə, artıq 322 nəfər intihar edib. Nəzərə alaq ki, hələ nə qədər şəxs də intihara cəhd edib, lakin ya həkim müdaxiləsilə həyata qaytarılıb, yaxud kimlərinsə apardığı söhbətlər nəticəsində fikrindən daşındırılıb...

...6 ay ərzində 322 nəfərin canına qıyması, yaşamaq həvəsini itirməsi, diri ikən özünü ölü, heç kimə lazımsız hesab etməsi, yalnız onların günahı deyil, həm də cəmiyyətin günahıdır. İntihar edənlərin arasında narkotik vasitə asılısı olan da var, gənclər, yeniyetmələr, hətta 80 yaşlı insanlar da... Lakin bu o demək deyil ki, onların hamısının öhdəsindən gəlinməyəcək problemləri olub...  İnsanların ətrafına, yaxınlarına olan laqeyd münasibətləri, diqqətsizlik bu insanları hər hansı problemləri ilə, səhv addımları ilə üz-üzə qalan zaman həyata küsdürüb. Bu zaman inamsızlıq, əlacsızlıq depressiyaya - ruh düşkünlüyünə gətirib çıxarır, yaxınlarından dəstək görməmək, etibar etməmək onları intihara sürükləyib. Problemlərin çoxaldığı, yaşam şərtlərinin ağırlaşdığı, insanların sevincdən çox qəm yükünün artdığı bir zamanda bir-birimizə dəstək olaq, “hələ bu, son deyil, hər şey düzələcək, sabah bundan daha gözəl olacaq, bir az da səbr edək”  deyək bir-birimizə. Deyək ki, intihar edənlərin sayı ilin sonunadək  bir rəqəm belə artmasın...    

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN