2023-cü ilin fevralında baş verən güclü zəlzələlər nəticəsində Türkiyə iqtisadiyyatı 104 milyard dollar itirib.
Tezadlar.az xəbər verir ki, bunu respublika prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bütün bu problemlərə əlavə olaraq, Türkiyə güclü zəlzələ yaşadı. Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələnin iqtisadiyyatımıza dəymiş ziyanı 104 milyard dollar təşkil edib”, - Türkiyə lideri Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı qeyd edib.
O, təkcə evlərin deyil, istehsalat müəssisələrinin də dağıldığını vurğulayıb. Ərdoğan əlavə edib ki, əsas zərər Türkiyənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna dəyib.
Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş vermiş və geniş dağıntılara səbəb olmuşdu. Türkiyədə baş verən zəlzələnin yeraltı təkanlarını Suriya, İran və bir sıra digər ölkələrin sakinləri hiss ediblər.
Dağıdıcı zəlzələlərdən zərər çəkənlərə Türkiyə hökumətindən yeni mənzillər verilib. Ərdoğanın sözlərinə görə, açarlar 7275 vətəndaşa təhvil verilib.
E.ŞİRİNOV