Etirazçılar Abxaziyanın rəhbəri Aslan Bjaniyanın administrasiyasının həyətində tonqal yandırıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya Federasiyası ilə investisiya sazişinin qəbul edilməsinin əleyhdarları isinmək üçün metal çəlləklərdə odun və kağız yandırırlar, həmçinin böyük yanğın üçün artıq odun hazırlayıblar. İndi Abxaziyada parlament və digər hökumət binaları artıq etirazçıların nəzarəti altındadır. Respublika başçısının inzibati binası yaxınlığında vəziyyət sakit olaraq qalır.
Bundan əvvəl Abxaziyanın hakimiyyət orqanları ilə müxalifəti arasında böhrandan çıxış yolu ilə bağlı məsləhətləşmələrin noyabrın 17-də davam edəcəyi bildirilirdi. Noyabrın 15-də Abxaziya parlamentində deputatların qalmaqallı qanun layihəsinə baxacağı iclası keçirilməli idi. Müxalifət Rusiya Federasiyası ilə razılaşmanın yerli sakinlərin maraqlarına cavab vermədiyini hesab edərək bir neçə min nəfərin iştirakı ilə etiraz aksiyası təşkil edib.
Müxalifətçilər bu sazişin Rusiya şirkətlərinə Abxaziyada kütləvi şəkildə mənzil tikintisinə başlamağa imkan verəcəyini və bu, onların fikrincə, mənzil qiymətlərini artıracağını, yerli kiçik və orta biznes üçün risklər yaradacağını bildiriblər.
Parlamentarilər sonda iclası ləğv ediblər, lakin etirazçılar bu qərarla kifayətlənməyiblər - onlar deputatların məsələyə baxmasını və müqavilənin ratifikasiyasının əleyhinə səs vermələrini istəyiblər. Daha sonra etirazçılar parlamenti, prezident Aslan Bjaniyanın administrasiyasını ələ keçirərək dövlət başçısının istefasını tələb ediblər.
E.ŞİRİNOV