İsrail Fələstinin HƏMAS qruplaşmasından girovların azad edilməsi üçün danışıqları davam etdirməkdən rəsmi imtina almayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.
“İsrail vasitəçilərdən HƏMAS-dan danışıqları davam etdirmək üçün rəsmi imtina almayıb”, - Gendelman bildirib.
İyulun 8-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə radikal qruplaşma ilə İsrail arasında aparılan danışıqlarda vasitəçilərə xəbərdarlıq edib ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri atəşkəs müzakirələri zamanı əldə edilən nailiyyətləri puça çıxara bilər.
Haniyə danışıqların mümkün pozulmasında İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin anklavında hərbi əməliyyatları davam etdirən yəhudi dövlətinin ordusunu günahlandırıb.
İyulun 12-də HƏMAS Fələstin hərəkatının Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsraillə danışıqlardan çıxması ilə bağlı xəbərləri təkzib edib.
Həmin gün ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS-ın Qəzza zolağında atəşkəsin “çərçivə” parametrləri ilə razılaşdıqlarını və təfərrüatlar üzərində işlədiklərini söylədi. “The Washington Post”un yazdığına görə, münaqişə tərəfləri planın əsas müddəaları barədə razılığa gəliblər.
İyulun 15-də İsrail hökuməti başçısının ofisinin müşaviri bildirib ki, HƏMAS-ın Qəzza zolağında vəziyyətin nizamlanmasına dair saziş layihəsində təklif etdiyi bütün dəyişikliklər Netanyahu tərəfindən rədd edilib.
Hərəkat ümumilikdə sazişin mətninə 29 dəyişikliyin edilməsini təklif edib.
E.ŞİRİNOV