"Bir gün Fələstin torpaqları qurtaracaq və növbə digərlərinə çatacaq..."
***
Qəzza əhalisini köçürmək planı çox təhlükəli plandır və Netanyahonun Trampı bu məsələdə ram edə bilməsinə sevinmək ağılsızlıqdır.
TEZADLAR.AZ xəbər verir ki, bunu ilahiyyatçı-yazar, MCP İdarə Heyətinin üzvü Tural İrfan sosial media hesabında bildirib.
İlahiyyatçı-yazar fikrini belə izah edib:
"Çünki bu niyyətin icrasına başlamağa cəhd savaşın əbədi davam etməsinə rəsmən imza atmaqdır. BMT-nin və barmaqla sayılacaq bir neçə dövləti çıxmaqla bütün dünyanın qəbul etdiyi iki dövlət prinsipinə də tam ziddir. 141 dövlət Fələstin dövlətini tanıyır və ərazi bütövlüyünün bərpasını məqbul sayır.
Görünən odur ki, Tramp fikrindən daşınmasa, bu dəfəki müharibə daha amansız və bəlkə də müəyyən qədər həlledici ola bilər. Çünki bir gün Fələstin torpaqları qurtaracaq və növbə digərlərinə çatacaq... Bu da şübhəsiz ki, gec - tez böyük müharibə ilə müşaiyət oluna bilər", - deyə Tural İrfan qeyd edib.
Y.Məmmədli