24 iyul 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşkil edilən dəyirmi masada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, iştirakçıları salamlayan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə qadınların rolunun böyük olduğunu və ölkəmizdə seçicilərin əksəriyyətini qadınların təşkil etdiyini qeyd edib. O, ölkənin tanıdılmasında qadınların rolunun daha yüksək olduğunu vurğulayaraq bildirib ki, səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Seçkilərdə, xüsusilə təbliğat-təşviqat proseslərində qadınlardan daha çox müsahibə almaq, onların fikrini öyrənmək, media vasitəsilə onların fəaliyyətini daha geniş işıqlandırmaq arzuolunandır. M. Pənahov 40 minə yaxın Komissiya üzvünün əksəriyyətinin qadınlardan ibarət olduğunu da diqqətə çatdırıb.

“Biz artıq yeni Azərbaycanda yaşayırıq. 44 Günlük Vətən müharibəsindən sonra Azərbaycan necə xalq olduğunu dünyaya nümayiş etdirdi. Güclü olduqca kənardan təzyiqlər daha çox olur. Böyük dövlətlər kiçik dövlətlərə təzyiq etməyə çalışır. Azərbaycana olan təzyiqlərin necə artdığını biz müharibədən sonra gördük” - deyən MSK sədri əlavə edib ki, hər kəs öz sahəsində vətəndaş borcunu yerinə yetirməyə çalışmalıdır.

Zəfər seçkilərindən sonra parlament seçkilərinin də qalib ölkə olaraq Azərbaycanda bütün dünya tərəfindən tanınan torpaqlarda keçirilməsinin əhəmiyyətini vurğulayan M. Pənahov bildirib ki, Azərbaycanın yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görürük və biz də özümüzə aid sahələrdə həmin standartlar üzərində işlərimizi qurmalıyıq.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir vətəndaşın Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün səviyyələrində bərabər iştirak hüququ var. Tarixən qurucu babalarımızdan bizə miras qalan ideyaları həyata keçirən və müstəqil dövlət quran Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hüquq tam mənası ilə reallaşdırılmağa başlayıb.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən vətəndaş hüquqları içərisində seçki hüququ əsas fundamental hüquqdur. Məhz bu hüquq əsasında biz hamılıqla bütün seçki proseslərində bərabər, azad və demokratik qaydada iştirak edirik və bu iştiraka özümüzü hazırlayırıq.

Seçki Məcəlləsində hər bir vətəndaşın səsinin eyni hüquqi qüvvəyə malik olduğunu nəzərdə tutan seçki hüququnun bərabərliyi prinsipi özündə cinsi mənsubiyyətə görə bərabərliyi də ehtiva edir. Odur ki, biz dövlətin bu sahədə öhdəliklərinə məsuliyyətlə yanaşaraq, cinsi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın bu hüquqdan maksimum yararlanmaqla dövlətin idarə edilməsi prosesində iştirakı üçün effektiv mexanizmlərdən istifadə imkanlarının artırılmasına çalışırıq.

O, həm milli qanunvericilik, həm də beynəlxalq konvensiyaların vətəndaşların hüquqlarının həyata keçirilməsi üçün dövlətlərin üzərinə öhdəliklər qoyduğunu diqqətə çatdıraraq, əlavə edib ki, seçki hüququnun həyata keçirilməsi üçün onun konvensiya ilə əlaqəsi məsələsinə də diqqət etmək mütləqdir.

BMT-nin CEDAW Komitəsinin Azərbaycan Respublikasının son dövri hesabatına dair verdiyi tövsiyə və qeydlərə görə iştirakçı dövlətdə siyasi sabitliyin və dayanıqlı inkişafın əldə olunması üçün tələb kimi siyasi və ictimai həyatda qadınların kişilərlə bərabər əsaslarla tam müstəqil və demokratik iştirakının vacibliyi barədə maarifləndirmə və dəstək kampaniyaları aparmaq, potensialın gücləndirilməsi və təlim tədbirləri və s. təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Həm regionda, həm də post sovet məkanında yeganə ölkə kimi Azərbaycanda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun mövcud olduğunu vurğulayan B. Muradova Dövlət Komitəsinin Milli Məclisə bu qanunun icra vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatın hər il dinlənildiyini də qeyd edib.

Həm milli, həm də beynəlxalq öhdəliklərimiz çərçivəsində görülən işlər barədə danışaraq, qadınların dövlət idarəçiliyi və qərarqəbuletmə prosesində artan təmsilçiliyi haqqında məlumatları diqqətə çatdıran Komitə sədri çıxışının sonunda bir daha qadınlara çağırış edərək, onları parlament seçkilərində aktiv iştiraka dəvət edib.

Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov “Seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar” mövzusu üzrə çıxış edib. Seçki kampaniyalarında qadınların aktiv iştirakı, məntəqə və dairə seçki komissiyalarında balanslaşdırılmış iştirakın, eləcə də müşahidəçi, həm də seçici kimi qadınların fəallığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Dünya üzrə parlament seçkilərində qadınların təmsilçiliyi ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin seçkiqabağı, seçki zamanı, eləcə də seçkidən sonrakı proseslərdə bərabər iştirakın önəmi vurğulanıb.

Daha sonra “Bərabər İnkişaf Naminə” Koalisiyanın nümayəndələri - Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova müzakirələrdə iştirak edərək, hər kəsin, xüsusilə də qadınların vətəndaşlıq borclarını yerinə yetirməklə seçkilərdə aktiv iştirakının cəmiyyət və dövlət üçün önəmini qeyd ediblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN