Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.
Tezadlar.az bildirir ki, bu barədə sentyabrın 4-də səhər saatlarında Ali Radanın spikeri Ruslan Stefançuk sosial şəbəkələrdəki səhifələrində məlumat verib.
Bir gün əvvəl, sentyabrın 3-də Ukrayna mediası Vladimir Zelenskinin Kulebanı vəzifədən azad etmək planları barədə məlumat yayıb. Xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa Kulebanın ən çox ehtimal olunan varisi seçilib. Hələ yazda media Zelenskinin ofisinin “diplomatik xidmətdən narazı olduğunu” yazmışdı.
“Ali Rada Ukraynanın xarici işlər naziri D.İ.Kulebadan bəyanat qəbul edib. İstefa haqqında ərizəyə növbəti plenar iclasların birində baxılacaq”, - deyə Stefançuk bildirib.
Bundan əvvəl Ukraynanın 5 naziri istefa verib. Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina, baş nazirin müavini İrina Vereşçuk, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi naziri Ruslan Strelets və strateji sənaye naziri Aleksandr Kamışin öz vəzifələrini tərk ediblər. Zelenski "payızın Ukrayna üçün son dərəcə vacib olacağını" söyləyib, buna görə də hakimiyyət hökumətin bəzi sahələrini gücləndirmək qərarına gəlib.
E.ŞİRİNOV