Hər iki tərəf Rusiyanın Türkiyədə Sinop Atom Elektrik Stansiyasının (AES) tikintisində iştirakından faydalanacaq.
Tezadlar.az xəbər verir ki, mümkün birgə layihəni Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov şərh edib.
“Türkiyə hakimiyyəti Sinopda atom elektrik stansiyasının tikintisi layihəsinin necə, nəyin əsasında və kimin köməyi ilə həyata keçiriləcəyinə qərar verməlidir. Əgər Rusiyanın iştirakının parametrləri ilə bağlı razılığa gələ bilsək, fikrimizcə, bundan hər iki tərəf faydalanacaq”, - diplomat bildirib.
Lavrov qeyd edib ki, Rusiya və Türkiyənin bu sahədə uğurlu əməkdaşlıq nümunəsi var - Akkuyu AES-in tikintisi.
Eyni zamanda o əlavə edib ki, ABŞ Rusiya ilə, o cümlədən Türkiyə ilə ticarətdə maraqlı olan xarici tərəfdaşların imkanlarını məhdudlaşdırmağa çalışır.
Bundan əvvəl Türkiyənin maliyyə naziri Mehmet Şimşək ölkəsinin Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə münasibətlərini dayandıra bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Türkiyə ikinci dərəcəli sanksiyalara məruz qalmamaq üçün son dərəcə ehtiyatlı davranmağa başlayıb.
E.ŞİRİNOV