Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı—Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür.
Beləliklə, 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük davam edən Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər.
Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Bu döyüşdə rəşadətlə döyüşüb Vətən uğrunda canından keçən belə cəsur oğullardan biri də Zaur Zümrüd oğlu Dadaşovdur.
Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.
Daima hərbi sahəyə maraq göstərən Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHR kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Döyüşə yollanmazdan bir gün öncə o, ailəsinə zəng edərək qardaşına bu sözləri deyib: “Haqqınızı halal edin!” və valideynlərinin onun döyüşdə iştirak etdiyini bilməsini istəməyib. Müharibdə olduğu müddətdə tez-tez evə zəng edərək döyüşdə olmadığını və sadəcə təlimlərdə iştirak etdiyini deyib. Şəhid olmazdan iki gün öncə döyüş meydanında bir şəkil çəkdirib və döyüş yoldaşlarına: “Mən şəhid olsam bu şəkli məzar daşıma vurarsınız” - sözlərini işlədib. Şəhid olduğu gün ailəsinə zəng edib, atası ilə çox qısa zaman danışıb və burada hər şeyin yaxşı olduğunu söyləyib. 12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
Dekabrın beşi şəhidimiz Zaur Dadaşovun mövlud günüdür. Cənnətdəki Mövludun mübarək olsun deyirik, şəhid qardaşımız. Allahdan rəhmət diləyirik, ruhun şad olsun deyirik. Qanınız yerdə qalmadı. Düşmən torpaqlarımızdan qovuldu, müstəqilliyimiz bərpa olundu. Yaxınlarına, əzizlərinə isə səbr diləyirik. Allah səbrlərin versin.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Dadaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildib.
Zaur Dadaşov kimi şəhidlərimizin bu gün yoxluğu nəinki onların yaxınları, eyni zamanda hamımız üçün çətindir.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nahidə İbrahimova