İkinci Qarabağ müharibəsi zamanı silaha sarılaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igid oğullarımızdan biri də Musayev Vüsal Zakir oğludur.
Ötən ilin bu günündə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vüsal Musayevin Xırdalan şəhərində il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, önünə tər çiçəklər düzülərək dualar oxunub.
Sonra Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra əvvəllər yaşadığı ünvanda keçirilən il mərasiminə gedilərək ailə üzvlərinə baş sağlığı verilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Onu da qeyd edək ki, RİH başçısı İ.Gülməmmədova şəhid Musayev Vüsal Zakir oğlunun ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
E.ŞİRİNOV