Redaksiyamıza müraciət edən qazi Elbrus Yusifov o qazilərdəndir ki, Prezident cənab İlham Əliyev tərəfindən ev və maşınla təmin olunub. Ancaq indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun pensiyasını kəsib.
Qazi E.Yusifov bildirir ki, Birinci Qarabağ müharibəsində iştirak edib və Tərtər döyüşlərində yaralanıb. Qeyd edək ki, o, 2021-ci ilin martına kimi müharibə əlili kimi pensiya alıb. 2009-cu ildə prezident şəxsən özü ona mənzilin açarlarını təqdim edib. 2014-cü ildə isə maşınla təmin edilib. Buna görə E.Yusifov Prezidentdən çox razıdır, dövlətin dəstəyindən məmnundur. Ancaq deyir ki, nazir Sahil Babayevin rəhbəri olduğu qurum onu indi qazi hesab etmir.
“II Qarabağ müharibəsində də iştirak etmək üçün könüllü Tərtərə getmişdim, ehtiyac olmadığı üçün bizi müharibəyə buraxmadılar. İndi Sahil Babayevin qoçuları deyir ki, sənə qazilik düşmür.
Bu ilin mart-aprelindən komissiyaya çağırırlar, guya müayinə edirlər, amma onlara heç həkim də demək olmaz. Mənim ağrılarım var, izah edirəm, başa düşmürlər, telefonla yoxlamaq olar? Dedilər ki, sən qazi deyilsən”, – deyə E.Yusifov bildirir.
Qazi deyir, belə çıxır ki, mən prezidenti aldatmışam: “Nazir Sahil Babayevin qəbuluna getmişəm, mühafizəçiləri buraxmır. Qazi qazidir, necə fərq qoya bilirlər? Bəs biz dərdimizi kimə deyək?
Bu adamlar Prezidentin siyasətinin əleyhinə gedirlər, qazilərdə dövlətə qarşı narazılıq yaradırlar. Məni Əlillərin Bərpa Mərkəzi Departamentə göndərirlər, onlar da ora-bura yolayır, get-gələ salırlar. Bəs prezident mənə niyə ev və maşın verib? Mən çox xahiş edirəm ki, dövlət başçısı səsimi eşitsin, mənim şikayətimə baxılsın, pensiyam bərpa olunsun”.
Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV