Niderlanddakı diasporumuz “De Volkstrant” qəzetindən kobud səhvin düzəldilməsini tələb edib
Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli “De Volkstrant” qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın qəzetin rəhbərliyinə ünvanladığı məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədə dürüst məlumatların dərc olunmasını vacib hesab edirlər. Münaqişələrin həssas mövzu olduğunu və onlara fərqli maraqlar baxımından yanaşıldığını xatırladan birlik sədri vurğulayıb ki, belə xəbərlər dürüst və qərəzsiz şəkildə təqdim edilməlidir. “Faktla uydurmanın bir-birinə qarışdığı dövrdə “De Volkskrant” kimi media quruluşu obyektivliyə haqq qazandırmalıdır”, - deyə məktubda vurğulanıb.
Nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı “On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu” iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır: “Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada “on minlərlə erməninin qətli”ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb. Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhali var idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi “qətlə yetirililib”.
Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.
***
Xatırladaq ki, Niderland 44 günlük müharibənin başa çatmasından sonra üç dövlət – Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədi də hədəfləməyə başlamışdı.
Niderland Parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Türkiyə və Azərbaycana qarşı çağırışlar edilib.
Həmin layihələrin müəllifləri isə Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq Naminə Xalq Partiyası) və digər ultra-sağçı, faşist ideologiyasının təbliğatçıları, ermənipərəst qüvvələrin əlaltılarıdır.
Onların səyləri ilə Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamentində bir neçə tövsiyyə xarakterli qətnamə də qəbul olunub.
Həmçinin Niderland qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrdən biridir. Yoel Fordevindin müəllifi olduğu sənəd Niderland Parlamentində səs çoxluğu ilə qəbul edilib...
JASMİN