Problem məhkəmə müstəvisindədir

Yasamal rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 6(004)-124/2021 saylı qərarından apellyasiya şikayəti verilib.

Bu barədə "Təzadlar"a Bakı şəhəri, Qaradağ rayonu, Lökbadan qəsəbəsi 6-cı massiv, N.Məcidov küçəsi ev 45-də yaşayan Rafil Abasət oğlu Həsənov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib. 

R.Həsənov Yasamal rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 6(004)-124/2021 saylı qərarının ləğv edilməsini və Yasamal rayon Prokurorunun köməkçisi Tamerlan Sadıqovun Həsənov Rafil Abasət oğlunun şikayəti əsasında toplanmış 506-C-20 nömrəli  material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə 14.08.2020-ci il tarixli qərarı ləğv edilməklə Hacıyev Vüsal Fərhad oğlu barəsində cinayət işinin başlanması üçün prokuroluğa göndərilməsini, müstəntiqlər Tamerlan Sadıqov və Elvin Kazımov barəsində xüsusi qərar qəbul edilməsini istəyir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ramin Qaraqurbanlının icraatındadır.

R.Həsənov polis və prokurorluq orqanları tərəfindən aldadıldığını iddia edir. Bildirir ki, fakt üzrə ona 25 min 600 manat ziyan dəyib və əlində mötəbər sübutlar olmasına baxmayaraq, Yasamal rayon Prokurorluğu onun şikayəti üzrə cinayət işinin başlanmasını iki dəfə əsassız olaraq rədd edib.

R.Həsənov yazır: «Həmin qərardan Yasamal rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət etdim. Lakin Yasamal rayon Məhkəməsinin 6(004)-124/2021 saylı qərarı ilə şikayətim qəbul edilmədi və Yasamal rayon Prokurorunun köməkçisi Tamerlan Sadıqovun mənim - Həsənov Rafil Abasət oğlunun şikayəti əsasında toplanmış 506-C-20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə 14.08.2021-ci il tarixli qərarı qanuni hesab edildi.

Ancaq aşağıda qeyd edəcəklərimə əsasən, əminəm ki, məhkəmə də prokurorluq kimi, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq mənim şikayətimi təmin etməyib və qərarı qanuni hesab edib.

Mən artıq ikinci dəfədir aldadılıram. Həm prokurorluq, həm də məhkəmə tərəfindən. Mənim əlimdə faktiki sübut ola-ola şikayətimə baxan yoxdur. Prokurorluq tərəfindən aldadılmağımı cinayət işinin başlanmasının rədd edilməsi barədə verilən qərar haqqında 21.09.2021-ci il tarixdə mənə məlumat verilərkən bilmişəm. Əvvəl də mən Yasamal rayon Prokurorluğunun qanunsuz əməlləri barədə məhkəməyə şikayət edərək cinayət işinin başlanmasının rədd edilməsi qərarının ləğv edilməsini xahiş etmişdim. Həmin qərar Yasamal rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və araşdırlması üçün prokurorluğa göndərilmişdir. İşimə Yasamal rayon Prokurorluğunda baxılmadığına görə dəfələrlə şikayət etmişəm. Lakin prokurorluq heç bir tədbir görmədən, hətta ekspert rəyi ola-ola ki, DYP-nin əməkdaşı Vüsal Hacıyev məndən rüşvət alıb, ancaq cinayət işi açmamış və cinayət işinin başlanmasını rədd etmişdir. Prokurorluğun qərarını oxuyanda elə təsəvvür edirsən sonda müstəntiq qeyd edəcək ki, Vüsal Hacıyevin təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər sübutlar var. Lakin necə deyərlər, sən saydığını say, gör müstəntiq nə sayır. Yekunda müstəntiq öz mülahizəsinə əsasən, qeyd edir ki, bəli, Vüsal Hacıyevin rüşvət alması öz təsdiqini tapır, lakin onun bu rüşvəti alması qanunsuz yolla əldə edildiyindən ona cinayət işi açıla bilməz. Bu, necə olan şeydir? Bu, məni təhrik edir ki, sən mənə pul ver, mən də verirəm, indi də deyirlər, bu sayılmır. Bu, necə qanuna şərh verməkdir, bu, necə qanunu tapdamaqdır, bu, necə qanundan bildiyin kimi istifadə etməkdir?!

Görün, müstəntiq və ya prokurorluq nə qədər maraqlıdır ki, Vüsal Hacıyevin bu qədər qanunsuz əməllərini ört-basdır edirlər. İndi isə məhkəmə onlara qoşularaq işi ört-basdır edir. Bu cür iş prinsipi ilə məhkəmə və prokurorluq hara gedir?

Öncə bidirmək istəyirəm ki, DYP-nin polis mayoru Vüsal Hacıyevin məndən rüşvət alması, pulumu maşından oğurlaması faktını prokuror köməkçisi Elvin Kazımov mənimlə və Vüsal Hacıyevlə üzləşməmizdə təfərrüatı ilə bilirdi. Vüsal Hacıyev bunların hamısını etiraf etmişdir. Hətta Elvin Kazımov ona dedi ki, get, Rafil Həsənovla razılaş, yoxsa sən məsuliyyətə cəlb ediləcəksən. Lakin, sən demə, bunlar əlbir olaraq mənimlə oyun oynayıb və sübutları saxtalaşdırmaqla işi bağlayıblar.

Bildirmək istəyirəm ki, mən - Həsənov Rafil Abasət oğlu 16.10.2020-ci il tarixdə, saat 21:30-22:00 radələrində Yasamal rayonundakı dairəvi yoldan üzü şəhərə doğru "Mitshubishi Pajero" markalı 90-VU-066 dövlət nömrə nişanlı avtomobilimlə hərəkətdə olarkən postda DYP-nin polis mayoru Vüsal Hacıyev məni saxlayaraq hərbi vəziyyətlə əlaqədar yoxlanış məqsədi ilə sənədlərimi tələb etdi. O, sənədlərimi yoxlayaraq qaydasında olduğunu gördükdən sonra mənə "deyəsən, içkilisən" söyləyib avtomobildən düşməyimi tələb etdi. Mən də öz növbəmdə içkili olmadığmı və sənədlərimin geri qaytarılaraq yoluma davam etməyimə icazə verilməsini xahiş etdim. Ancaq DYP əməkdaşı "içkilisən" deyib məni avtomobildən endirdi və bir müddət bayırda söhbət etdik. Sonra polis əməkdaşı Vüsal Hacıyev mənə avtomobilə oturmağı və danışığı orda davam etməyi bildirdi. Avtomobildə də Vüsal Hacıyev içkili olduğumu deyərək, mənə cərimə yazacağı ilə hədələdi. Mən də öz növbəmdə içkili olmadığımı bildirsəm də, o, məni dinləməyərək "səni 400 (DYP 400) deyib saxlamışıq və içkili qeydiyyata alırıq, aparırıq səni məhkəməyə", - deyə qəti qərarını bildirdi. Mən də onun bu qanunsuz hərəkətlərini görüb bütün olanları telefonuma qeyd etmək qərarına gəldim.

Uzun söhbətdən sonra mayor Vüsal Hacıyev məndən 600 manat pul tələb etdi və verməyəcəyim təqdirdə məni buraxmayacağını dedi. Mən də öz növbəmdə ondan bütün məlumatları almaq və bunu kimin sifarişi ilə etdiyini bilmək üçün onu xeyli söhbətə tutdum. Söhbətin sonuna yaxın pulu avtomobilin «bardaçok»undan götürüb Vüsal Hacıyevə verəndə o, mənim avtomobilimdə xeyli pulun olduğunu gördü. Puldan dollarları ayırıb ona verəndə avtomobilimin «bardaçok»unda 25 min manat pul vardı. Pulu verəndən sonra o, mənə dedi ki, gözlə, 400-lə danışım görüm səni buraxmağa razıdırsa, çıxıb gedərsən.

Həmin vaxt mən avtomobilimdən düşüb ayaqyoluna gedəsi oldum. Qayıdanda gördüm ki, avtomobilimin salonunun işığı yanır. Gördüm ki, sağ tərəfdən qapı tam bağlanmayıb. Fikirləşdim ki, yəqin polis əməkdaşı maşından düşərkən qapını yaxşı örtməyib. Mən geri qayıdanda Vüsal Hacıyev artıq avtomobilimin arxa tərəfində dayanıb məni gözləyirdi. O, mənə dedi ki, gedə bilərsən. Mən də maşınıma minib yoluma davam etdim. Bildirmək istəyirəm ki, bu baş verənlərin hamısı telefonun diktofonuna yazılıb və bütün danışıqlar var.

Evə çatıb "bardaçok"dakı pulumu götürmək istəyəndə pulumun orada olmadığını gördüm. Dərhal Vüsal Hacıyevə zəng edib avtomobilimdən pulumun oğurlandığını söylədim. O isə dedi ki, mən sənin maşınına miməmişəm və pul götürməmişəm, səhər görüşüb məsələni yoluna qoyarıq.

***

Müstəntiqin qərarının əsassız olması, işi tam araşdırmadan oğurluq, korrupsiya faktının üstünü ört-basdır etməsi ondan görünür ki, o, həmin vaxt məndən Vüsal Hacıyevə gedən zəngləri və nə vaxt, neçə dəqiqə danışdığımın heç birini araşdırmayıb. Yəni ən azından bunları araşdırıb sonra yekun qərar qəbul etməli idi.

Ona görə də, Qərarın ləğv olunması üçün əsaslardan biri məhz budur.

Hadisənin səhəri günü Vüsal Hacıyevlə "Gənclik" metrostansiyasının yaxınlığındakı "Gənclik Mall"un qarşısında görüşdük və mən ondan pulumu tələb etdim. O isə öz növbəsində "mən sənin maşınından pul götürməmişəm, get, kimə şikayət edirsən, et" dedi. Mən Vüsal Hacıyevə əlimdə onunla danışığımın səs yazısı olduğunu dedim və şikayət edəcəyimi bildirdim. Və ondan avtomobilimdən götürülmüş 25 min manatın və rüşvət kimi aldığı 600 manatı geri qaytarmasını tələb etdim.

O, əlimdə səs yazısının olduğunu biləndən sonra mənim üstümə xahişə adamlar göndərdi. Hətta telefonumda həmin adamların hamısının zəngləri durur. Prokuror köməkçisi həmin zəngləri də araşdırıb iş materiallarına əlavə etməli idi. Mənə dəfələrlə xahişə gələn şəxslər və Vüsal Hacıyev özü pul təklif edərək, 15-20 min manatla işi bağlamağı xahiş edirdilər. Lakin mən oğurlanmış 25 min manatımın və Vüsal Hacıyevə verdiyim 600 manatım qaytarılmayacağı təqdirdə şikayət edəcəyimi bir daha dedim.

Nəticədə, prokurorluğa müraciət etdim. Yekunda Yasamal rayon prokurorluğu və sonra da məhkəmə qanunsuz və əsassız qərar qəbul etdi".

R.Həsənov yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından Yasamal rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 6(004)-124/2021 saylı qərarının ləğv edilməsini və Yasamal rayon Prokurorunun köməkçisi Tamerlan Sadıqovun onun şikayəti əsasında toplanmış 506-C-20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə 14.08.2020-ci il tarixli qərarı ləğv edilməklə Hacıyev Vüsal Fərhad oğlu barəsində cinayət işinin başlanması üçün prokuroluğa göndərilməsini və müstəntiqlər Tamerlan Sadıqov və Elvin Kazımov barəsində xüsusi qərar qəbul edilməsini xahiş edib.

R.Həsənov inanır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ədalətli qərar çıxaracaq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN