Təəssüflər olsun, kiçik məmurların böyük əməllərinin altını Avropa İnsan Haqları Məhkəməsindən Azərbaycana göndərilən cəza qərarları ilə dövlətimiz çəkməli olur...

...Ağsu rayonunun adında rahat həyata, paklığa... işarə edən iki söz var: ağ və su! Bu rayonda doğulan adam niyə həm də ağ günə çıxıb, su kimi aydın və təmiz, şəffaf, pak və rahat həyata sahib olmasın?!

“Təzadlar”a daxil olmuş, redaksiyamızla telefon və elektron yazışma ilə əlaqə saxlamış şikayətçi qadının başına gələnləri eşitdikdən sonra bu qənaətə gəldik ki, sadəcə, Ağsuda yuxarıda qeyd olunan rahat həyata imkan verməyən məmurlar var. Bəs onlar kimlərdir??? Niyə insanların rahat olmalı həyatını zəhərə döndərirlər?

Ağsudan şikayətə səbəb nədir?

Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi-5 ünvanında yaşayan Cəfərova Nüşabə Əlisa qızı tərəfindən redaksiyamıza göndərilən şikayət Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ölkənin digər statuslu dövlət məmurlarına, həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova (Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına) və sonda Şəki İnzibati Məhkəməsinin sədri Vidadi Qasımova ünvanlıdır. Müraciəti təqdim edirik, özünüz oxuyub nəticə çıxarın:

- Çox hörmətli Cənab Prezident!

Yerli məmurların özbaşınalığı nəticəsində haqsızlıqla üzləşdiyim barədə Sizə müraciət ünvanlamışdım. Bir daha qısa xatırlatma vermək istəyirəm. Ağsu dolaylarının 150-ci km-də yerləşən, 1998-ci ildən mövcud olan və 2002-ci ildən mənə məxsus olan obyekt 2020-ci il 29 aprel və 1 may tarixlərində heç bir məhkəmə qərarı,  rəsmi xəbərdarlıq və tərəflərin rəsmi razılaşması olmadan söküldü. Pandemiyanı fürsət bilənlər obyektimi tari-mar etdilər. Məlumat üçün bildirim ki, bu obyekt “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadast İdarəsində Qeydiyyat Vəsiqəsi № 38” adı altında qeydiyyatdadır və tərəfimdən 2002-ci ildə notarial qaydada alğı-satqı müqaviləsi ilə alınıb. Mülkümün qanunsuz sökülməsi ilə bağlı olaraq, rəsmi qurumlara müraciət ünvanladım. Ağsu RİH-i rəsmi məktubla söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirdilər. Ombudsmana ünvanladığım müraciətə verilən cavabda da söküntünü Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığı məlum oldu. Həmçin 6 saylı Regional Ekologiya İdarəsi araşdırma apararaq, mülkümün Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən söküldüyünü təsdiq etdilər.

Bununla yanaşı, Regional Meşə Təsərrüfatı Mərkəzinin mənə yazdığı cavab məktublarında da söküntünü özlərinin apardıqlarını rəsmi qaydada  etiraf ediblər. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu RİH-ə ünvanladığı 03 iyun 2020-ci il tarixli, 388 saylı rəsmi məktubunda söküntünün onların tələbi ilə aparıldığı, söküntüdə Ağsu RİH-ə edilmiş müraciət əsasında sosial işçilərin imkanlarından istifadə edildiyi və s. qeyd edilib.

Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim. Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəfə qarşı Şəki İnzibati Məhkəməsində mülki iddia qaldırdım. Qanunvericiliyin tələblərinə görə, söküntünün aparılması üçün ilk növbədə məhkəmə qərarı olmalı idi. Amma buna əməl etməyən Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi bu dəfə əmlakın qeydiyyat vəsiqəsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırdı.

Buna, el arasında “...arxadan atılan daş”, yaxud, “Toydan sonra nağara...” deyirlər. Amma bu “daş” Mərkəzin direktoru Əfqan Qəribovun topuğuna dəydi. Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün digər vasitəyə əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədi ilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş sərəncama görə məhkəməyə verdi. Ağsu rayon Məhkəməsindən isə sərəncamla bağlı iş həll olunana qədər işi təxirə salınmasını tələb etdilər. Ağsu Rayon Məhkəməsi isə işi təxirə salınması haqqında qərardad çıxardı. Şəki Apellyasiya Məhkəməsində Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verdim. Məlum oldu ki, qərar düzgün verilməyib və Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və davam etdirilməlidir, məhkəmə qərarı icra olunmalıdır. Ağsu Rayon Məhkəməsi isə işə baxaraq yenidən qərar verməlidir. Qərar verildi və Əfqan Qəribovun iddiası təmin edilmədi və alqı-satqı müqavilsi qüvvədə qaldı. Artıq qərar hüquqi qüvvəsini alıb.

Cənab Prezident!

Əfqan Qəribovun qanunsuz hərəkətləri ilə bağlı olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin keçmiş rəisi Namik Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin keçmiş müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət etdim. Hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışdılar. Nazir Muxtar Babayevə də müraciət etdim. Eyni zamanda cənab nazir tərəfindən qəbul edilməm üçün dəfələrlə müraciət ünvanladım. Amma nazir məni qəbu etmədi, əvvəzində nazirin göstərişi əsasında 6 Saylı Ekologiya idarəsindən Nəriman Ciriyev adlı bir nəfər rayona gəldi. Məndən izahat tələb etdi. Mən də onun qanunla izahat ala bilmək səlahiyyətli qurumun əməkdaşı olmadığını ona izah etməyə çalışdım. Anlamadı, izahat yazdım. Amma izahatda yazdığım qaldı bir yana, 6 saylı idarənin rəisi Ziya Cəbrayılov mənə Əfqan Qəribovun hərəkətlərini əsaslandıran cavab verdi. Sonunda Ekologiya Nazirliyinin hüquq şöbəsindən Almməmmədov soyadlı hüquqşünas gəldi, məhkəmə qərarlarını gördü, sakitcə vədlər verdi getdi. Daha sonra  nazirliyin Daxili nəzarət şövəsinin rəhbəri gəldi, amma yenə də nəticə dəyişmədi. Bütün gələnlər haqlı olduğumu bildirsə də, sonunda heç də yaxşı nəsə olmadı.

Cənab Prezident!

Ulu Öndərimizin min bir əziyyətlə ərsəyə gətirdiyi Konstitusiyamızın 13-cü və 29-cu maddələrində mülkiyyət toxunulmazlığı təsbit edilib. Amma Ulu Öndərimizin və Sizin siyasətinizin əksinə olaraq Əfqan Qəribov vətəndaşın mülkiyyət toxunulmazlığını heçə saydı. Konstitusiyamızla yanaşı, Mülki qanunvericiliyin tələbləri də qorunmadı. Haqsızlığın kulminasiyası isə Şəki İnzibati Məhkəməsində baş verdi. 10.03.2022 tarixində keçirilən məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin nümayəndələri iştirak etmədi. Hakim Fərid İsmayılzadə məhkəmə iclasının gedişində hakim əxlaqına sığmayacaq ifadələr ilə gündəmə gəldi. 03.06.2020-ci il tarixində söküntünün Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən etiraf edilməsinə baxmayaraq, hakim hansısa bir naşının yazdığı əl məktubunu əsas götürə bilməyəcəyini qeyd etdi.

Mənə təəccüblü gələn isə dövlət qurumunu təmsil edən hüquqi şəxsin yazdığı, dövlət atributumuz olan gerbli məktubun hansısa “gədə” tərəfindən yazıldığının hakimin dili ilə deyilməsi oldu. Yəni, dövlət rəmzlərimiz və dövlətə məxsus möhür necə “gədə”nin əlinə düşüb?

Qeyd edim ki, 01.10.2020-ci ildə Ağsu RİH-i tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdimat göndərilib. Həmin təqdimatda Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin 03.06.2020-ci il tarixli məktubu  məhz Ağsu RİH-nin hüquq şöbəsinin müdiri Tofiq Kərimovun dərkənarı ilə yazılıb göndərilib. Burdan belə sual çıxır əgər hakim obyektin hansısa “gədə” tərəfindən söküldüyünü və məktubu da həmin “gədə” tərəfindən yazıldığını qeyd edirsə, onda bu rəsmi möhürlü, imzalı sənəd Ağsu RİH-ə necə təqdim edilib? 

Digər tərəfdən, hakim cavabdeh tərəflərin iclasda iştrak etməməsini belə əsaslandırdı ki, onlar bundan öncə gəlmişdilər, mən onlarla şifahi söhbət aparmışam və s.

Maraqlıdır, bura məhkəmədir və qarşımdakı hakimdir? Əgər məhkəmədirsə, cavabdeh niyə şikayətçidən əvvəl, iclasdan kənar qəbul edilir və sonra məhkəmədə iştirak etmir? Hakimin danışığından isə belə qənaətə gəlmək olar ki, bura məhkəmədən çox kolkoz bazarıdır. Sadəcə,  hakimin otağında bazar məhsulları yox idi... Bu düşündüyüm qədər biabrçılığın kulminasıya nöqtəsidir.

Bu azmış kimi, Azərbaycan Ombudsmanına 6-saylı Regional Ekologiya İdarəsi və Ağsu RİH-nin rəsmi məktubla söküntünün Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən aparıldığını, bu söküntüdə Ağsu RİH-nin işçilərinin qüvvəsindən istifadə edildiyini rəsmən yazıb. Hətta söküntünü aparan Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzi rəsmi məktubu ilə söküntünü apardıqlarını məxsusi etiraf ediblər. Amma hakim belə qərara gəlir ki, obyektimi “gədə” söküb və “...Sizin iddianızı təmin edə bilmərəm...”.  Söküntüyə dair video- görüntüdə olan rəsmi şəxsləri belə adlandırmaq təəccüblü deyilmi? Məncə, bu ədalətsizliyin bariz nümnəsidir. “Toxunulmazam və qərar verməkdə azadam” deyən hakimin azadlığı bu idisə, daha söyüm yoxdur. Əksinə, bu, imtiyazlardan sui-istifadənin bariz nümunəsidir. Qeyd edim ki, rəsmi qərarın çıxmasını gözləyirəm, apellyasiya şikayəti verəcəm.

Cənab Prezident!

Mən vergi ödəyicisi olmuşam- 2002-ci ildən söküntü aparılan müddətə qədər vergilərimi və DSMF-ə ödənişlər etmişəm. Bu cür məsuliyyətsiz məmurların sayəsində mənim ailəmə yüksək miqdarda maddi və mənəvi ziyan dəyib. Sizin bütün çıxışlarınızda sahibkarlara dəstək verilməli olduğunu eşidərkən qürür duyuram. Amma Əfqan Qəribov kimi hüquqi şəxslər, Fərid İsmayılzadə kimi isə hakimlər Sizin uğurlu siyasətinizə kölgə salmaqda davam edirlər. Bilmirəm, ədliyyə naziri, MHŞ-nin sədri Fikrət Məmmədov cənabları bu cür hakimlər haqqında nə düşünür???

Cənab Prezident!

Mən Azərbaycan məhkəmələrində müsbət nəticə əldə etməyəcəyim təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindəyəm. Amma mən həm də düşünürəm ki, axı belə məmur-hakimlərin qanunsuz əməllərinə görə niyə Azərbaycan dövlətinin adı hallanmalıdır??? Amma bu məmurlar məni buna məcbur edirlər, mən belə halda nə etməliyəm?! Uzun müddətdir yerli məmurlar mənim səsimin Sizə çatmasını əngəlləyirlər. Düşünürəm ki, səsimi sizə çatdırmağımın yeganə yolu beynəlxaq məhkəməyə müraciət etməkdir. Bu halda Sizə gələn hesabatlardan hansısa savadsız məmurun səhvi üzündən Azərbaycan Dövlətinin cəzalandırıldığını görüb, onların cəzalarını Siz verəcəksiniz. Amma adama ayıb gələn Əfqan Qəribov kimi hüquqi şəxsin, Fərid İsmayılzadə kimi hakimin səhvini hansısa Alman və ya Fransız hakimlərin  düzəltməsidir. Amma mən hüquqlarımın müdafiəsi naminə bunu etmək məcburiyyətindəyəm.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz.

Sizin səmimiyətinizə və ədalətinizə sığınıram!

Hörmətlə,

Nüşabə Cəfərova, Ağsu Şəhəri

Redaksiyadan: şikayətçinin əlavə etdiyi sənədlərin siyahısı onun nə dərəcədə haqlı olduğunu sübut edir: Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi, Ağsu RİH-nin rəsmi cavabı, Ombudsmanın rəsmi cavabı, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəsmi cavabları, 6 saylı Regional Ekologiya İdarəsinin rəsmi cavabı, Ağsu Rayon Məhkəməsinin qərarı, Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin Ağsu RİH-nə təqdim etdiyi 03.06.2020 tarixli 388 saylı məktubu, Söküntüyə dair video fakt, Ağsu RİH-nin Şəki İnzibati Məhkəməsinə 01.10.2020 tarixli təqdimatı, Şamaxı Regional Meşə Təsərüfatı Mərkəzinin Şəki İnzibati Məhkəməsinə təqdimatları və s. Və bütün bunların əvəzində hakim Fərid İsmayılzadənin qəbul etdiyi qanunsuz və əsassız qərarı  utancvericidir. Redaksiya bu məsələdə Ədliyyə Nazirliyinə araşdırma sənədlərini və məqaləni təqdim edəcək.

“Təzadlar”ın Araşdırma Qrupu  

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN