Tbilisi meri Kaxa Kaladze şəhər məclisinə 2025-ci il üçün şəhər büdcəsinin təqdimatı zamanı bildirib ki, ölkə hakimiyyətinin Ukrayna ssenarisində iştirak etməkdən və onun göstərişlərinə əməl etməkdən imtina etməsi səbəbindən Qərb Gürcüstana marağını itirib.
Tezadlar.az TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Gürcüstana böyük təzyiqlər olub ki, hakimiyyət öz xalqının deyil, başqa ölkələrin maraqlarından çıxış etsin.
“Gürcüstan öz maraqları üçün sınaq meydanı kimi istifadə edilməli idi. Gürcüstanı zəiflətməkdən, üstəlik, onu dağıtmaqla öz qondarma dostlarının göstərişlərini yerinə yetirməkdən boyun qaçıran “Gürcü Arzusu” hökuməti onlar üçün qəbuledilməz oldu”, - Kaladze bildirib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin hakim “Gürcü Arzusu” partiyasını “rejimin süqutu” ilə hədələyib. Onun sözlərinə görə, indiki vəziyyətdə güzəştlər, müəyyən şeylərin tanınması və kompromislər lazımdır.
Bundan əvvəl Zurabişvili dekabrın 29-da dövlət başçısının səlahiyyətləri başa çatdıqdan sonra mandatını təhvil verməmək niyyətini təsdiqləyib. O, yeni parlament seçkiləri keçirilməyənə qədər istefa verməyəcəyini vurğulayıb. Zurabişvili həmçinin Avropa İttifaqını etirazçıları dəstəkləməyə çağırıb, “Gürcü Arzusu” ilə təmasların olmadığını bəyan edib.
Dekabrın ortalarında keçirilən seçkilərin nəticələrinə görə, Gürcüstanın yeni prezidenti "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının namizədi Mixail Kavelaşvili olmalıdır. 300 seçicidən 224-ü onun lehinə səs verib.
E.ŞİRİNOV