"Hospitaldan verilən sənədləri rayonun Mərkəzi Xəstəxanasına təqdim etdim. 2021-ci ilin yanvar ayında sənədlərim sistemə vuruldu, ancaq cavab oktyabr ayının sonlarında gəldi. İmtina cavabında “natamam doldurma” göstərilmişdir. Bununla bağlı araşdırmaya müraciət etdim. Məlum oldu ki, xəstəxanada mənim sənədlərim səhv kodlaşdırılıb. Sistemə vurulan sənəddə xəstəliyim yüngül beyindaxili təzyiq göstərilib".

Bunu Gəncə sakini Rasim Salmanov deyib. Bildirib ki, o, 2018-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrində xidmətdə olub. 2020-ci ilin may ayından xəstəliyi ilə əlaqədar xidmətdən tərxis olunub: “2020-ci il fevralın 21-də ürəkdöyünmə və təngnəfəslik şikayəti ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişəm. Edilən EKQ müayinəsində “ürək ritminin mədəcik ekstrasistoliyası tipdə pozulması” aşkarlanıb (ürək aritmiyası - red.). Fevralın 27-də hərbi hissə komandiri tərəfindən müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına (SQ BKH) göndərilmişəm. Orada 3 ay 10 gün müalicə aldıqdan sonra may ayında xəstəliyimlə əlaqədar Sülməramlı Qüvvələrdən tərxis olunmuşam.”

Şikayətçi SQ BKH-dan verilən sənədlərə əsasən əlliyini təyin etdirmək üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq xəstəxanadan edilən səhv kodlaşmaya görə ona imtina cavabı gəlib.

R.Salmanovun sənədləri ikinci dəfə sistemə vurulub və aprelin 23-də ona təkrar imtina cavabı gəlib. İmtinanın səbəbi kimi isə göstərilib ki, “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Mütəxəssis rəyləri xəstəliyin ağırlaşmasını təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun”.

R.Salmanov bu imtinadan sonra Əlilliyin Bərpa Mərkəzində qeydiyyatdan keçmək üçün Bakıya gəlib: “Aprelin 26-da üçüncü dəfə sənədlər sistemə vuruldu. Bildirdilər ki, 20 iş günündə sizə cavab gələcək. Ancaq bir aydan çoxdur ki, nə təsdiq, nə də imtina cavabı gəlib. Xəstəxanada edilən səhv kodlaşmaya görə əlilliyimi təyin etdirə bilmirəm”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN