Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfrans zamanı diqqətə çatdırıb ki, bu gün dövlət büdcəsinin gəlirlərinin 44 faizindən çoxunu vergi daxilolmaları təşkil edir.
O, qeyd edib ki, ölkədə azadolmalar yığılan vergi məbləğinin də təxminən 50 faizi həcmindədir, amma dünyada iqtisadçılar arasında belə bir fikir var ki, azadolmalardansa ünvanlı yardımların artırılması daha effektli olur.
Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə də araşdırmalar aparılır.
T.Mirkişilinin sözlərinə görə, Dövlət Vergi Xidmətinin tətbiq etdiyi alətlərin böyük əksəriyyəti Vergi Məcəlləsinin təkmilləşdirilməsini tələb etməkdədir: “2000-ci ildə qəbul edilən Məcəllə o zaman vergi orqanının fəaliyyətindən daha irəlidə idi. Amma bu gün İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin həyata keçirdiyi alətlər artıq Məcəllənin təkmilləşməsinə və yenidən yazılmasına ehtiyac yaradır”.
Xatırladaq ki, bu gün - fevralın 10-da İqtisadiyyat Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans öz işinə başlayıb.
***
Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manat, xərcləri 33 353 278,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilib.
Həmçinin dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 579 300,0 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2023-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
Beləliklə, Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 969 346,5 min manat müəyyən edilib.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 934 535,0 min manat məbləğində müəyyən edilib.
Y.MƏMMƏDLİ