Bu gün Azərbaycan üçün ən tarixi günlərdən biridir. Uzun illər həsrətində olduğumuz günləri yaşayırıq. Xankəndində ucaldılan bayraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası deməkdir.
TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert, deputat Vüqar Bayramov dövlət başçısı İlham Əliyevin Xankəndinə səfəriindən danışarkən bildirib.
"İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə üçrəngli bayrağımız qədim torpaqlarımızda göylərə qaldırıldı. Müzəffər Ali Baş Komandanımız 20 il öncə ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəfləri reallaşdırdı: artıq Azərbaycan öz tarixi ərazilərində suverenliyini tam bərpa edib", - deyə deputat vurğulayıb.
O, diqqətə çatdırıb ki, erməni işğalından azad etdiyimiz yurd yerlərimiz münbit torpağa, gözəl təbiətə malikdir və bu o deməkdir ki, bu bölgəmizdə iqtisadiyyatın müxtəlif sahələri, həmçinin turizmçilik də inkişaf edəcək və ölkə iqtisadiyyatına milyonlarla manat xeyir gətirəcək.
"Bu zəfər həmçinin Azərbaycan üçün iqtisadi məna da kəsb edir. Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhvə verəcək. İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir.
Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidən qurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu ölkə tarixində yeni səhifənin açılması deməkdir", - deyə Vüqar Bayraov diqqətə çatdırıb.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırıb.
Prezident çıxışı zamanı mühüm mesajlar da verib:
"Bu hər kəs üçün dərs olmalıdır. Bu gün Ermənistanda qisas almaq arzusunda olanlar üçün. Qoy nə baş verdiyini xatırlasınlar! Bu gün qaldırdığım bayraq burada əbədi dalğalanacaq, biz həmişə burada yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
JASMİN