Şəki rayonunun Qoxmuq kəndi müəyyən qədər su ilə təmin olunsa da, hazırda kəndin 60-a yaxın təsərrüfatı susuz qalıb. Səbəb 2 il əvvəl çəkilən Qoxmuq-Babaratma yolunun asfaltlaşdırılması zamanı su ötürücü borunun çıxarılması, inşaat işlərindən sonra isə yerinə qoyulmamasıdır.
Kənd sakini Nüsrət Cabbarov bildirir ki, sözügedən borunun çıxarılması 37 hektar taxıl əkinini, eləcə də tütün və tərəvəz sahələrini susuz qoyub.
"Su kanalımız var və 1000 hektar sahəni suvarmaq gücünə malikdir. Lakin yol çəkiləndə su borusunu çıxarıb kənara qoydular. Sonra da borunu yerinə qaytarmadan yolu asfaltlayıblar. Ərazidə o qədər su ola-ola niyə torpağı suvara bilməyəsən?", - deyə N.Cabbarov narazılığını dilə gətirir.
Digər kənd sakini Şamil Davudov da deyir ki, suyun olmaması məhsuldarlığı yarıbayarı azaldıb. Onun sözlərinə görə, hər il bəzi kəndlilərin əkin üçün çəkdikləri 500-600 manata yaxın xərc havaya sovrulur.
"Əvvəllər 40 sentnerə qədər məhsul əldə edilən taxıl sahəsindən su olmaması səbəbindən indi heç 20 sentner də götürmək olmur. Tütünçülər, tərəvəzçilər isə su olmadığından sözügedən ərazidə, ən məhsuldar torpaqlarında da əkin əkə bilmirlər. Ötən il mənim sahəmə kombayn girmədi, bu il də problem həll edilməsə, yenə eyni vəziyyət yaranacaq", - deyə Ş.Davudov gileylənir.
Məsələ ilə bağlı Qoxmuq kənd bələdiyyəsindən bildirilib ki, sözügedən ərazidə su borusunun olmaması taxılçılıqda məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, tütünçülüyə və tərəvəzçiliyə ciddi mənfi təsir göstərir. Bələdiyyə üzvü Hikmət Cavadov deyir ki, problemin həlli üçün isə əlaqədar təşkilatların icazəsi lazımdır: "Sözügedən yol 3-4 metr enində adi kənd yoludur. Asfalt örtüyünə toxunmadan borunu yerinə qoymağa texnika yoxdur. Əgər icazə verilsə, səliqə ilə asfaltı kəsərək sonradan bərpa edə bilərik".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kənd sakinləri məsələ ilə bağlı rəsmi qaydada quruma müraciət etməlidirlər: “Əməkdaşlarımız yerində əraziyə baxış keçirdikdən sonra sakinlərin problemi həll edilər”.
E.ŞİRİNOV