Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin rəhbərliyi daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib. Buna səbəb Yardımlıda narkotacirlərə qarşı son vaxtlar aparılan amansız mübarizənin bəhrə verməsinə görə nazirə minnətdarlıq edilməsidir.
Müraciətdə deyilir:
"Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik, cənab Vilayət Eyvazova
Hörmətli Vilayət müəllim, Yardımlı rayonunda narkomaniyanın törətdiyi fəsadlardan narahat olan “Yardımlı Xeyriyyə Cəmiyyəti” bu günlərdə Sizə müraciət ünvanlamışdı. Həmin müraciətə əsasən rayonumuzda tez bir zamanda narkoticarətçilərə qarşı amansız mübarizə aparılmış, 10-a yaxın cinayətkar həbs edilmişdir. Bu da sağlam düşüncəli rayon ictimaiyyətinin sevincinə səbəb olmuşdur.
Bu gün Yardımlıda hamı Sizin bu məsələyə çevik münasibət bildirməyinizdən razılıqla danışır, Polisin gördüyü işlərdən məmnun olduqlarını fəxarətlə dilə gətirirlər. Bunu Yardımlı gənclərinin gələcəyi istiqamətində misilsiz addım kimi dəyərləndirirlər…
Cənab nazir, Yardımlı ictimaiyyətini təmsil edən bir ictimai təşkilat kimi müraciətimizə göstərdiyiniz diqqətə görə, Sizə minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
Allah yar və yardımçınız olsun!
Hörmət və ehtiramla,
Elman Eldaroğlu,
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri".
Bəli, narkomaniya elə bir bəladır ki, hamılıqla gələcəyimizi qorumaq üçün bu bəlaya qarşı mübarizə aparmalıyıq.
Təqdim etdi: A.Məmmədli