«Təzadlar» qəzetinin 30.11.2021-ci il tarixli sayında tanınmış jurnalist, həmin qəzetin baş redaktoru Asif bəy Mərzili «İslah müəssisələrində islah olunmayan məhbuslar» adlı məqaləsində

cəzaçəkmə müəssisələrində məhkumların niyə islah olunmadıqlarını, cəzasını çəkib azad olunan məhkumların yarısının təkrar cinayət etdiyini, bu dəfə əvf olunacaq 17 min məhbusun sonrakı taleyi və bu humanizmin əvəzində təkrar cinayət törədilməsinin səbəblərini düşünərək hamıya, – «Gəlin birlikdə düşünək və bu suala birlikdə cavab verək: niyə məhkumlar islah müəssisələrində həbsxanalarda islah edilməz olur?» sualı ilə müraciət edir.

 Öncə bunu qeyd edək ki, dünyada elə bir insan olmayıb, yoxdur və olmayacaq ki, o cinayət edə bilməsin. «Cinayət» geni hər bir insanda mütləq mövcuddur. İnsandakı bu cinayət genini hərəkətə gətirərək onu cinayət etməyə təhrik etməsinin səbəbləri isə üfiqi anlamda çox geniş, şaquli anlamda isə çoxpilləli piramida şəklində bir-birilə çox sıx, üzvü surətdə bağlı olan amillərdən birbaşa asılıdır. Üfiqi və şaquli anlamda insana fiziki, mənəvi, psixoloji cəhətdən təsir edək onun davranışına təsir edə biləcək hadisələr, onların şiddət dərəcəsi, davamlılığı qarşısındakı hər bir insanın şüur səviyyəsi, iradəsi, məntiqi, maraqları və sairənin müxtəlifliyi Asif bəyin qoyduğu suala qısa və birmənalı düzgün cavab verməyin mümkünlüyünü istisna edir. Lakin bu səbəbləri ümumiləşdirib, yaranma mənbələri üzrə qruplaşdırmaqla bu sualı mahiyyət etibarilə cavablandırmaq mümkündür. Qoyulmuş sualın yaranma səbəblərini ilk növbədə cəmiyyətin iqtisadi sistemində sonra isə bu iqtisadi sistemin məzmun və mahiyyətinə uyğun yaratdığı üstqurumda, yəni, cəmiyyətin ictimai sistemində: qanunvericiliyində, inzibati, tədris, tibbi və s. sistemlərində axtarmaq lazımdır. Çünki, cəmiyyətin iqtisadi sistemindən doğan münasibətlər, onun ictimai sisteminə həndəsi silsilə ilə təsir göstərir və bu münasibətləri formalaşdırır. Başqa sözlə cəmiyyətin iqtisadi sistemində olan ədalətsizlik onun hüquqi, inzibati və s. sistemlərində əks olunmaqla bərabər nəticə olaraq cəmiyyətdə məmurların və vətəndaşların cinayətlərində ortaya çıxır. Buna görə də bu gün dünyada mövcud olan bütün dövlət mexanizmləri bir-birindən nisbi olaraq müəyyən qədər fərqli səviyyədə olsa da, hamısı dövlətin vətəndaşları əzmək vasitəsi və cəmiyyətdə baş verən cinayətlərin əsas istehsalçısı olaraq qalır. Əslində hər hansı bir konkret cinayət törədən şəxsi cəzalandıran dövlət orqanları onu dövlət mexanizminin yaradıb, ərsəyə gətirərək vətəndaşın vasitəsilə reallaşdırılımış cinayətə görə onu cəzalandırır. Cəmiyyətdə vətəndaşların tibbi, zehni və s. durumundan asılı olaraq baş verən cinayətlərin miqdarı cinayətlərin ümumi sayının 5-10 faizindən çox olmur və bunun da bir hissəsi dövlət sistemində mövcud olan texniki-təşkilati nöqsanların payına düşür.

***

Hər bir cəmiyyətin iqtisadi, ictimai münasibətlərinin məzmun və mahiyyətinin ümumi çərçivəsi onun Anayasası ilə müəyyən edilir. Bunu dünyanın iqtisadi-ictimai cəhətdən inkişaf etmiş ölkələri ilə digər ölkələrin Anayasasının uyğun müddəalarını müqayisə etdikdə də çox asanlıqla görmək olar. Adıçəkilən məqalədə verilən rəsmi statistik məlumatlara görə dünyada bu günə mövcud olan məhbusların sayı 11 milyondan çoxdur. Bunun yarısı isə təkcə beş ölkənin (ABŞ – 2,2 mln., Çin – 1,6 mln., Rusiya – 640 min, Braziliya – 607 min, Hindistan – 418 min) payına düşür. Hər min nəfərə düşən məhkumların sayını müqayisə etsək Azərbaycanın bu sahədə göstəriciləri Braziliya, Çin, Hindistan kimi ölkələrə nisbətdə daha arzuedilməyəndir ki, bu da ölkənin Anayasasında mövcud olan ciddi eybəcərliklərdən xəbər verir. Anayasadakı bu eybəcərliklərin reallaşdırılmasının ikinci mərhələsi Anayasadan irəli gələn, hadisə və prosesləri birbaşa nizamlamalı olan inzibati qanunların yarımçıq, deklarativ, icra mexanizmi olmayan bir məzmunda qəbul edərək onların mahiyyəti üzrə icrasını dövlət məmurlarının iradəsinə buraxılması ilə bərabər dövlət məmurlarına cəzasızlıq şəraiti yaradılmasıdır.

Bundan başqa hər hansı bir cinayətə görə verilən cəzanın cinayət əməlinə adekvat olmaması, islah müəssisələrinin fəaliyyətinin ictimai nəzarətdən kənar saxlanılması, ədalətsiz və eybəcər əfv mexanizminin mövcudluğu, cinayət işlərinin təhqiqatı, məhkəmə, prokurorluq orqanlarının fəaliyyəti prossesində qanun ilə müəyyən edilmiş eybəcər üsullar dövlət mexanizminin daim, durmadan cinayət istehsal etməsi üçün real hüquqi şərait yaratmış olur. Bütün sahələrdən olan müxtəlif çaplı dövlət məmurlarının, o cümlədən polis, məhkəmə prokurorluq orqanlarının məsul əməkdaşlarının öz vəzifə cinayətlərinə «mən kiməm ki, dedilər belə et, mən də etdim» – deyərək özlərinə bəraət qazandırması kütləvi hal olsa da, bir çox bu qəbildən olan halların istisna hallar olduğu iddia edilə biləcəyindən mən bu hallara toxunmadan inkar edilməsi mümkün olmayan eybəcər halları göstərəcəyəm.

 Birincisi, ölkədə vahid Təhqiqat İdarəsi yoxdur. Polisin, Prokurorluğun, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi idarəsinin, Dövlət Vergi İdarəsinin öz təhqiqat xidmətləri var. Məlumdur ki, çox cinayət əməllərinin hüquqi, tərəfləri ilə yanaşı onun iqtisadi, sosial və s. tərəfləri var. Ayrı ayrılıqda mövcud olan lokal təhqiqat xidmətlərinin baş verən cinayətləri hərtərəfli təhqiq edərək obyektiv nəticə çıxarmağa nə kadr, nə texniki avadanlıq, nə də təşkilati imkanları yoxdur. Bundan başqa bunlardan üçünün, hər birisinin vətəndaşı istənilən qədər saxlayaraq, onlara istədikləri işgəncəni verməklə etmədiyi cinayəti vətəndaşın boynuna zorla qoymaq şəraiti olan özəl müvəqqəti saxlanc yerləri var. Bu yerlər ictimai nəzarətdən kənarda olmaqla yanaşı bu orqan məmurlarının vətəndaşa qarşı istənilən cinayəti törətməyə və bu halda heç bir cinayət məsuliyyəti daşımamağa hüquqi, texniki, təşkilati şəraiti var. Onlar daim cinayətkar istehsal etməyə bundan gen-bol istifadə edirlər.

***

Bu dövlət orqanlarının təhqiqat xidmətləri ləğv edilərək ölkədə vahid Təhqiqat Xidməti İdarəsi yaradılarsa ilk növbədə bütün təhqiqat işlərinin dolğun, hərtərəfli, keyfiyyətlə aparmaq imkanı yaratmaqla bərabər, təhqiqatın şəxsi, hər bir idarənin korporativ maraqları müstəvisi və çərçivəsindən çıxararaq, təhqiqatın qanun müstəvisində, ümumdövlət maraqları çərçivəsində aparılmasına şərait yaratmış olar. Ölkənin müxtəlif ərazilərində olub, vahid sistemdə birləşən saxlanc yerləri cinayətin xarakterinə görə bir-birindən təcrid edilmiş, daim ictimai nəzarətdə olan, gündə 3 dəfə normal qida ilə təmin edilən, mehmanxana tipli qorunan qapalı yer olmalıdır. Hansı dövlət orqanı tərəfindən saxlanılmasından asılı olmayaraq vətəndaş birbaşa müvəqqəti saxlanc yerinə gətirilməli və saxlanılma səbəbi, vaxtı və s. göstərilməklə saxlanc yerinə təhvil verilməlidir. Həmin şəxsin cinayəti və ya qanun pozuntusu dərhal növbətçi müstəntiq tərəfindən ilkin araşdırılmalı, əməlində cinayət tərkibi olduqda 48 saat ərzində qəti-imkan tədbiri seçilməsi, qolbaq, yaşadığı evdən, ərazidən, ölkədən çıxmamaq haqqında iltizam və s. barədə məhkəmə qərarı çıxarılmalıdır. Əməlində cinayət tərkibi olmadıqda dərhal azad edilməlidir. Müvəqqəti saxlanc yerində müvəqqəti saxlanılan, qanuni qüvvəyə minən məhkəmə qərarına qədər həbs olunan şəxslərlə istintaq prossesi üçün nəzərdə tutulan, hər tərəfi şəffaf, müstəntiq, vəkil, prokurorla hər hansı bir fiziki təması mümkünsüz edən, bütün istintaq və görüş prosseslərinin səs və görüntüləri yazılaraq mühafizə edilməli, istintaqın sonunda görüşlərin qeydiyyatı kitabından görüşlərin dəqiq vaxtı və müddəti göstərilməklə səs yazısı və görüntülərin bir surət olmaqla hakimə, prokurora, müstəntiqə vəkilə, təqsirləndirilən şəxsə verilməlidir. Bununla da təhqiqat və məhkəmə prossesində vətəndaşın qanunsuz olaraq cəzalandırılması çox çətin olacaq.

Bu şərait vətəndaşların qanuni hüquqlarının qorunması səviyyəsini əhəmiyyətli dərəcədə qaldırmaqla bərabər, polis, prokurorluq, məhkəmə orqanlarında rüşvət, korrupsiya hallarının da qarşısını xeyli almış olacaq.

İslah müəssisələrinin işinə gəldikdə isə məqalədə dövlətin hər məhbusun saxlanılmasına ayda 700 manat xərc çəkdiyi, və bunun da ildə 7-8 milyon manatın göyə sovrulduğu deyilir. Birincisi hər məhbusun saxlanılmasına dövlət büdcəsindən ayda 700 manat ayrılırsa və ölkədə 22000 məhbus varsa onda bu məbləğ ayda 15,4 milyon manat, ildə isə 184,8 milyon manat təşkil edir. Əslində bu dövlət büdcəsindən silinən pulun miqdarıdır. Reallıqda isə hər bir məhkumun saxlanılmasına ayda 70 manatdan da az pul xərclənir ki, bu da 1,54 milyon manat, ildə də 18,48 milyon manat təşkil edir. Bu məbləğin də xeyi hissəsi islah müəssisələrinin rəhbərliyi tərəfindən mənimsənilir. Məhkumların əksər hissəsinin nəinki mövcudluqları onların yaxınlarının gətirdikləri ərzaq, paltar, pul hesabına təmin edilir, üstəlik bunların məhbuslara çatdırılması üçün onlardan rüşvət də alınır. Bundan başqa da minimum əmək haqqının 250 manat olduğu ölkədə, dövlətin hər məhbusun saxlanılmasına 700 manat xərcləməsini düşünmək belə absurd və gülünc olardı.

İslah müəssisələrində istehsal sahələrinin təşkil edilməsi bir çox səbəblərdən, ilk növbədə təhlükəsizlik baxımından o qədər də asan məsələ deyil. Bu xüsusilə ölkə əhalisinin yarıdan çoxunun faktiki olaraq işsiz olduğu, müxtəlif sənaye sahələrinin inkişaf etmədiyi, qanunsuzluğun baş alıb getdiyi ölkədə lap çox çətin məsələdir. İslah müəssisələrində müəssisənin bütün ərazilərinə, o cümlədən məhbusların yaşadıqları, inzibati heyətin iş otaqları da daxil olmaqla nəzarətin təmin edilməsi üçün daim səs və görüntüləri qeydə alan videokameralar qoyularaq onlar müstəntiqin, prokurorun, hakimin, vəkilin, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin, məhbusların yaxınlarının bu görüntülərlə qanunla müəyyən edilmiş qaydada tanış ola bilməsi məqsədilə arxivdə qorunarsa, bu islah müəssisələrində baş alıb gedən qanunsuzluqların qarşısını əhəmiyyətli dərəcədə almış olar.

Mən bu tədbirlərin bu sahədə olan eybəcərliklərin hamısının qarşısını ala biləcəyini iddia etmək fikrində deyiləm. Çünki, cəmiyyətdəki bütün sahələrdə baş verən prosseslər üfüqi və şaquli istiqamətdə bir-birilə üzvü surətdə əlaqədar oldugundan, bu sahədəki nöqsanların tam aradan qaldırılması üçün ölkədə qlobal, kompleks, dərin və radikal islahatların aparılması zəruridir. Belə bir islahatı nəzərdə tutan Anayasanın əsas müddəalarını mən məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə birlikdə işləyərək 2020-ci ildə «Elm və Təhsil» nəşriyyatında çap edilmiş «Obyektiv iqtisadi qanunların iqtisadi-ictimai formasiyalarla qarşılıqlı əlaqəsi və müasir dövlətin anayasasının əsas müddəaları» kitabında göstərmişik.

***

«İslah müəssisələrində islah olunmayan məhbuslar» məqaləsində xaricdən gələn hüquq müdafiəçilərinin həmişə həbs olunanların hüquqları ilə maraqlandıqları halda, zərərçəkənlərlə heç kimin maraqlanmadığına öz təəccübələrini ifadə edirlər. Bunun bir neçə əsas səbəbi var. Birincisi, beynəlxalq arenada yaradılıb fəaliyyəti maliyyələşdirilən hüquq-müdafiə təşkilatları dünya ağalığına iddialı olan, öz iqtisadi-ictimai quruluşunu digər ölkələrə etalon kimi sırımaq istəyən iri dövlətlər tərəfindən yaradılaraq lazım gəldikdə öz maraqlarını kiçik dövlətlərə qəbul etdirmək üçün bir təzyiq vasitəsi kimi yaradılıb və maliyyələşdirilir. Yəni, bütün bu təşkilatlar onları yaradan dövlətlərin mənafe və maraqlarının təmsilçiləridir. Onların zərərçəkənlə deyil, məhz məhbusların hüquq və vəziyyəti ilə maraqlandıqlarının da səbəbi budur ki, zərərçəkən ölüb, ya şikəst olub, ya da ki, maddi, mənəvi zərərə məruz qalıb. Buna qarşılıqlı olaraq dövlət cinayətkarı cəzalandırıb. Zərərçəkən üçün insident formal olaraq bitib və onun bundan başqa (ədalətsiz, qanunsuz, hökm, qərar istisna olmaqla) iddia edə biləcəyi heç nə yoxdur. Cinayətkar isə hələ cəza çəkir, özü və yaxınları bu cəza prosesinin gedişinə həssasdır. Məhz bu məsələdə olan hər hansı bir nöqsanla maraqlanmaq, bu nöqsana etiraz etmək isə cinayət törədənin, onun yaxınlarının, hətta məsələnin dərininə vara bilməyən kütlənin gözündə bu təşkilatlara ədalətin carçısı statusu qazandırır və onların siyasi çəkisini qaldırır. Bununla da iri dövlətlərin öz maraqlarını kiçik dövlətlərə qəbul etdirmək məqsədilə bu təşkilatdan kiçik dövlətlərə təzyiq vasitəsi kimi istifadə etmək xeyli asanlaşır. Məsələn, bir müddət bundan öncə Bakının küçələrində sürü ilə gəzib qadınları, uşaqları sözün əsil mənasında terror edən sahibsiz itlərdən dördünün öldürülərək xəndəyə atılan şəkilləri elektron KİV-də görünən kimi, xarici it, pişik hüquqlarının müdafiəçiləri ölkəyə qarşı güclü hay-küy qaldırdı.

 Leyla Əliyeva işə qarışıb, bu itləri öldürənlərdən yeddi nəfəri işdən çıxarıldıqdan, sahibsiz itlərin saxlanılması üçün xüsusi yerlər yaradılacağı elan ediləndən sonra ara səngidi. Nəticə isə bundan ibarətdir ki, Bakının mərkəzi küçələrində, hətta bu gün də sahibsiz itlər qadın və uşaqları terror edir, rayonlarda isə əhalinin təsərrüfatına hücum edərək əhaliyə zərər vururlar. Xaricdən gələn hüquq-müdafiə təşkilatları öz mahiyyətlərini təkcə dustaqlar, onlardan zərər çəkənlərə olan münasibətlərində deyil dövlətlərarası, millətlərarası münasibətlərdə də açıq nümayiş etdirir. Buna bariz misal olaraq son otuz ildə Ermənistan dövlətinin Azərbaycana, öz türk vətəndaşlarına qarşı etdiyi cinayətlərə, Ermənistan prezidenti Sarkisyanın Xocalı qətliamının onun başçılığı ilə törədilməsini, Zori Balayanın azərbaycan türkü olan körpə uşaqları necə əzabla öldürdüklərini fəxrlə, açıqcasına etiraf etməsinə, Azərbaycanın abad yaşayış məntəqələrini xarablıqlara çevirmələrinə və s. milyonlarla nəinki beynəlxalq hüquqa sığmayan, hətta Hitler faşizminin belə etmədiyi cinayətlərə kor olması, üstəlik bu cinayətləri törədib bu gün də davam edən bir ovuc cinayətkar erməniyə Qarabağda status tələb etmələri, ermənilərin bu xarabaya çevirdikləri əraziləri bərpa etmək zərurəti qarşısında qalan Azərbaycana yardım etmək, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini ermənilərdən tələb etməsi əvəzinə bizə iddialar etməyə bəhanə axtaran bu beynəlxalq hüquq müdafiə təşkilatlarının niyyəti, məqsədi, fəaliyyətinin mahiyyəti cüzi məntiqi, məlumatı olanlara gün kimi aydındır. Buna görə də onların iddialarına ciddi əhəmiyyət verməmək, vaxtında cavablarını verib onları susdurmaq lazımdır. Məgər Azərbaycanda türk milli ərazisində, türk dövlətində yaşayan 20-25 mindən az erməniyə status tələb edənlərin rusiyada 2,5 milyon, ABŞ-da 2,2 milyon, Fransada 2,5 milyon, 81 milyon 672 min 300 nəfər əhalisi olan İranda 52,2 milyondan çox türkün dilinin, təhsilinin, mədəniyyətinin fars şovinist hakimiyyəti tərəfindən qadağan edilməsindən, hətta türk dilində danışanların cərimə edildiyindən xəbəri yoxdurmu? Əlbəttə ki, var!

 Azərbaycanda həyatın bütün sahələrində öz həllini gözləyən, hətta bütün əndazələrdən çıxmış yetərincə problemlər var və bunlar həll edilməlidir. Otuz ildir ki, Azərbaycanın istiqlalını erməni işğalı vasitəsilə qandallayıb diz çökdürülmüş Azərbaycanı ayağa duraraq öz daxili və xarici problemlərinin həll edilməsinə imkan verməyənlərin niyyəti 44 günlük vətən müharibəsindəki müvəffəqiyyət sayəsində tam neytrallaşdırılmasa da, artıq sındırılıb. Bu prosses sona çatdıqca Azərbaycandakı bu problemlər həll edilməlidir və ediləcək də. Lakin bunlar hamısı xarici dövlət və təşkilatların çaldığı havanın küyünə uymaqla deyil, cəmiyyət üzvlərinin şüurlu, dərk edilmiş elmi əsaslarla ancaq özümüz tərəfindən həll edilməlidir. Hələ ki, Azərbaycan qandaldan azad etdiyi yaralarla dolu bir qolunu sağaltmaqla yanaşı, hələ qandalda qalmış digər qolunu da azad etməyə çalışır.

 Asif bəyin məqalənin sonunda 2020-ci ildə məhkəmələr tərəfindən həbsxanaya göndərilən 9946 məhkumun 4193 nəfərinin (42,2%) təkrar cinayət törədənlərin olduğunu Ədliyyə Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırması isə heç nəyi həll etmir və edə də bilməz. Belə ki, nə qədər ki, bütün dünyada, o cümlədən Azərbaycanda inzibati mexanizmlər bəzən cinayət və cinayətkar istehsal edən, vətəndaşa ancaq zor tətbiq etmək mexanizmi olaraq qaldıqca ədliyyə nazirlikləri bu mexanizmin bir hissəsi, onun rəhbərləri isə bu hissənin bir vinti olaraq qalmağa, mexanizmin istehsal etdiyi məhsulun (bu halda cinayət və cinayətkarlığın) istehsal prossesində onun üzərinə düşən vəzifəni tam icra etməyə məhkumdur. Bu səbəbdən cəmiyyətdə hər hansı bir köklü problemin həll edilməsinin yolunu axtararkən məsələyə onun bağlılığı olan digər problemlərlə kompleks şəkildə və qarşılıqlı əlaqədə yanaşmaqla düzgün həllini tapmaq olar. Bu isə ölkədə dərin, radikal, bütün sahələri əhatə edən komleks islahatların həyata keçirilməsini tələb edir. Ölkənin bu günkü durumuna bir qədər nəzər saldıqda isə istər-istəməz qarşıya çox çətin bir sual çıxır və Məşədi İbad demişkən; – «Heç hənanın yeridirmi?»

 Şapur Qasimi

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN