Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılmışdır. Ətraf mühitinin mühafisəzi sahəsində mütəxəssislərin iştirakı ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq əraziyə baxış keçirilmiş, müxtəlif sorğular göndərilmişdir. İlkin hesablamalara görə 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olmuş qanun pozuntuları aşkar edilmişdir. Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmişdir.
Ekologiyanı qorumaq gələcəyimizi qorumaqdır... Təəssüflər olsun, bəziləri bunu düzgün qiymətləndirmir... Belələrini isə prokurorluq orqanları başa salmalı olur...
A.Məmmədli