Özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələrilə məhkum olunmuş

1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər. Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

***

Xatırladaq ki, hələ ötən il adı çəkilən İctimai Birliyin Binəqədi Rayon Nümayəndəliyinin yeni istifadəyə verilmiş ofisinin açılışı olub.

KİV-də gedən məlumatı olduğu kimi təqdim edirik: "Birlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimində müqəddəs şəhidlik zirvəsinə ucalmış general Polad Həşimovun anası Səmayə Həşimova, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev, Millət vəkili Sevil Mikayılova, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşkarı, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla Birliyin icraçı direktoru Zamin Zeynal, sədir müavini Məcid Məmmədov, koordinator Məhəmməd Məmmədov, Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu, İctimai birliyin fədakar idarə heyyəti fəal üzvüləri iştirak edərək çıxış edib. Açılış mərasimində çıxış edənlər Şəhid ailələri və qazilərə diqqət və qayğı yönümündə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin həyata keçirdiyi vətənpərvər təşəbbüslərin əhəmiyyətindən söz açıblar. Natiqlər qeyd edib ki, bü cür nümayəndəliklərin yaranması Şəhid ailələri və Qazilərə diqqət,qayğı yönümündə müraciətlərin daha çevik şəkildə əlçatanlığın təmin edilməsi baxımından çox əhəmiyyətlidir. İctimai Birliyin icraçı direktoru mətbuata açıqlamasında bildirib ki, son bir ildə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən minlərlə Şəhid ailələri və qazilərə hər cür diqqət və qayğı göstərmiş, onlara hüquqi, tibbi dəstək yönümündə də ictimai təşəbbüslər irəli sürülmüşdür. Əsas məqsəd Dövlət başçısı Cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi dövlət proqramına uyğun olaraq ictimai töhvələr verərək vətəndaş dəstəyi göstərməkdir."

 Həmçinin ötən ilin noyabrında  “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının  Sabunçu Rayon Təşkilatının ictimai təşəbbüsü əsasında 44 günlük vətən müharibəsinin 1 illiyi münasibətilə Vətən müharibəsi dövründə xüsusi xidmətləri olmuş Qazilərin  mükafatlandırma mərasimi də keçirilmişdi...

Həmin tədbirdə  YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev, Millət vəkili Əliabbas Salahzadə də çıxış ediblər.

***

Qeyd edək ki,  İB-nin fəaliyyəti barədə 27.08.2021-ci il tarixində “Yeni Müsavat” qəzetində “Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar” başlıqlı yazı dərc edilmişdi. Birlikdən isə adı çəkilən qəzetin saytına təkzibedici məlumat  göndərilmişdi. Məlumatda qeyd edilirdi ki, yazıda onlara qarşı olan ittihamlar əsassızdır: “Sözü gedən torpaq sahəsinin təşkilatımıza aid olmasını təsdiq edən çıxarış, texniki pasport və məhkəmə qərarları var. Burada yazılmış bütün məsələlər həqiqəti əks etdirmir. “Magistral Ekspress” ASC-nin sözü gedən “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən torpaq sahəsi ilə bağlı ittihamları əsassızdır. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi fəaliyyət göstərdiyi ötən dövr ərzində ölkəmizin həssas təbəqəsi Şəhid ailələri, Qazilər və Müharibə iştirakçılarına diqqət, qayğı və mənəvi dəstək yönümündə dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu işlərə ictimai dəstək verib. Mütəmadi olaraq Şəhid ailələri, Qaziləri ziyarət edib, qayğı və problemlərini dinləyib və aidiyyəti qurumlarla səmərəli işgüzar əməkdaşlıq edilib. 
Bu kimi fəaliyyətə diqqət yetirmədən ictimai nüfuza kölgə salan birtərəfli jurnalist araşdırmalarının aparılması təəssüf doğurur. Bu məsələ ilə bağlı bir daha bildiririk ki, birliyimiz haqqında bəzi media qurumlarında əsassız dərc edilmiş informasiyalarla bağlı hüquqi araşdırmalar aparıldıqdan sonra hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

Və bu gün həmin İctimai Birliyin sədri məhz dövlətə məxsus torpaq sahəsini zəbt etdiyi üçün 30 sutkalıq həbs edilib...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN