Buraxdığı səhvlərin ucbatından Hüseynin xanimanı dağıldı, ömür-gün yoldaşı, 22 yaşlı gəncTuranə, bətnindəki 7 aylıq körpəsi ilə birgə qanlarına qəltan oldular

Bu, bir həqiqətdir ki, dostluq haqqında çox yazılıb, çox deyilib. Əsl dostluğa minlərlə nümunə göstərmək olar, sadalamqla qurtaran deyil. Bütün dostluqlara rəğmən iki bəşəri dahinin – Karl Marksla Fridrix Engelsin dostluğunu misal çəkmək kifayət edər. Tarixdən bizə məlumdur ki, Engelsin valideynləri zəngin olub. Marks isə kasıb ailədə doğulmuşdu. Fərqli-fərqli zümrənin övladları olduqlarına baxmayaraq, onları məslək, əqidə bir-birinə  bağlayırdı. Engels həmişə Marksın maddi dayağı idi. Marksın «KAPİTAL» əsəri Engelsin maddi dəstəyi sayəsində işıq üzü gördü. Əksər hallarda Marks  pulsuzluğunu dostundan gizlətməyə çalışsa da, Engels bunu duyurdu və ona maddi yardım göstərirdi. Karl Marksın altı övladı vardı. Ailəni dolandırmaq, onun üçün çox çətin idi. Bəzən də Marks dostu bilməsin deyə, yeganə qara kostyumunu lombarda qoyub, özünü evdə xəstəliyə vurardı. Ancaq Engels Marksın ailəsində baş verənlərin hamısından xəbərdar idi. Bir dəfə Engels Marksın qızı Elyanoraya rast gəlir, dostunu soruşur. Elyanora nə deyəcəyini bilmir… Gözlərini yerə dikib, sıxıla-sıxıla deyir ki, atam xəstədir. Engels işin nə yerdə olduğunu anlayır,.. O, lombarda gedib, kostyumu alır, aparıb dostuna verir.

1857-ci ildə Marksın yeddinci övladı dünyaya gəlir. Göyçək oğlan uşağı doğulandan az sonra, hansı səbəbdənsə, tələf olur. Onun müəmmalı ölümü ailənin bütün üzvlərini göz yaşlarına qərq edir. Marks sonbeşiyinin vaxtsız ölümünə dözə bilmir, dərd içində qovrulur. Gecə yarısı Marks körpənin keçindiyini dostu Engelsə çatdırır. Engels bu bəd xəbərdən çox sarsılır, təcili gəlir. Marksın kədərinə şərik olur, dostuna bolluca ürək-dirək verir, onu təsəlliləriylə ovundurur. Marks Engelsə deyir: - Əziz dostum, nə yaxşı ki, mən indi tək deyiləm, sən yanımdasan, körpə oğlumun yoxluğunu yalnız sən mənə unutdura bilərsən… Şükür ki, sən varsan!..

Burda bir atalar sözü yerinə düşür: «Dost dosta tən gərək, tən olmasa, gen gərək!..»

Görək, İraq şairi Əbdül Qadir dostluq haqqında nə deyir:

 Dostluq səfa deyil, cəfadır, cəfa;

Dostluğun mənası vəfadır, vəfa.

Əgər olacaqsan sonra vəfasız,

Əzəldən başını girlə cəfasız!..

 Karl Marksla Fridrix Engelsin dostluğu bütün dostlar üçün həmişə nümunə sayılıb. Sədaqətli dostlarla həmişə fəxr edirik. Ancaq çox təəssüflər olsun ki, bəzən dostluqda xəyanətkar, cinayətkar ünsürlər də yer alır. Bu yerdə  illər öncə Gəncə şəhərində baş vermiş qanlı bir olay yadıma düşdü.      

…Qəddarlıqda misli görünməyən, ilin ən ağır cinayəti 3 aprel 2011-ci ildə Gəncə şəhərində baş vermişdi. Dostların birisinin törətdiyi bu qanlı cinayət hadisəsi, cəmiyyətdə şok effekti yaşatmışdır. Adamlar uzun müddət bu hadisənin təsiri altında oldular… Törədilən cinayət – şiddət dərəcəsinə görə hüquqi müstəvidə birinci yerdə qərarlaşdığından, həm də hansı ildə baş verdiyindən asılı olmayaraq, həmişə gündəmi zəbt etmək gücündədir!..

İndi də baxaq görək iki dost arasında nə baş verib?..

İki dost – Abdullayev Ramal Mehman oğlu ilə Mədətov Hüseyn İlham oğlu, Gəncə şəhərində balaca bir zərgərlik emalatxanasında baş-başa verib, mehribancasına işləyirdilər. Zinət əşyalarının təmiri və bərpası ilə məşğul olurdular.

2 aprel 2011-ci ildə Hüseyn Ramalı Gəncə şəhəri Atatürk prospektində 117 №li ünvanda yaşadığı evinə dəvət edir. Hüseynin həyat yoldaşı 22 yaşlı Turanə yemək tədarükü görür, onlara qulluq edir. Çay süfrəsi yığışdırıldıqdan sonra, Hüsyen Ramalı özünün xudmani, bapbalaca emalatxanası ilə tanış edir. Ramal üzərində iş görülən kiçik masanın siyirməsində parıltı saçan zinət əşyalarını və qırıq-qırıq qızıl parçalarını gözündən qaçırmır.

Hüseyn Ramalı gülər üzlə yola salır. Səhəri günü, yəni 3 aprel 2011-ci ildə Ramal Hüseynə yaxınlaşıb, deyir ki, bir xanıma kalye düzəldirəm, yarım qram qızıl çatmır, mənə yarım qram borc qızıl ver, ya pulunu, ya da özünü qaytararam. Hüseyn həyat yoldaşı Turanəyə kağız yazır ki, filan yerdə 0,5 qramlıq qızıl var, onu Ramala ver.

Ramal Hüseynin yazdığı kağızı götürüb onlara gedir. Lakin Turanə qapını onun üzünə açmır, deyir ki, Hüseyn evdə yoxdur, qapını aça bilmərəm. Ramal çox dil tökür, Hüseynin ona kağız yazdığını da bildirir, lakin Turanə qapını açmır ki, açmır. Deyir ki, Hüseyn evdə olanda gələrsən.

Ramal əlacsız qalıb qayıdır emalatxanaya. Hüseyn  işdən halı olandan sonra, Ramalın yanında telefonla Turanəyə deyir ki, qapını aç, o yarım qramlıq qızılı ver Ramala, görüləsi işi var, ona lazımdır. Ramal təkrar Hüseyngilə gedir. Turanə qapını açır. Ramal bir gün əvvəl otaqlara bələd olduğundan birbaşa Hüseynin iş otağına keçir, Turanə də onun dalınca içəri girir. Zavallı qadın Ramalın özünü hədyan aparmasına, özbaşınalıq etməsinə etirazını bildirsə də, o buna məhəl qoymur. O, əvvəlcədən hazırladığı ucu şiş neştəri qəflətən çıxarıb Turanənin döş qəfəsinə, qarnına aramsız zərbələr endirir. Al qanına boyanan Turanə güclə Ramalın qabağını kəsərək, siyirmədə müştərilərə məxsus olan qızıl-ziynət əşyalarını və içərisində boyunbağılar, bilərziklər olan mücrünü götürməsinə imkan verməməyə çalışsa da, onunla bacarmır.

Qızıl parıltısından gözləri işıqlanan, quduzlaşmış cani sol əliylə Turanənin ağzını bərk-bərk yumaraq, sağ əlindəki neştərlə onu deşik-deşik eləyib «canlı aşsüzənə» döndərir… Bir gün əvvəl ərinin dostu bilib, qabağına çay-çörək qoyduğu adam indi ona qənim kəsilmişdi. Heç olmasa, bu evdə yediyi duz-çörəyə hörmət qoymasa da, barı Turanənin bətnindəki 7 aylıq körpəsinə rəhm edəydi bu nankor!.. Hələ əksinə, canavar xislətli bu cani, Turanəni neştərləyərək qanına qəltan etdikdən sonra, taqətsiz cəsədini sürüyə-sürüyə aparıb, yatağa uzadır. Turanənin 2 yaşlı qızı Mədinə isə qorxusundan səsini içinə salıb, çarpayının altında gizləndiyindən Ramalın gözündən yayınmışdı. Yoxsa, o da həyatla vidalaşmalı olacaqdı.

Qana susayan qatil dolabdakı qızıl-zinət əşyalarını yığışdırıb, getməyə tələsirdi. O, Turanəni ölmüş hesab edirdi, lakin Turanənin canı hələ ağzından çıxmamışdı. Ailə şərəfinin tapdalanmasına dözməyən Turanə ölüm ayağında son dəfə özündə güc toplayıb ayağa qalxdı. O, səndələyə-səndələyə Ramalın dalınca pillələrlə aşağı endi. Turanə nəyin bahasına olursa-olsun, qudurğan talançının qabağını kəsmək istəyirdi ki, özgələrin əmanətini aparmağa qoymasın!... Lakin Turanənin arzusu gözündə qaldı, həyət qapısından çıxanda qəflətən gözləri qaraldı, huşunu itirib yerə sərildi. O, təpədən dırnağadək qan içində idi…

Yoldan keçən bir maşının sürücüsü yazıq qadını ölümün pəncəsindən almaq üçün onu yubanmadan Gəncə şəhər təcili yardım xəstəxanasına çatdırır. Lakin cərrahların bütün səylərinə baxmayaraq, Turanənin həyatını xilas etmək mümkün olmadı…

Ramalın vəhşicəsinə törətdiyi bu cinayət uşaqdan böyüyə hamını lərzəyə saldı. Neçə vaxtdan bəri teleekranlarda bu ağılasığmaz cinayətin görüntülərini diqqətlə izləyən insanların nifrət dolu nəzərləri ox kimi Ramala tuşlanıb!.. Ramal isə, bu nifrətli baxışlara biganədir, çünki o, bütün insani keyfiyyətlərdən məhrum olmuş müqəvvadır!..

Məhkəmə Tibbi Ekspertizasının verdiyi rəyə əsasən 22 yaşlı Mədətova Turanənin meyiti üzərində daxilə nüfuz edən 104 deşib keçən yara aşkar edildi. O, bətnindəki 7 aylıq körpəsiylə birgə  xüsusi amansızlıqla, qəddarcasına qətlə yetirilmişdir. Meyitə baxış zamanı məlum oldu ki, Turanənin qarın yarasından ölmüş körpəsinin qolu bayıra çıxıb. İlahi, bu nə dəhşətədir!.. Hətta minlərlə ölümə adəti peşə təmkiniylə xitam verən Baş ekspert də bu müdhiş görüntüdən bərk sarsıldığını dilinə gətirdi və heç zaman belə bir faciəylə rastlaşmadığını bəyan etdi.

Ramalın qanlı cinayəti ucbatından dünyaya körpənin özü yox, əli gəldi. Lakin bu əl heç zaman havada yellənib doğan Günəşi salamlamayacaq, heç vaxt qələm tutmayacaq, heç bir vədə yıxılanı qaldırmayacaq… Ananın qarın yarasından bayıra çıxan körpənin qolu Yaradanın nida işarəsidir!.. Bu, Tanrının qan tökənlərə, can sökənlərə «DAYAN, DURRR!..»  - deməsidir. Lakin Ramal və onun kimilər İlahinin bu xəbərdarlığını eşitmir və eşitmək də istəmirlər. Ona görə də başıbəlalı dünyamız nehrə kimi çalxalanır, milyon illərdən bəri sükuta qərq olmuş Aysberqlər də hücum çəkib üstümüzə gəlir, su daşqınları, hava burulğanları, yanğınlar, zəlzələlər, vəlvələlər – bütün bu kataklizmalar Bəşər övladlarına qənim kəsiliblər!.. Bu bəlaların baş verməsində təbiəti günahlandırırıq, lakin günahkar təbiət yox, elə insan özüdür!..

Ekspertin rəyindən məlum olur ki, Ramalın istifadə  etdiyi soyuq silah – şiş, ucu yaxşı itilənmiş yoğun neştərdir. Onun tutacağının ələ yatımlı olması  Ramalda tam əminlik yaratmışdı ki, hər dəfə hədəfə zərbə endirərkən ovcunda sürüşməyəcək!.. Deməli, Ramal silah seçməkdə heç də yanılmamışdı. Ekspertin rəiyncə Turanənin ölümü Ramal tərəfindən əvvəlcədən hərtərəfli ölçülüb-biçilmişdir. O, əmin idi ki, zərbələr nə qədər sərrast endirilərsə, ölüm də o qədər tez baş verər, çığırtı-bağırtı da olmaz, yoxsa qonşular duyuq düşər, «işi» pozula bilər… Bax buna görə də Ramal Turanəyə ardıcıl 104 zərbə endirib ki, onun nəinki səsi, heç cınqırı da çıxmasın.

Məhkəmədə Hüseynə də söz verdilər. O, bildirdi ki, Ramalla heç zaman aralarında ədavət olmayıb, həmişə bir-birinə səmimi münasibətləri olub. Hüseyndən soruşulanda ki, Turanənin səhhətiylə bağlı nə deyə bilər? O dedi ki, Turanəni qadın həkiminə aparmışdım. Onu müayinə edib bətnində 7 aylıq oğlan uşağının olduğunu bildirdilər. Biz öz aramızda məsləhətləşib qabaqcadan ona Tunar adını qoymuşduq… Axırı da belə oldu…

Çıxışlar yekunlaşdı. Prokurora söz verildi. O, Ramala törətdiyi cinayətə görə 15 il həbs cəzası verilməsini qanunauyğun saydı. Məhkəmənin sədri prokurorun bu təklifini qəbul etdi və uzun-uzadı məsləhət, məşvərətdən sonra, Ramala 15 il iş kəsildi.

Hər kəs yaxşı bilir ki, müddətli məhbusluq həyatı səhvlərini başa düşüb islah olunanlar üçündür. Amma təcrübə göstərir ki, Ramal və bu qəbildən olan cinayətkalar fır bağlamış ağac kimidilər, onları «rəndələmək» qeyri-mümkündür!..

Məhkəmə tərəfindən Ramala 15 il həbs cəzası kəsilməsi kütlə arasında güclü etiraz dalğası yaratdı!.. Hüseyn başda olmaqla onun və Turanənin valideynləri, qohum-əqrabaları yekdilliklə məhkəmənin qərarına qarşı çıxdılar və Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirdilər!..

Çində Ramalın cinayətindən qat-qat yüngül cinayət törədənləri, məhkəmənin qərarı ilə dar ağacından asırlar, daxili üzvlərini də çıxarıb baha qiymətə satırlar! Çində və həmçinin də İranda dar ağaclarının qurbanları heç vaxt əskik olmur. Hal-hazırda Rusiyada güllələnmə maddəsi saxlanılır. Bizə gəldikdə isə, dünya ictimaiyyətinə sübut etmək istədik ki, Azərbaycanda insan hüquqları tapdalanmır, demokratik ölkədə yaşayırıq! Ona görə də güllələnmə maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılaraq, ömürlük həbs  cəzası ilə əvəz edildi. Bəs yaxşı, elədirsə, Gəncə Xalq Məhkəməsi hansı arqumentə əsaslanaraq 22 yaşlı ananı bətnindəki 7 aylıq körpəsi ilə birgə xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirən Ramalın törətdiyi qanlı cinayətin ağırlıq dərəcəsinə görə ona ömürlük həbs cəzası vermək əvəzinə, cəmi-cümlətanı 15 il həbs  cəzası kəsdi?! Bu, Ramala bəraət qazandırmaq  kimi bir şeydir!.. O, həbsdən çıxandan sonra, Turanə kimi yazığın, günahsızın birini yenə də qanına qəltan edəcək. Loru dildə desək, gedib yatıb yenə çıxacaq. Beləcə türmə həyatına alışacaq, balıq sudan kənarda yaşaya bilmədiyi kilmi, o da türməsiz yaşaya bilməyəcək!.. Bu növ məhbuslar üçün azadlıq – türmədir, türmə isə, onlar üçün əsl cənnətdir! Nə qədər ki, Ramal və Ramalkimilər öz layiqli cəzalarını almayıblar, bu cür cinayətlər də baş alıb gedəcək!..

Qanun keşiyində duranlar birdəfəlik dərk etməlidirlər ki, Ramal kimi qatı cinayətkarların cəzasını yüngülləşdirməklə növbəti cinayətlərin sayını artırmış olurlar!.. Buna müvafiq olaraq ölümlərin də sayı çoxalır… Gəncə şəhərinin «ədalət məhkəməsi» barmaqlarından gənc ananın və hələ dünyaya gəlməmiş körpəsinin qanı süzülən Ramal kimi qatı bir cinayətkara 15 il həbs cəzası kəsməklə, onun  gələcək cinayətlərinə havadarlıq etmiş olur. Bu, həm də mövcud hüququ normaların kobud sürətdə pozulması deməkdir!.. Qanunun aliliyinə hörmət etmək hər bir  hüquq işçisinin müqəddəs borcudur!

Nəhayət, uzun müddətdən bəri Gəncədə istintaqı aparılan ağır bir cinayət işi sona çatdırıldı. Amma güman var ki, bu hələ son deyil. Gəlin, indi də bu cinayət işinə başqa prizmadan baxaq. Əgər o qanlı hadisə işə «düzgün hüquqi qiymət verən» prokurorun və yaxud məhkəmə sədrinin əzizlərinin birinin başına gəlmiş olsaydı, onda onlar necə hərəkət edərdilər? Əlbəttə ki, birmənalı şəkildə cinayətkara cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük həbs cəzası şamil ediləcəkdi!.. Nə qədər ki, bizim anlayışımızda «doğma» və «yad» məvhumu mövcuddur, onlara olan münasibət də fərqli olacaq! Lakin mayasına haramlıq qatılmayan ədalət carçısı həmişə haqqın tərəfində duracaq, heç zaman üzgörənlik, tərəfkeşlik etməyəcək, qanunun tələb etdiyi kimi – doğmaya da, yada da yeni gözlə baxacaq!.. Yeri gəlmişkən, «doğma», «yad» sözləri nisbidir, unutmayaq ki, hamımız Yer üzünün ilk insanları olan, ulu əcdadlarımız Adəmlə Həvvanın törəmələriyik, hamımız eyni soy kökündənik!..

P.S. Bu gün Ramal milyonların nifrətini qazanıb. Ramalın qatı cinayətkar damğası altında qolları qandallı vəziyyətdə, dəmir barmaqlıqlar arxasında  məhbusluq həyatı yaşamasında əsl günahkar özü olsa da, bu günahdan vaxtında onun təlim-tərbiyəsilə ciddi məşğul olmayan, ona ali insani keyfiyyətləri aşılamayan valideynlərinin və müəllimlərinin də payına düşür. Ramalın törtədiyi tükürpədici qanlı cinayətdə bilavasitə onlar da təqsirkardır!.. Bu, bir həqiqətdir ki, müasir cəmiyyətdə hər bir gəncin sağlam düşüncəli insan kimi formalaşmasında ailənin və məktəbin rolu əvəzedilməzdir!

Bu cinayət hadisəsində Hüseyn də el qınağına tuş gəlib. Əvvəla, Hüseyn Ramalla uzun illərdən bəri dostluq etdiyinə baxmayaraq, onu dərindən öyrənməyib. Onun hansı xislətin sahibi olduğunu yəqin etməyib. Hüseyn dost seçməkdə  naşı olub. O, bilməyib ki, əsl dostluq illərin sınağından keçməlidir.

Psixologiya elmi diqtə edir ki, dostu seçəndə çox diqqətli olmaq lazımdır. Sınaq müddətində qarşı tərəfin müsbət və mənfi tərəfləri öyrənilməlidir.  Dostluq etibarlı zəmin üzərində qurulmalıdır. Dost seçimində səhv etmək olmaz!..

Hüseyn dostluqda Ramalı özü kimi saf bildi. Onun saxta səmimiyyətinə inandı. Hüseynin Ramal barədə yanlışlığı sonda onu uçuruma apardı. Bir gün evinə gətirdiyi dostu, ertəsi günü onun ailəsinin amansız qatili oldu.

Buraxdığı səhvlərin ucbatından Hüseynin xanimanı dağıldı, ömür-gün yoldaşı, 22 yaşlı gəncTuranə bətnindəki 7 aylıq körpəsi ilə birgə qanlarına qəltan oldular. «Dost» üzünə açılan o evin qapıları həmişəlik bağlandı. İndi o evdə Turanənin ruhu yalşayır…     

Əziz dostlar, dost seçimində çox ehtiyatlı olun. Atalar demişkən: yüz ölçün, bir biçin!.. Hüseynin acı həyat hekayəsi hər biriniz üçün ibrət dərsi olsun!..

Ramiz  MÖVSÜM

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN