Ukraynada müharibə başlayandan bir çox ölkələr kimi, İsveçrə də qaçqınlara sığınacaq oldu…

...Azərbaycan 1990-cı illərdən Rusiyanın silahlandırdığı Ermənistanın işğalı ilə üz-üzə qaldı. 1988-ci ildən başlayaraq isə qədim Azərbaycan yurdu olan İrəvanda (indiki Ermənistanda) əsrlər boyu yaşamış 300 mindən çox soydaşlarımız da son nəfərinədək qovuldu, qaçqın düşdü... Bunun ardınca Azərbaycanın əzəli  və tarixi torpağı olan Qarabağ faktiki olaraq işğala məruz qaldı, yüz minlərlə vətəndaşımız köçkün düşdü. Beləliklə, 1 milyona yaxın qaçqın və məcburi köçkün 32 il ərzində- ta 2020-ci ilin 44 günlük Zəfər müharibəmizə kimi yurdundan qovulmuş kimi idi. Amma demək olar heç bir xarici ölkə bu qaçqın və məcburi köçkünlərə qucaq açmadı... Düzdü, lazımı qədər humanitar yardımlar edilirdi, amma... Bunları deməkdə məqsədimiz var: dünyada həmişə ikili standartlar olub. Bu gün Rusiya Ukraynada müharibə aparır, ərazilər işğal olunur, milyonlarla insan qaçqın düşüb dünyanın dördbir yerinə səpələnir. Ukraynalılara Azərbaycan da öz humanitar köməyini əsirgəməyib. Çünki bu işğalın və qaçqınçılığın əziyyətini 32 il ərzində biz də çəkmişik...

***

"Təzadlar"ın İsveçrədə yaşayan xüsusi müxbiri bu ölkədə Ukraynadan olan qaçqınlara edilən humanitar yardımları araşdırıb. Sağ olsunlar, həqiqətən də mümkün olan hər şey edilir. Bu köməyi gördükcə 90-cı illərin Azərbaycanlı qaçqın və məcburi köçkünlüyümüz yada düşür. Biz hələ dünya ölkələrinin Ukraynaya hərbi yardım və dəstəyini demirik. O vaxt eyni dəstək Azərbaycana olsaydı, təbii ki, Ermənistan kimi bir zəif, nimdaş ölkə torpaqlarımızı işğal edə, əliyalın olsa belə Azərbaycana dirəniş göstərə bilməzdi...

Aşağıda xüsusi müxbirimizin araşdırma yazısını oxuyub nəticə çəıxarmağı oxucuların ixtiyarına buraxırıq:

QAÇQINLAR 

 Bu dövlət öz tarixində ilk dəfə olaraq, ukraynalı qaçqınlar üçün “S” statusu təsis etdi. Qeyd edim ki, bu sənəd qaçqınlara İsveçrədə yaşamaq hüququ ilə yanaşı sosial yardımlar almaq, əmək bazarına çıxış, yəni işləmək və şengen zonasında sərbəst hərəkət etmək hüququ verir. Son məlumatlara görə İsveçrədə artıq bu hüquqlardan 10 minlərlə ukraynalı qaçqın yararlanır. Ötən ayın məlumatına görə ölkədə 44144 ukraynalı qaçqın qeydə alınıb ki, bunların da 33278 nəfərinə “S” statusu verilib. Ukraynalı qaçqınların 3\2 faizdən çoxunu qadınlar təşkil edir. Bunlardan da 40 faizi 20 yaşdan aşağı olanlardır. Hazırda hökumət hər gün 700-800 qaçqının müraciətinə baxır.

 Bəzi İsveçrə siyasətçiləri, assosiasiyalar, təşkilatlar təklif edirlər ki, qaçqınlar üçün nəzərdə tutulmuş “S” statusu təkcə Ukraynadan müharibə ilə əlaqədar qaçqın düşənlərə deyil, həm də Rusiya ordusundan olan fərarilərə və bu müharibənin əleyhinə çıxan rusiyalılara şamil edilsin. Əlbəttə ki, bu qəbildən olan insanlar “S” statusunu almaq üçün daha uzun və mürəkkəb prosedurlardan keçməlidirlər. Bu təşəbbüslə çıxış edən Kampaks (Campax) Assosasiyasının qənaətincə, İsveçrə bu addımı atmalıdır ki, Ukraynada müharibənin dayandırılmasının tezləşdirilməsinə yardım etmiş olsun.

 

 Könüllülər

Məlumdur ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Ukrayna prezidenti Volodimr Zelenski bütün dünyaya səslənərək qeyri-ukraynalı könüllüləri Ukraynada döyüşməyə dəvət etdi. Müharibənin ilk günlərindən İsveçrədə də 10-la könüllü Ukraynada döyüşmək arzusunda olduğunu bildirib. İsveçrədən olan bu könüllülər hazırda Ukraynadakı İnternasional Legionun Ərazi Müdafiəçilərinin tərkibində və ya başqa hərbi hissələrdə döyüşürlər. İsveçrənin Romandiya televiziyası (RTS) belə könüllərlə bağlı süjet də hazırlayıb. RTS -in məlumatına görə müharibənin ilk günlərindən bu yana Ukraynada döyüşmək məqsədilə 35 nəfər müraciət edib. Ancaq onların heç də hamısı isveçrəli deyil. Bir çoxu amerikalı və ya ingilis olan keçmiş hərbçilərdir. İsveçrə könülləri arasında kosovalılar da var.

 Silah

Son günlər dünya mətbuatında Ukraynaya silah verilməsilə bağlı xəbərlər xeyli çoxalıb. İsveçrə də Ukraynaya silah verilməsi ilə bağlı gedən müzakirələrdən kənarda qalmayıb. Bu baxımdan, İsveçrənin kənardan nə dərəcədə neytral göründüyü də maraqlıdır. Ötən ay ABŞ-in müdafiə naziri Lloyd Ostin Avropaya səfər etdi və Volodimr Zelenski ilə də görüşdü. Bu səfərdən sonra nazir dedi ki, onlar – yəni Kiyev, bu müharibədə qalib gələ bilər. Ancaq bunun üçün Ukrayna düzgün təchiz edilməli və düzgün dəstəklənməlidir. Elə həmin gün Almaniya hökumati Ukraynaya ağır hərbi texnika verilməsinə başlanmasına dair bəyanatla çıxış etdi.

İndi Rusiyanın hücumlarını zərərsizləşdirmək üçün Kiyevə doğrudan da məhz ağır artilleriya və zirehli texnika lazımdır. Ancaq dövlətlər nə qədər Ukraynaya kömək etmək istəsələr də, hərdən ortaya çıxan müxtəlif səbəblər bu işə mane olur. Bəzən rus lobbisi, bəzən iqtisadi çətinliklər, bəzən isə qazla şantaj hökumətlərin Ukraynanı daha fəal dəstəkləməsini əngəlləyir.

Bu günlərdə məlum oldu ki, Almaniya Ukraynaya piyadaların döyüş maşını – “Marder” göndərmək istəyir. Bu maşınların mərmiləri İsveçrədə hazırlanır. Ancaq İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) İsveçrənin bitərəfliyini əsas götürərək Almaniyanın bu təklifini rədd etdi.  27 apreldə belə bir vəziyyətdə Milli Şuranın (İsveçrə Parlamentinin aşağı palatası) sədri İren Kelin nümayəndə heyətilə Ukraynaya səfər etdi. Kelin və digər deputatlar Ukrayna Ali Radasının dəvəti ilə bu səfərə yollanmışdılar ki, vəziyyəti yerində qiymətləndirsinlər.

 Onu da deyim ki, deputatların bu səfərinə İsveçrə parlamentarilərinin heç də hamısı razı deyildi. İsveçrənin neytrallığını əsas götürərək bu səfərin əleyhinə çıxanlar da az deyildi. Yeri gəlmişkən, xanım Kelin mənim hazırda yaşadığım Arqau kantonundandır və “Jaşıllar” partiyasını təmsil edir.

 Maraqlı məqamlardan biri də odur ki, statistkaya görə, bu yaz İsveçrədə insanların daha çox silah alması müşahidə olunur. Bəzi şəhər və kantonlarda bu yaz silah almaq üçün edilən müraciətlər 50-100 faiz artıb. Bu nə ilə əlaqədar ola bilər? İsveçrədə müəyyən silahları almaq üçün icazə tələb olunur. Bura tapançalar, revoliverlər və müxtəlif tüfənglər aiddir. Silah əldə etmək istəyənlərin 90 faizinin müraciəti adətən müsbət cavablandırılır. İcazə verilən şəxslər 6 ay ərzində 3 ədəd belə silah ala bilər. Ancaq bu o demək deyil ki, silah almaq icazəsi verilərn hər kəs ictimai yerlərdə silah gəzdirə bilərlər. Bu hüquqa müəyyən şəxslər – məsələn ovçular, təhlükəsizlik xidmətinin əməkdaşları və başqaları malikdir. SRF Telekanalının təhlilinə görə, “son zamanlar silaha marağın belə artmasına səbəb Ukraynadakı müharibə də ola bilər. İnsanlar öz təhlükəsizliklərini təmin etmək istəyirlər. Belə çıxmırmı ki, onlar lazımı qədər qorunmurlar?

Əlavə edim ki, İsveçrə qədim silah ənənələrinə malik ölkədir. Ölkədə hər 4-cü ailə silaha malikdir. Müqayisə üçün deyim ki, qonşu Almaniyada bu rəqəm əhalinin 2-3 faizini əhatə edir. Cenevrə qeyri hökumət təşkilatı Small Arms Sureyin məlumatına məlumtına görə, ölkədə əllərdə 2.3 milyon silah var. Bu isə o deməkdir ki, hər 100 nəfərə düşən silah sayına görə İsveçrə dünyada 16-cı yerdədir. Birinci yer əlbəttə ki, ABŞ-a məxsusdur. Birləşmiş Ştatlarda hər 100 nəfərə 120 ədəd silah düşür.

Ukrayna və və Azərbaycan qaçqınları...

Ukraynanın düşdüyü situasiya vaxtilə Azərbaycanın başına gətirilmişdir. Mən də Ermənistanın 90-cı illərdən işğal etmiş olduğu Qarabağ bölgəsindənəm. Ailəmiz Ağdam işğal olunandan sonra məcburi köçkünə çevrildi. Bu o Ermənistandır ki, Rusiya tərəfindən silahlandırılırdı. Hansı ki, vaxtilə- SSRİ-nin mövcudluğu dönəmində bir ailənin üzvü-müttəfiq respublikalar idik...

 İndi Rusiya ABŞ və Avropa ölkələrini qınayır ki, niyə Ukraynaya silah verir, hərbi və humanitar yardım edirsiniz??? Halbuki Rusiya özü 90-cı illərdə bu dəstəyi Ermənistana edib Azərbaycan torpaqlarının işğalına şərait yaradırdı... Şükürlər olsun, dünya dəyişməkdə, Azərbaycan güclənməkdədir. Mən yaşadığım İsveçrədə Azərbaycanın da vaxtilə yaşadığı o zülmləri yerli əhaliyə danışıram, Rusiyanın Ermənistana hərbi köməyinin Azərbaycan üçün 30 il ərzində gətirdiyi müsibətləri söyləyirəm. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbəmiz, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətləri onlara danışıram. Dəhşətə gəlirlər. Xocalı qətlimanı danışanda isveçrəli insanların necə dəhşətə gəldiklərini görürəm... Bəli, Rusiya 30 il əvvəl Azərbaycana yaşatdıqlarını indi özü yaşayır... 

 P.S. Sonda: Erkin Qədirlinin AŞPA-da Ukrayna ilə bağlı çıxışı haqqında: Son günlər baş vermiş bir olayı xatırlatmaq istəyirəm. Bu olay Azərbaycandan olan millət vəkili Erkin Qədirlinin AŞPA-nın plenar iclasındakı çıxışıdır. Erkin Qədirlinin Ukraynadakı müharibəyə dair bu çıxışı məndə müəyyən pozitiv hisslər doğurdu. Hesab edirəm ki, bütövlükdə dünya, xüsusən də regionumuz üçün indiki mürəkkəb dövrdə Azərbaycana belə səviyyəli millət vəkilləri, mütəxəssislər çox lazımdır. Erkin Qədirlinin AŞPA-dakı sərbəst və müstəqil çıxışı, belə yüksək tribunadan haqlı olanı dəstəkləməsi mənə bir azərbaycanlı kimi qürur hissi yaşatdı. Arzu edək ki, Azərbaycanı həmişə bütün beynəlxaq arenalarda belə layiqli və peşəkar insanlar təmsil etsin.  

 İlham Rəsul,

“Təzadlar”ın Avropa müxbiri

(İsveçrə-Arqau)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.5).

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN