30 ildən çox müddətdə Azərbaycanın dördbir ərazisinə səpələnmiş məcburi köçkünlərin yeganə arzusu doğma yurdlarına daha tez qayıtmaqdır…

…Ermənistanın hərbi cinayətlərinin sayı bitib-tükənmir. 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda –öz tarixi torpağında yaşayan soydaşlarımız zor gücünə yurd-yuvalarından qovuldular… “Böyük Ermənistan” xəyalları ilə Azərbaycan ərazilərindən əlavə torpaq zəbt etməyi qarşısına məqsəd qoymuş Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərlərinə nə arxalandıqları Rusiyada, nə də Fransa və ABŞ-da olan dəstəkçiləri dur demədi. 1990-cı ildən başlayaraq ermənilərin həyasızlığı son həddə çatdı-1828-ci ildən başlayaraq Qarabağa İrandan və Türkiyədən köçürülmüş ermənilər Qarabağı özününkü sayaraq bu ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarını yurd-yuvasından didərgin salmağa başladılar. Yenə də onlara silah-sursat verən Rusiyanın hərbi-siyasi rəhbərliyi bir dəfə də olsun “Dur!” demədi. Beləliklə, 1993-cü ilədək Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edildi, üst-üstə 1 milyona yaxın qaçqın və didərgin ordusu yarandı… Və bu zülmün ömrü 30 il çəkdi. Beynəlxalq qurumların isə gözü kor, qulağı kar, dili lal oldu.

 Azərbaycanda bıçaq boğaza dirənmişdi, xalqın səbr kasası dolmuşdu. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu cəmi 44 gündə 30 illik erməni işğalına son qoydu, üçrəngli bayrağımız bütün işğaldan azad edilmiş ərazilərdə dalğalandı…

Dağıntıların və zülmün miqyası böyükdür, amma…

 İndi Azərbaycan hökumətinin qarşısında iki mühüm tarixi vəzifə var: ermənilərin dağıtdıqlarını bərpa etmək, insanları öz yurduna qaytarmaq!  Artıq bu məsələ beynəlxalq qurumların da diqqətindədir. Belə ki, bir neçə ay əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdü. Dövlət Komitəsindən “Təzadlar”a  verilən məlumatda bildirilirdi ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonağa məlumat verilib. Deyilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

 Bəs məcburi köçkünlərin qayıdışı necə olacaq?

 Məsələni məcburi köçkünlərin özləri ilə aydınlaşdırmaq üçün bu dəfə Ağcabədi, Bərdə və Ağdam ərazisində məskunlaşmış keçmiş köçkünlərlə görüşmək qərarına gəldik.

Onu da xatərladım ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar ötən həftə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçiriblər. Görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması və icmaların potensialının gücləndirilməsi, qayıdış prosesində hədəf kimi icmaların ehtiyaclarının və gözləntilərinin dəqiqləşdirilməsi müzakirə edilib. Həmçinin mənzil, xidmətlər, məşğulluq, kommunikasiya və koordinasiya mexanizmləri üzrə müvafiq icmalara lazımi informasiyaların verilməsi və məlumatlılığın artırılması kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb. Dövlət Komitəsi və BMT QAK-ın nümayəndələri tərəfindən qayıdış zamanı ictimaiyyətin bu prosesdə əsas maraqlı tərəf olaraq formalaşdırılması və səlahiyyətləndirilməsi istiqamətində birgə iş və sistemli fikir mübadiləsi aparıldığı bildirilib, mövcud əməkdaşlığın daha da genişlənməsinin vacibliyi vurğulanıb.

***

 Beləliklə, əvvəlcə Bakıda yaşayan və doğma yurdu işğal edilmiş məcburu köçkünlərlə də görüşüb söhbət etmişdik. Çox sevindirici haldır ki, nəinki işğal dövründə həmin ərazilərdə yaşamış insanlar, hətta işğal dövründə fərqli ərazilərdə dünyaya gəlmiş gənclər də birmənalı olaraq doğma yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.

Tanınmış neftçi-alim Yusif Səmədovun hazırda 92 yaşı var. Ən böyük arzusu tezliklə doğulduğu kəndinə qayıtmaq, o yurdu ziyarət etməkdir:

-Təbii ki, mən məcburi köçkün deyiləm, 60-cı illərdən Bakıda yaşayıb-işləmişəm.... Amma özümü həmişə köçkün düşmüş kimi hesab etmişəm. Axı mən o torpaqda doğulmuşam, bütün qohum-əqrabalarla təmasdayam, hamısının arzusu tezliklə doğulduqları Mərzili kəndinə qayıtmaqdır. Məni bu yaşımda yaşadan da elə həmin arzudur. Vaxtilə kəndin müdafiəsi üçün könüllü dəstələrə əlimdən gələn yardımları edəndə də inana bilməzdim ki, ərazilərimizdə məskunlaşdırdığımız, sığınacaq verdiyimiz ermənilər belə nankorluq edər... 30 il o yurda həsrət qaldıq. Allaha şükür ki, o torpaqların alındığını gördüm, bu dünyadan yurd həsrəti ilə getməyəcəyəm...

 Gələcəyimizin vətənpərvərlərini yetişdirən Ağdam müəllimlərinin fədakarlığı...

  ...İşğaldan sonra Azərbaycanda Qarabağı-o yurd yerlərimizi görməyən bir nəsil dünyaya gəldi. Və həmin o nəslin əsgər və zabitləri idi ki, 30 illik işğala son qoydular, Ermənistana yerini və kimliyini göstərdilər. Şübhəsiz, həmin nəslin vətənə bağlılığı qandan-gendən gəlsə də, onlara bunu aşılayan məhz müəllimləri oldu.

 Ağdama bu dəfəki səfərdə 68 saylı tam orta məktəbə baş çəkməli olduq. Məktəbin müəllimlərinin demək olar hamısı Mərzili kəndindən köçkün düşmüş pedoqoqlardır. Onlar yaşadıqları yurd həsrətini gənc nəslə aşılaya-aşılaya onları vətənə bağlı tərbiyə etdilər... Məktəbin direktoru, kimya elmləri namizədi Hüseynalı Hüseynovla, “Tərəqqi” medallı Allahverdi Məmmədovla, hazırda təqaüddə olan şair-tarixçi Yusif Məmmədovla və məktəbin müəllimləri ilə görüşdük. Məktəb Quzanlının mərkəzində-1990-cı illərdə köçkünlər üçün salınmış qəsəbədə yerləşir.

 Hüseynalı Hüseynovla söhbətimizin əsas mövzusu müəllimlərin dərs dedikləri məktəblilərdə işğaldan azad olunmuş torpaqlarımıza qayıdış təsəvvürünü öyrənmək idi. Deyir:

-Şagirlərimiz bizim üçün həm də mənsub olduqları ailələrin daxili informasiya mənbəyidir. Ailədəki əhval-ruhiyyə və ovqat şagirdin davranışında, psixikasında ifadə olunur. İnanın, hər bir sinifdə şagirdlərə 44 günlük Zəfər müharibəmizin yaratdığı qürurlu əhvaldan danışır, sonra azad olunmuş yurda ailələrinin qayıdışını soruşuruq. Özüm dəfələrlə şahidəm ki, belə sual veriləndə hamısı xor ilə “Biz yurdumuza qayıdacayıq!” nidası ilə cavab veriblər. Təbii ki, şagirdlərə onu da izah edirik ki, minalanmış ərazilər təmizlənir, dövlət səviyyəsində yeni-Baş plana uyğun kənd və qəsəbələr salınacaq. Bu tikinti-quruculuqda hamımız iştirak edəcəyik. Şəhid qanı ilə alınmış o yurdlara hamımız qayıtmalıyıq ki, onların da ruhu şad olsun, bu qayıdış ermənilərə göz dağı olsun!

  Məktəbin direktor müavini Allahverdi Məmmədov da eyni qənaəti bölüşür:

-Bilirsiniz, əvvəllər mənə elə gəlirdi ki, işğaldan sonra doğulmuş yeni nəsil çətin ki, o yurdlara qayıtmaqda həvəsli olsun... Amma bu gənclərlə söhbət edəndə görürdüm ki, yox, yeni doğulan nəsil olduqca vətənpərvərdir, yurda bağlıdır. Deməli, ailədə onlara doğru tərbiyə verilib. 44 günlük Zəfər müharibəmizdən sonra isə bəlkə də şagirdlərimizdən ən çox eşitdiyim sual “Müəllim, kəndimizə nə vaxt qayıdacayıq?” idi...

Yusif Məmmədov yaş senzi ilə bağlı təqaüddə olsa da, pedaqoji fəaliyyətini virtual formada davam etdirir:

-Nəvələrim mənə sual verirlər ki, “Baba, kəndimiz azad edilib, nə vaxt ora gedəcəyik?” Yəni, onların 10-12 yaşı var, amma “kəndiniz” demir, “kəndimiz” deyirlər. Bu çox vacib məsələdir. Deməli, işğaldan sonra doğulmuş ən sonuncu-dili təzə söz tutan uşaqlar da işğaldan azad edilmiş yurdları özününkü sayır. Məncə, bu instinqdir, gen yaddaşıdır...

***

...Yolumuzu həm də ermənilərin işğaldan sonra “təmas xətti” kimi uydurduqları cəbhəyanı Ergi qəsəbəsinə saldıq. Burada daha çox Ağdam, Şuşa, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıblar. Qərib və Telman Məmmədovlarla, Teyyub Abdullayevlə, Rasim Əzizovla və digərləri ilə ətraflı söhbət etdik. Birmənalı olaraq hamının sözü bir oldu:

-Biz artıq məcburi köçkün deyilik... Və ən böyük qayğımız və arzumuz isə tezliklə 30 ildir həsrətlə getmək istədiyimiz doğma torpaqlarımıza qayıtmaqdır. “Günümüzü, saatımızı sayırıq ki, daha tez qayıdaq, o yurdlarda ocağımız yansın...”.

***

Qarabağa böyük qayıdış arzulu insanların həsrətinə son qoyulacağına sayılı günlər qalıb. Təbii ki, 30 ildə yerlə-yeksan edilmiş, darmadağın olunmuş əraziləri bu qısa vaxt ərzində bərpa edib yaşamağa başlamaq çətindir. Amma vacib olan budur ki, düşmən nəyi dağıtsa da, insanların içindəki Vətən-yurd istəyini məhv edə bilmədi. Əksinə, həmin o yurd istəyi potensial gücə çevrildi, Şuşa kimi bir tarixi şəhərimizin-qalamızın düşməndən təmizlənməsinə, bayrağımızın bütün azad edilmiş ərazilərdə dalğalanmasına səbəb oldu.

Bəli, Qarabağa olan bu qayıdış gələcəyimizə hesablanmış geri qayıdışdır! Biz gələcəyimizə qayıdırıq-gələcək nəslə keçmişdəki problemləri miras qoymamaq üçün!

Asif MƏRZİLİ

Elbar ŞİRİNOV

(Bakı-Ağcabədi-Ağdam-Bakı)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.7)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN