“Azadlıq, ədalət, milli hökumət .” (Güney Azərbaycanda başlanan ayaqlanmada baş şüar).

Özünü kiminsə qulu sayan azad insan vətəndaş ola bilməz… Ərəbin İslam dininə toxunmadan, onun mahiyyətini açmadan İranın, o cümlədən müsəlman Şərqinin ictimai, siyasi vəziyyətini araşdırmaq, çözmək mümkün deyil. Biz də müsılman olaraq, din əzbərçilərinin göstərişilə İslam dininə tənqidi yanaşmadan çəkinirik, onu müqəddəs bilib toxunulmaz sayırıq. Halbuki bizim müqəddəslərimiz millətimizin, vətənimizin azadlığı yolunda qurban gedən şəhidlərimiz, döyüşərək sağ qalan bahadır qazilərimiz və bu yolda mübarizə aparan milli düşüncə sahiblərimizdir. İran da bunu, yəni dini toxunulmaz saymağımızı yaxşı bildiyindən bizim milli mənlik şüuru olmayan məsullarımızın nəfsindən və bəzi vətəndaşlarımızın zəif düşüncəliliyindən yararlanaraq, din, şiəçilik adı altında öz agentlərini içimizə yeritmişdir. İran öz pozuculuq fəaliyyətini əslində heç ərəb İslamına da dəxli olmayan, farsların İslama calaq vurduqları şiəlik üzərindən, ancaq öz xeyrinə qurur və yeridir. Beləliklə, İran ikitirəlik yaratmaqla bütün müsəlman dinli millətlərin birliyini pozur. Bu təhlükəli düşüncə virusundan qurtulmağın yeganə yolu insanların dinlərdən yaxa qurtarıb bilimə, mədəniyyətə və yeniliyə sarılmağıdır.

***

 …Bizim çoxumuz fars şiəçiliyi, bir hissəmizsə sünni düşüncəsinin hakim olduğu ailələrdə böyümüşük. Demək, bizim düşüncəmiz, ağlımız, dünyagörüşümüz də əsasən şiəçilik və sünnüçilik  mühitində əmələ gəlir, formalaşır və dünyagörüşümüzü, davranışımızı-şiələrdə sünnülərə qarşı, sünnülərdə isə şiələrə qarşı düşmən olaraq müəyyən edir. Bu, millətin ən təhlükəli dini bölücülüyüdür, burada milli birlikdən söhbət gedə bilməz, çünki hər tərəf, o biri tərəfi düşmən sayır.

 Mən, 1979-81-ci illərdə müsəlman Şərqinin, xristian  Avropasından niyə geri qalmasını araşdırdım və  aydınlaşdırdım ki, buna əsas səbəb bizim ümumilikdə ərəb İslamından, yəni sünnülükdən, təriqətlərdən, xüsusilə onun fars qolu şiəçilik təriqətindən hələ də yaxa qurtara bilməməyimizdir. Bu yaxınlarda oxudum ki, hələ, 102 il qabaq, «Difai» qurucusu, böyük fikir adamı Əhməd Ağaoğlu da “Üç mədəniyyət” əsərində müsəlman Şərqinin xristian Avropasından geri qalmasının əsas səbəbi kimi - onun İslam düşüncə tərzindən, qandalından qurtula bilməməyində  görmüşdür… Bildiyimiz kimi insan öz işini, həyatını topladığı ağlı hesabına qurur. Əgər ağlı çoxdursa, işləri yaxşı gedir, yox azdırsa pis gedir. İnsan ağlı isə təbiət qanunlarından irəli gələn obyektiv qanunlara söykənəndə insan qurur, yaradır, inkişaf edir, ancaq bunun əksi olan səhv, yalan, məntiqsizliyə əsaslananda isə inkişafdan geri qalır. İslam dini də bütün dinlər kimi yalan, səhv və qondarma düşüncələrə əsaslandığından insanlarda yanlış düşüncə və mənəviyyat  formalaşdırır ki, bu da onları inkişafdan saxlayır. Buna ən açıq nümunə geridə qalmış, miskin müsəlman Şərqidir…

 İslam dininə kor-koranə inanan, tapınan xalqlar, millətlər islamdakı təriqətlərin sayı qədər… ayrı-ayrı hissələrə parçalandığından onlarda milli birlik yarana bilmir və yarana da bilməz.

Təbiətdən gələn obyektiv reallığa, fakta, sübuta, məntiqə söykənən bilimə (elmə), mədəniyyətə və çeşidli insan yaradıcılığına əsaslandırmalarla inanan insanlar isə eyni bilgiyə, oxşar düşüncəyə, eyni məntiqə inandıqlarından  nəinki eyni soydaşlar, hətta başqa millət və xalqlarla da birləşə bilirlər. Çünki bilimdə, mədəniyyətdə əsaslandırılmış və ağlı olanlar tərəfindən qəbul olunmuş düzgün bir yol, bir üsul, bir qayda olduğu kimi… əsaslandırılmış fərqli düşüncə də ola bilər. Elmdə kor inanca tapınan  barışmaz düşmən ola bilməz, əgər beləsi varsa da onda o, sadəcə yarımçıqdır, yəni tam elmi düşüncəli deyil.

Bu səbəbdən (əsaslandırma səbəbindən) də bilimdəki, insan yaradıcılığındakı fərqlilik, sanki rəngarəng, uyuşan məzmunlu bir çələng yaradır, yoxsa dinlərdəki, təriqətlərdəki kimi kor inanca əsaslanıb fərqli düşüncəni təqib etmir, öldürmür, dağıtmır, yağmalamır, əksinə, əminlik üçün daha əsaslı sübut tələb etməklə ona inkişaf yönü verir, inkişaf etdirir və fikrini tamamlatmaqla  birləşdirir.

***

…Bildiyimiz kimi İİC-ti Şiə dövlətidir, qnunları Qurana, Şəriətə əsaslanır. Şiəlik isə, Ərəb İslamına vurulmuş Pers-Fars calağır. Nə Quran, nə Şiəlik, nə də Şəriət elmə əsaslanmır, kimlərinsə faktsız, sübutsuz, subyektiv… ehkamlardır. Şiələrin kor inancına uyğun olmayanlar, hətta bir ailənin, bir millətin üzvü olsa belə… qəbul olunmur, təqib olunur, öldürülür. İslamda, təriqətlərdə bu dözülməzliyin mənbəi də ziddiyyətlər və  məntiqsizliklər yığını olan Qurandır. Ərəb işğalı, qırğınları, köləliyi, dağıntısı sonucubda zorla islamlaşdırılan bütün xalqlar kimi türklər də  dünyəvi düşüncə tərzindən qoparılıb yalan, saxta, məntiqsiz, obyektiv reallığa uyğun olmayan ərəb-fars İslam cəhalətinə gömüldüyündən 1552-ci ildən bəri artıq 470 ildir ki, bütün alanlarda yadlara uduzmaqda və inkişafdan geridə qalmaqdadır. İslam şeyxləri kitab çapı dəzgahının  Almaniyadan Osmanlıya gətirilməsini 240 il əngəlləməklə müsəlmanların inkişafının qarşısını aldılar. Qərbi Avropa  artıq 234 ildir ki, inqilablar yoluyla xristianlığı cəmiyyətin, dövlətin idarəçiliyindən uzaqlaşdırıb və dini insanların sırf şəxsi işi sayır, kim nə qədər istəyir, başqasının hüquqlarını pozmadan, kilisədə dini ayinlərlə məşğul ola bilər. Ölkələrində liberal demokratik rejim quran bütün toplumlar bu gün başqalarının həsəd apardığı, işləməyə, yaşamağa can atdığı yerdir. İİC insan və vətəndaş hüquqlarının təmin edilməsi, farsdan başqa öz vətəndaşı olan xalqların dillərinindən istifadəsi barədə  özünün Əsas Qanununun tələblərini pozur. Azərbaycan Respublikası Konstitusiyasının 18 maddəsi (Din və dövlət), 48 maddəsi (Vicdan azadlığı), Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1 maddəsi,18 maddəsi, 19 maddəsi və  İran İslam Cümhuriyyətinin  Əsas Qanunun  3 maddəsinin 7 bəndi, 3 maddəsinin 8 bəndi, 3 maddəsinin 10 bəndi, 15  maddəsinə və 39 maddəsinə bax.

Güney Azərbaycan çağdaş dünyanın bir hissəsi olmaq üçün özünün   Milli Demokratik Dövlətini, cəmiyyətini qurmalıdır, çünki indiki halda, artıq yüz ildir ki, onun  əsas insan və vətəndaş hüquq və azadlıqları pozulur.

                          TƏKLİFLƏR:

  1. Güney Azərbaycanda Milli hərakat gizli təşkilatlanmalı və əzici diktaturaya adekvat cavaba hazır olmalıdır.
  2. Milli hərəkatçılar öz üzərində daim çalışmalı, demokratik dəyərləri, yeni texnologiyaları öyrənməlidirlər.
  3. Ərəb, fars dini cəhalətindən qurtulmaq, Azərbaycan latın əlifbasını öyrənməklə, bilimə, mədəniyyətə, dünyəvi dəyərlərə sarılmaq.
  4. Türk dilinin işləkliyini, onun ərəb və fars sözlərindən arındırılmasını təmin etmək.
  5. Öz aralarındakı problemlərin həllini Mollakratiya üzərində qələbədən sonraya saxlamaqla, Molla rejiminə qarşı əzilən xalqlarla birlikdə mübarizə aparmaq.
  6. İran, dövlət büdcəsi və ianələrlə 8 terror təşkilatını maliyyələşdirildiyinə görə, yalandan müqəddəs sayılan obyektlərə nəzir-niyaz verilməməli, ianələr, yalnız azadlığımızı quran milli hərakatçılara verilməli, əyləmlər zamanı başqalarına ziyan vurulmamalıdır.
  7. Azərbaycan Respublikasında diasporalarla işlər tam yenidən qurulmalı – ancaq özünə çalışan Multikultural Mərkəz yeni tərkibdə vətənpərvərlərdən təşkil olunmalı, yalnız millət üçün çalışmalıdır.
  8. Əgər İran dağılarsa, onsuzda başqa xalqlar kimi biz də gücümüz çatan payı - Azərbaycan Milli Ərazisini götürə biləcəyik, ona görə də tarixi Qacarlar yurduna iddia etmək gücümüzün çatışmayacağı, parçalanacağı, başqa İran xalqları və dünya güclərinin bizə qarşı olacağı üzündən uğursuzluğa düçar olacağımız labüddür. Necə deyərlər, çox yemək, adamı az yeməkdən də qoya bilər... Yəni, səhv taktiki yanaşma üzündən uğursuzluq bizi əsas strateji hədəfdən, yəni  Güney Azərbaycanın istiqlalını əldə etməkdən də uzaq  sala  bilər. İranda, Azərbaycan Milli Ərazisində öz istiqlalını qurmaq isə bizim beynəlxalq hüquqa uyğun  təbii haqqımızdır.
  9. Azərbaycan və Türkiyə İranın və Rusiyanın dağılmasına hazır olmalı, bu ölkələrdəki soydaşlarımızın milli özəlliklərini, öz müqəddəratını təyin etmə hərakatlarını beynəlxalq hüquqa uyğun olaraq dəstəkləməlidir.

10.İrandakı soydaşlarımızın  həyatına real təhlükə yaranacağı halda, onların varlığını qorumaq üçün, Azərbaycan və Türkiyə özünün təbii, mənəvi borcuna uyğun olaraq, Güney Azərbaycana qoşun yeritməli, sabitlik yaratdıqdan sonra onları öz ixtiyarlarına buraxmalıdırlar. Bu, beynəlxalq hüquqa və oxşar hallara uyğundur.

11.Rusiyadakı soydaşlarımızın həyatına real təhlükə yaranacağı halda, onların varlığını qorumaq üçün, Türk Dövlətlər Təşkilatı özünün təbii, mənəvi borcuna uyğun olaraq, həmin əraziyə  qoşun yeritməli, sabitlik yaratdıqdan sonra onları öz ixtiyarlarına buraxmalıdırlar. Bu, beynəlxalq hüquqa və oxşar hallara uyğundur.

Məmmədxan Əzizxanlı,

Hüquqşünas

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN