Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasa jurnalistlər buraxılmır. Aylardır davam edən, açıq keçirdiyi elan olunan məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da onun qanunsuz göstərişinə susqunluq nümayiş etdirir. Ötən gün keçirilən məhkəmə prosesdə zərərçəkən şəxs Əfsəl Həsənəliyevin qanunsuz həbsi, ondan rüşvət alınması epizodu üzrə şahidlərin dindirilməsi ilə davam etdirildi.
“Yasin Məmmədov barmağı ilə 1 göstərdi”
Şahid qismində vəkil Arif Həbibzadə sərbəst ifadə verdi. Bildirdi ki, Əfsəl Həsənəliyev MTN-də həsdə olarkən onun vəkili olub: “2013-cü ilin sentyabrında Əfsəlin arvadı Niyar Həsənəliyeva mənə zəng edib dedi ki, MTN əməkdaşları Əfsəli tutub. Səhəri gün Bakıya gəlib MTN-ə getdim. Orada İstintaq Baş İdarəsinin rəis müavini, istintaq qrupunun rəhbəri Yasin Məmmədova orderi təqdim etdim, cinayət işinin başlanması haqqında qərarın surətini aldım. Yazırdılar ki, Əfsəl Həsənəliyev, Cahangir Məmmədov, Orxan Abdullayev, Məcid Anqubazov və digərləri Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə külli miqdarda pirotexniki məmulatları Azərbaycan ərazisinə keçiriblər. 2013-cü ilin sentyabr - oktyabr aylarında MTN-in İstintaq Baş İdarəsində Yasin Məmmədov və Nadir Mustafayevin otaqlarında keçirilən istintaq hərəkətləri zamanı Yasin Məmmədov bir neçə dəfə Əfsəldən mənim yanımda ondan pul istəyirdi. Yasin Məmmədov barmağı ilə 1 göstərdi. Soruşdum ki, 10 min istəyirsiz? Cavab verdi ki, 1-in yanına 5 sıfır qoy. Əlavə etdi ki, cənab nazirin göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır. Mən də dedim ki, Əfsəlin 100 min nədir, heç 100 dənə biti yoxdur. Bundan sonra Əsfələ də dedim ki, bunlara rüşvət vermə, hərəkətləri qanunsuzdur. Bunlar neylədilər – Əsfələ təzyiq göstərdilər, məndən imtina etdirdilər. Özlərinin təqdim etdikləri vəkili Əsfəl Həsənəliyevə caladılar, məcbur elədilər ki, onunla müqavilə bağlasın. Əfsəllə ailəvi dostuq. Ona görə də məndən imtina etsə də, baş verənlərdən məlumatlı idim. Bilirdim ki, ailəsindən pul tələb edirlər. Siyəzəndə yaşayırdım deyə gəlib getməyə çətinlik çəkirdim. Əsfəl azadlığa çıxandan sonra bildim ki, onu məcbur ediblər ki, 50 min dollar pul versin. 7 min istintaq dövründə alıblar. Xəstə adı ilə azad edib vaxt veriblər ki, qalan pulu da versin. O da evini banka girov qoydu və aldığı pulu aparıb Yasin Məmmədova verdi. Yasin Məmmədov mənim yanımda Əsfəldən dəfələrlə pul tələb edirdi, “100 min manat gətir, səni evə buraxım” deyirdi. Yasin Məmmədov pulu utanmadan, çox rahat şəkidə tələb edirdi. Yasin Məmmədov hər dəfə mənə deyirdi ki, “get Əfsəlin qohumları ilə danış, 50 min manat düzəldib gətirsinlər ki, Əfsəli buraxım” deyirdi.
Şahidin sözlərinə təqsirləndirilən Yasin Məmmədov etiraz etdi, Arif Həbibzadənin ünvanına təhqiramiz sözlər işlədərək yalan danışdığını dedi. Şahid isə təqsirləndirilən şəxsin onu təhqir etməməısini irad kimi deyərək yalan danışdığını bildirdi.
“Anar Hacıyev zəng edəndə də açıq-aşkar deyirdi ki, pulu istəyən Yasin müəllimdir, mən deyiləm”
Növbəti şahid MTN-də müstəntiq işləmiş Anar Hacıyev oldu. Anar Hacıyevin dindirilməsi Əsfəl Həsənəliyev MTN təcridxanasından buraxılandan sonra dəfələrlə onunla əlaqə saxlaması ilə bağlıdır. Zərərçəkən Əsfəl Həsənəliyev ifadəsində deyib ki, həbsdən azad ediləndən sonra müstəntiq Anar Hacıyev dəfələrlə onunla əlaqə saxlayıb. Həmin zənglərlə istintaq qrupunun rəhbəri Yasin Məmmədovun pulun qalan hissəsini gətirməsini tələb etdiyini deyib. Məhkəmədə şahid qismində dindirilən Anar Hacıyev Əsfəl Həsənəliyev həbsdən azad ediləndən sonra dəfələrlə onunla əlaqə saxladığını təsdiqlədi. Dedi ki, Əfsəl Həsənəliyev həbsdən azad edildikdən sonra ona zəng etməkdə məqsədi MTN-ə dəvət edib iş üzrə rəylərlə tanış etmək olub.
Zərərçəkən Əsfəl Həsənəliyev isə dedi ki, Anar Hacıyev Yasin Məmmədovun rəis müavini olduğu idarədə müstəntiq işləyib: “Anar Hacıyev zəng edəndə də açıq-aşkar deyirdi ki, pulu istəyən Yasin müəllimdir, mən deyiləm”. Şahid isə bildirib ki, Yasin Məmmədovun tapşırğı ilə Əsfəl Həsənəliyevi yığıb, amma ondan pul istəməyib.
Maraqlı burasıdır ki, Əfsəl Həsənəliyev həbsdən azad edildikdən sonra MTN inzibati binasına daxil olduqdan sonra onunla hər hansı istintaq hərəkəti aparılmamışdır. Bu isə Əfsəl Həsənəliyevin ondan pul tələb edilməsinə dair verdiyi ifadələrin doğruluguna dəlalət edir.
“Bu adamlar zərərçəkənlərdən aldıqları pullarla arvad-uşaqlarına pal-paltar alıblar”
Bundan sonra iş üzrə zərərçəkən, MTN-dən azad ediləndən sonra intihar etmiş mərhum Cahangir Məmmədovun hüquqi varisi olan qardaşı Arif Məmmədov şahid qismində ifadə verdi. “Qardaşım Cahangir beynəlxalq yük daşımaları ilə məşğul olurdu. 2013-cü ildə onu MTN-nin əməkdaşları tərəfindən tutmuşdular. Sonradan Cahangirin Əfsəl Həsənəliyev, Sərdar, Orxan, Məcid və Elman adlı şəxslərlə birlikdə Gürcüstandan pirotexniki məmulatları və yapışqan lentləri Azərbaycan ərazisindən tranzitlə keçirməklə İran İslam Respublikasına apararkən MTN əməkdaşları tərəfindən tutulduğunu öyrəndim. Hamı bildirdi ki, onların əməlində cinayət yoxdur. Amma Cahangiri 3 ay müddətinə həbs elədilər. O zaman işi Yasin Məmmədov aparırdı. Cahangir tutulduqdan təxminən 1 ay sonra Yasin Məmmədov qardaşım Məzahirə zəng edib öz xidməti otağına çağırmışdı. Orada Cahangiri həbsdən azad etməsi üçün Məzahirdən 100 min manat pul istəmişdi. Məzahir də demişdi ki, bizdə o qədər pul yoxdur. Məzahir MTN-dən çıxıb mənim yanıma gəldi. O zaman məndə 30 min manat pul var idi. 20 min manat da Oruc Cabbarovdan borc aldım. Növbəti görüş zamanı Yasin Məmmədov Məzahirə demişdi ki, rəhbərlikdən razılıq alıb və 80 min manat veriləcəyi təqdirdə Cahangiri həbsdən azad edəcəklər. Yasin Məmmədov 50 min manatı alsa da, Cahangiri azad etmədilər. Məzahirdən əlavə 30 min manat pul tələb edirdi. Yeznəmiz Süleyman həmin vaxt 23 min 500 manat pul verdi. Yerdə qalan 6 min 500 manatı isə Cahangirin arvadı Yeganə Məmmədova Hafiz adlı şəxsdən faizlə borc almışdı. Məzahir 30 min manat pulu da Yasin Məmmədova vermişdi. 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alıb həbsdən azad etdi”.
Arif Məmmədov deyib ki, qardaşı Cahangir Məmmədov həbsdən çıxandan sonra çox sıxıntı keçirib: “Bu gün bu adamlar burada törətdikləri cinayətləri boyunlarına almırlar. Amma cinayətləri ortadadır. Bu adamlar zərərçəkənlərdən aldıqları pullarla arvad-uşaqlarına pal-paltar alıblar. İndi də üzümüzə dirənirlər”.
Məhkəmə zalından zərərçəkənlərin “haram xoşları olsun” replikası eşidilir. “Cahangir həbsdən çıxandan sonra özünə gəlmirdi. Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsində özünü atdı, həyatına son qoydu. Bu adamlar özlərini elə aparırlar ki, guya heç nə baş verməyib. Zərərçəkənlərdən aldıqları pullar hesabına özlərinə həyat qurub arvad-uşaqlarının əyninə pal-paltar alıb ortalıqda gəziblər. Bu cinayətlərə görə cavab verməlidirlər. Mənim qardaşımın ailəsi də dağıldı”.
Cahangir Məmmədovun ölüm işi yenidən araşdırlsın!
Arif Məmmədov vəsatət verərək məhkəmədən xahiş edib ki, qardaşı Cahangir Məmmədovun ölüm ilə bağlı xitam olunmuş cinayət işi qanunamüvafiq olaraq istintaqa qaytarılmaqla yenidən araşdırılsın.
Arif Məmmədova sual verən təqsirləndirilən şəxs Yasin Məmmədov isə bütün etik çərçivələri aşaraq hədə tonu ilə bildirdi ki, Arif Məmmədov gözünün içinə qədər yalan danışır, qardaşının ölümündən istifadə edərək pul qazanmaq istəyir.
Yasin Məmmədovun belə təhqiramiz və məhkəməyə aşkar hörmətsizlik ifadə edən hərəkəti zərərçəkmiş şəxslərin kəskin münasibət bildirməsinə səbəb oldu. Vəkil Osman Kazımov isə Yasin Məmmədovun bu hərəkəti ilə baglı məhkəməyə etirazını bildirdi. Buna qədər təqsirləndirilənin qanunsuz hərəkətinə susqunluq nümayiş etdirən hakim Yasin Məmmədova irad bildirdi.
“Dedi ki, “rəhbərliyin bu işdən xəbəri var, 100 min manat gətir, qardaşını buraxaq”
Mərhum Cahangirin Məmmədovun digər qardaşı Məzahir Məmmədov da şahid qismində ifadə verdi.
Dedi ki, qardaşı Cahangir İran, Ukrayna, Gürcüstan və Rusiya Federasiyasından sifariş verilən malları yük avtomobilləri ilə aidiyyəti ölkəyə daşımaqla məşğul olub: “2013-ci ilin sentyabrında MTN Cahangiri tutmuşdu. İş Yasin Məmmədovda idi. O zaman Yasin Məmmədov zəng eləyib məni MTN-ə çağırdı. Dedi ki, “rəhbərliyin bu işdən xəbəri var, 100 min manat gətir, qardaşını buraxaq”. O qədər pulumuzun olmadığını dedim. Həmin pulu toplamaq üçün metronun qabağında əl açıb dilənməli olduğumuzu da Yasinə dedim. MTN-dən çıxandan sonra qardaşım Arifin yanına getdim, dedim ki, Cahangirin azad edilməsi üçün Yasin Məmmədov 100 min manat pul tələb edir. Bir neçə gün sonra Yasin Məmmədov yenə zəng elədi, məni MTN-ə çağırdı. Yasin Məmmədovun iş otağına getdim, söhbət zamanı Yasin Məmmədov dedi ki, rəhbərliklə razılaşmışam, 80 min manat gətirin, Cahangiri xəstəliyinə görə həbsdən azad edək”. Yasin Məmmədova dedim ki, qohum əqrəbadan 50 min manat pul yığmışıq, verək Cahangiri həbsdən buraxın. Bundan bir neçə gün sonra Yasin Məmmədov mənə zəng elədi, dedi ki, 50 min manatı gətir, yerdə qalanı isə tapıb sonra gətirərsən, əgər gətirməsən qardaşını həbsdən buraxan deyilik! Yasin dedi ki, 50 min manatı götürüb MTN-in arxa qapısına gəl, adam göndərirəm, gəlib səndən pulu götürəcək. Ora getdim, bir qədər sonra bir nəfər avtomobilimə əyləşdi, dedi ki, onu Yasin Məmmədov göndərib. 50 min manat pulu alıb getdi. Səhəri gün Yasin Məmmədov yenə də mənə zəng elədi, yerdə qalan 30 min manatı da hazırlamasını tapşırdı. Yenidən pul topladıq, Yasin Məmmədova zəng edib pulun hazır olduğunu dedim. Yasin də dedi ki, pulu götür gəl həminki yerə, adam göndərəcəm, gəlib səndən götürəcək. Yenə MTN-in arxa qapısının yanına getdim, Yasin bu dəfə ona başqa bir nəfər cavan oğlanı göndərmişdi. Həmin 30 min manat pulu ona verdim. 1-2 gün sonra Cahangir həbsdən azad edildi”.
“MTN mənim qanadımı qırdı, məni borca saldı, evimi satdırdı, ailəmi çöllərə saldırdı”
Məzahir Məmmədov deyib ki, qardaşı həbsdən azad ediləndən sonra sıxıntı keçirib: “Cahangir özünə xəsarət yetirmişdi. Onu “Azərsutikinti” xəstəxanasına aparmışdıq. Gecə Cahangirin yanında qaldım. Söhbət zamanı Cahangir deyirdi ki, “MTN məni müflis elədi, məni borca saldı, bir quşun qanadını qırıb buraxsalar nə hala düşər? MTN mənim qanadımı qırdı, məni borca saldı, evimi satdırdı, ailəmi çöllərə saldırdı”. Onu sakitləşdirməyə çalışırdım. Vəziyyəti yaxşılığa doğru gedirdi deyə mən səhər xəstəxanadan çıxıb evə gəldim. Az keçmədi ki, zəng elədilər, dedilər ki, Cahangir xəstəxananın mətbəxinin pəncərəsindən özünü ataraq öldürüb”.
“Yasin Məmmədova verdiyimiz 80 min manat pul borc sahiblərinə qaytarılmalı idi”
Şahid deyib ki, qardaşının başına gələnlər birbaşa olaraq qanunsuz həbsi, evinin satdırılması və ondan tələb olunan rüşvəti vermək üçün külli miqdarda borca düşməsi ilə əlaqəlidir: “Yasin Məmmədova verdiyimiz 80 min manat pul borc sahiblərinə qaytarılmalı idi. Cahangir bunun üçün evini satmışdı, müflisləşmişdi. Ailəsində də narazılıq yaranmışdı”.
“Gözünün içinə qədər yalan danışırsan”
Bundan sonra vəkil Osman Kazımov Yasin Məmmədova bir neçə sual verdi. Məlum oldu ki, Cahangir Məmmədov həbsdə olduğu zaman Yasin Məmmədov dəfələrlə qardaşı Məzahir Məmmədovla əlaqə saxlayıb. Vəkil Yasin Məmmədovun Məzahir Məmmədovla əlaqə saxlamasının səbəbini soruşdu. Yasin Məmmədov dedi ki, Məzahir Məmmədovla əlaqə saxlamaqda məqsədi Cahangir Məmmmədov üçün sovqat gətirilməsi ilə bağlı olub. Vəkil isə dedi ki, təcridxanaya ərzaq baglamalarının verilməsi təcridxananın rəisi səviyyəsində həll olunur. Vəkil Osman Kazımovun "Məzahir Məmmədovu iş üzrə şahid qismində dindirmisinizmi" sualına Yasin Məmmədov dindirməmişik deyə cavab verib. Vəkil "əgər şəxsi aparılan istintaq işi ilə baglı dindirməmisinizsə onda Məzahir Məmmədovu hansı əsaslarla MTN-nin inzibati binasına istintaq idarəsinə dəvət edərək qəbul etmisiniz?" sualına Yasin Məmmədov onu ancaq ərzaq baglamalarının qəbulu ilə baglı qəbul etmişəm cavabını vermişdir. Vəkilin " Əgər siz deyən həqiqətdirsə nə üçün bu barədə istintaq təcridxanasının rəisi ilə danışaraq ərzaq baglaması məsələsini həll etmir, şəxsi qəbul edirdiniz" sualına Yasin Məmmədov insanı münasibət göstərirdim cavabımnı vermişdir. Zərərçəkmiş Hüseyin Səfərovun şahid Məzahir Məmmədova "Yasin Məmmədovun cavabını eşitdiniz.O bildirir ki, sizi güya ərzaq qəbulu ilə baglı qəbul edib.Bu barədə nə deyə bilərsiniz" sualına şahid Məzahir Məmmədov dedi ki, Yasin Məmmədov yalan danışır. Qardaşı həbsdə saxlanıldığı müddətcə hər həftənin 2-ci günü təcridxanaya sovqat aparıblar. Hər dəfə də sovqatı normal şəkildə qəbul ediblər. Heç bir məhdudiyyət qoyulmayıb. Yasin Məmmədov məni rüşvətlə baglı söhbətə dəvət edib" cavabını verdi. Hüseyin Səfərovun bu sualından sonra Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov və Yasin Məmmədov zərərçəkmiş Hüseyin Səfərova kobud sözlərlə müdaxilə etdilər. Məhkəmə prosesində gərginlik yarandı.
Mərhum Cahangir Məmmədovun digər qardaşı Arif Məmmədov da Yasin Məmmədovun yalan danışdığını dedi: “Siz bizim kimi kişilərin hesabına arvadlarınıza, qızlarınıza pal-paltar almısız, burada da üzümüzə dirəşirsiz. Gözünün içinə qədər yalan danışırsan Etdiyiniz əməldən peşman olmaqdansa bizi hələ təhdiid də edirsiniz.”.
Digər şahid isə Süleyman Məmmədov oldu. O, Cahangir Məmmədovun yeznəsidir. Cahangir Məmmədovun həbsdən azad edilməsi üçün yaxınlarına borca pul verdiyini deyib. Növbəti şahid Oruc Cabbarov da Cahangir Məmmədov həbsdə olarkən yaxınlarına borca pul verib. Şahid ifadəsində deyib ki, 2013-cü ilin oktyabrında Arif Məmmədov ona zəng edib: “Dedi ki, qardaşı Cahangirin işinə görə MTN-də onlardan pul istəyirlər. Dedi ki, çox pul lazımdır, sən nə qədər verə bilərsən? Mən də cəmi 20 min manat pulumun olduğunu dedim. Pulu evdən götürüb Arifə verdim. Arif həmin vaxt dedi ki, Cahangiri həbsdən azad etmək üçün MTN-də onlardan 100 min manat pul istəyirlər. Lakin pulu istəyən MTN əməkdaşının kim olduğunu demədi. 2013-cü ilin dekabr ayında Cahangirin həbsdən buraxıldı. Onu müflis etmişdilər, çətin duruma salmışdlar. 2015-ci ildə eşitdim ki, Cahangir bu işlə baglı rüşvət verilmiş pullarla əlaqədar borcları ödəyə bilmədiyi üçün intihar edib. Bundan sonra proses fevralın 15-nə qədər təxirə salınıb.
Təqdim etdi: E.Məmmədli