"Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür."

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Prezident İlham Əliyevin müraciəti

- Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN