“Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazını qıldığı Üsküdardakı Hz. Əli məscidinin çıxışında mətbuat nümayəndələrinin gündəmlə bağlı suallarını cavablandırıb.
TRT-nin məlumatına görə, Prezident Ərdoğan öncə BƏƏ lideri Əl Nəhyanın uzun sürən xəstəlikdən sonra rəhmətə getdiyini və başsağlığı vermək üçün səfərə gedəcəklərini bildirib. Daha sonra Finlandiyanın NATO-ya üzlük məsələsinə toxunaraq bildirib ki, “hazırda İsveç və Finlandiyadakı hadisələri izləyirik”.
“Amma müsbət fikirdə deyilik. Çünki bizdən əvvəlki administrasiyalar Yunanıstanla bağlı NATO mövzusunda səhvə yol vermişdilər. Arxasında NATO olan Yunanıstanın Türkiyəyə münasibətini bilirsiniz və biz Türkiyə olaraq bu mövzuda ikinci bir səhv etmək istəmirik. Qaldı ki, Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir. PKK-sı, DHKPC-si İsveç və Hollandiyada yerləşir. Daha da irəli gedirəm - onların parlamentlərində yer alır. Ona görə də buna müsbət baxmağımız mümkün deyil”, - deyə bildirib.
Xatırladaq ki, mayın 12-də Finlandiya prezidenti Sauli Niiniste və baş nazir Sanna Marin ölkənin NATO-ya qəbulunu dəstəklədiklərini rəsmən bəyan ediblər.
Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya rəhbərliyi Finlandiyanın NATO-ya daxil olması ssenarisini istisna etmir.
"Həmişə müxtəlif variantları nəzərdən keçirmişəm və təhlil etmişəm. Biz artıq dəfələrlə demişik ki, NATO-nun genişlənməsi dünyanı və Avropa qitəsini daha sabit və təhlükəsiz etmir", - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, NATO-nun genişlənməsi, şübhəsiz ki, Rusiyanı təhdid edir. Finlandiyanın Şimali Atlantika Alyansına qəbul ediləcəyi təqdirdə Moskvanın müəyyən cavab verib-verməyəcəyindən danışarkən o, bildirib ki, hər şey bu genişlənmə prosesinin necə ifadə olunacağından, hərbi infrastrukturun nə qədər Rusiya sərhədlərinə yaxınlaşmasından asılı olacaq.
Çərşənbə günü Finlandiyanın NATO-ya qoşulmaqla Rusiyanı təhrik edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran prezident Sauli Niiniste "Mən (Putinə) cavab verərdim ki, buna sən səbəb oldun - güzgüyə bax", - cavabını verib.
Bu gün isə Finlandiya Prezidenti Sauli Niiniste Rusiya Prezidenti Vladimir Putinə zəng edəcəyini açıqlayıb və qeyd edib ki, o, bununla göstərmək istəyir ki, qərarlar verib gizlənən adam deyil.
Y.MƏMMƏDLİ